İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...

17-11-2018, 08:11           
İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...
Nəyi tərpədirsən uçub dağılır. London biabırçılığının gündəmdən çıxmadığı, Ağdamın Şelli kəndində erməninin məktəb açmasının şokunu hələ ata bilmədiyimiz bir vaxtda, ümumiyyətlə saysız-hesabsız problemlər içində boğulan məmləkətdə Azərbaycanın elm, din, parlament, diplomat heyətinin Madriddəki sərgüzəştlərinə baxıb, ölkənin başının üstündə çoxdan dolaşan fəlakət kabusunun daha da sıxlaşdığını görməmək və ”...vətən, nə gündəsən” deməmək mümkün deyil.

Keçmiş universitet rektorunun məlum İspaniya qalmaqalına hər kəs öz prizmasından yanaşa və qiymət verə bilər. Əslində qiymət veriləsi bir məsələ yoxdu. Hər şey məntiqi nəticəsinə gətirib çıxarır. Ölkədə əksəriyyət öz işi ilə məşğul deyil, çoxları tutduğu dövlət vəzifəsindən maksimum yararlanmağa çalışır, daha doğrusu, elə bu məqsədlə məmur olurlar. Kənd icra nümayəndəsi vəzifəsini tutanın da, ən böyük nazirlərin də, onlardan yuxarıların da, öz miqyasında vəzifədən yararlanmağı var. Elm və din xadimlərinin isə monopoliyaya aldıqları rəngarəng biznesləri haqqında cəmiyyətdə neçə illərdir söhbətlər dolaşır, hətta lətifələr danışırlar. Hər kəs maddiyyatını yaxşılaşdırmağın yolunu, tutduğu vəzifənin səlahiyyəti çərçivəsində axtarır, görür. Böyük bir aparatda işləyən məmur tanışım deyir ki, iş vaxtı başlayanda, poçta, məktublara, sənədlərə baxandan sonra hamı telefondan yapışıb biznesini idarə etməklə məşğul olur. Bu olayda diqqətimi çəkən keçmiş rektorun hərəkətləri yox, İspaniyadakı Azərbaycan səfirinin şərab biznesinin dolambac yollarına baş vurması oldu. Ukraynadakı Azərbaycan səfirinin heç də xoş olmayan hərəkətləri haqqında ölkə mətbuatında yazılar bitməmiş Qərbi Avropa dövlətində bizi təmsil edən diplomatın İspan çaxırı biznesi ortaya çıxdı. İspaniyanın Katoloniya ağrısını yaşadığı bir vaxtda, ideal bir şəraitin yetişdiyi zamanda, bu ölkənin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək haqqında rəsmi bəyanatına, hətta təbliğatına nail olmaqdansa şərab alverinə girişməyin nəticəsidir ki, erməni Ağdamın Şelli kəndində məktəb açır və heç nə olmamış kimi də hamı susur. Ukraynadakı davanın mahiyyətində də ölkənin maraqlarının bir səfir kimi təmin edilməsində bacarıqsızlığı yox, ailəsinin adına olan restoranın öz adına keçirmək kimi iddialar yer alır. Pul yeyintisindən danışılır. Düzdü, bizim səfirlərin hətta uzaq Avstraliyada belə çirkli biznesləri haqqında zaman - zaman dövrü mətbuatda yazılar gedib, araşdırmalar aparılıb, diplomat statusuna yaraşmayan hərəkətlər barədə informasiyalar yayılıb, amma indiyədək kimsə bu işdə nəinki cəza, heç tənbeh də almayıb. Yəni, belə hallar yenilik deyil. Bu hesabla yazılmayan halların daha çox olması ehtimalı da yüksəkdir.

Görəsən, xaricdə Qarabağ problemi ilə məşğul olan səfir varmı? Yox! Kəskin ittihamdır, amma reallıqdır. Xocalı faciəsinin hər ildönümündə səfirliklərdə növbətçi xaricilərdən birini tutub Az.TV-yə müsahibə verdirməkdirmi Qarabağ problemi ilə məşğul olmaq? Diplomatlardan biri deyirmiş ki, bir yerli alkoqolik professor tapmışdıq, hər Xocalı faciəsinə dəvət edəndə professor içəri girər – girməz “şərab hanı?” sualını verir, tələsdiyini deyib, iki kəlmə müsahibə verir, sonra da içdiyini içib, içmədiyi şərab hədiyyələrini də götürüb gedirdi. Bəzi səfirliklər diplomatik nümayəndəlikdən, dövlətin maraqlarını həmin ölkədə təmsil etmək və gecə-gündüz çalışmaqdan çox ticarət nümayəndəliyinin funksiyasını yerinə yetirən qurum təsirini bağışlayır.

Universitet rektorunu indiyədək çox əməllərinə görə işdən çıxarmaq olardı, amma indi rektoru nə şərab biznesinə, nə dava salmasına, özünü apara bilməməsinə görə deyil, ağzından qaçırdığı iki kəlməyə görə azad ediblər: ”İstəsəm ölkədə tələbələrimin əli ilə sabitliyi pozaram”.

Belə bir ifadənin deyilib-deyilmədiyi xəbər verənin vicdanına yazılsın. Vicdan da elə bir anlayışdır ki, onu hər adamın dərk etməsi bir qədər çətin məsələdir. Bu, “sabitliyi pozaram” tezisi sizə təxminən “mənim də gücüm var, mən də kimlərisə ayağa qaldıraram” təsirini bağışlamır ki? Məsələn, elə Madrid sərgüzəştlərinin iştirakçıları da dolayısı yolla öz güclərini nümayiş etdirə bilmək üçün deyə bilərdilər ki, ”yoxsa klanı ayağa qaldıraram”, din xadimi deyə bilər ki, “başda şiələr olmaqla dindarların qabağını alan mənəm, yoxsa...”, icra başçıları rayonları ayağa qaldırar, hər bir nazir də tabeliyində olan qüvvələri? Absurd teatrına bənzəmirmi? Zatən burda baş verənlər hamısı absurddur. Tolerantlıq tədbiri, şərab, sərxoşlar və şeyx, diplomat-rektor biznesi, dava- qalmaqal...

Harvard Universitetinin rektorunun tələbələrini Amerika Birləşmiş Ştatlarının dövlət sabitliyini pozmağı ağlından keçirməsini təsəvvür edə bilərsinizmi? Belə çıxır ki, kimin tabeliyində nə qədər adam varsa onlara “potensial təxribatçılar” kimi baxırlar...

Çox pis tendensiyadır və nədən qaynaqlandığını dərk etmək üçün yüksək ağıla malik olmağa ehtiyac yoxdur.

İlham İsmayıl












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.