Prezidentin qərarı - Ziya Məmmədov bacarmır.. - TƏHLİL

13-10-2015, 20:23           
Prezidentin qərarı - Ziya Məmmədov bacarmır.. - TƏHLİL
Hazırda gündəmin əsas mövzularından biri nəqliyyat naziri Ziya Məmmədov və yaxınlarının ətrafında cərəyan edən hadisələrdir

Proseslərin inkişafı Ziya Məmmədovun artıq hakim komandada yerini itirdiyini göstərir.

Onun nəzarət etdiyi bir çox sahələrin digər qurumlara verilməsi, qardaşının və qohumlarının seçkilərdə iştirakına qadağa qoyulması, yaxınlarının rəhbərlik etdiyi sahələrdə yoxlamaların aparılması, bəzilərilə bağlı cinayət işinin açılmasına dair məlumatlar Ziya Məmmədovun başının üzərində “qara buludların” getdikcə sıxlaşdığından xəbər verirdi.

Nazirin son aylar nəqliyyat sektoru ilə bağlı keçirilən bütün tədbirlərdən kənarda saxlanılması isə artıq onunla bağlı siyasi qərarın da verildiyini təsdiqlədi. Bu baxımdan dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ziya Məmmədovun iştirak etməməsi təəccüblü olmadı. Sadəcə bir daha ölkə başçısının Ziya Məmmədovu yanında görmək istəmədiyinə dair mülahizələri doğruladı.

Bunun səbəbləri ilə bağlı, əlbəttə müxtəlif fikirlər, ehtimallar var. Dəqiqi yəqin ki, nə vaxtsa ortaya çıxacaq.

Ancaq dünən Prezidentin çıxışından belə bir fikir yarandı ki, Ziya Məmmədov müasir dövrün tələblərinə uyğun işini qura bilmr. Daha dəqiqi, Azərbaycan dövləti nəqliyyat sektorunun inkişafına, infrastrukturun qurulmasına böyük vəsaitlər yatırsa da, burdan gözlənilən səmərəni götürə bilmir. Bunun da bir səbəbi Nəqliyyat Nazirliyinin fəaliyyətsizliyidirsə, digər tərəfdən xarici şirkətlərə, iş adamlarına qarşı qeyri-qanuni tələblərin irəli sürülməsidir. Sitat: “İndi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır!”

Prezidentin çıxışından o da məlum oldu ki, Ziya Məmmədov eyni zamanda Nəqliyyat Nazirliyini bu sahədə dövlət siyasətini həyata keçirən bir orqana çevirə, nəqliyyat sahəsində fəaliyyət göstərən müxtəlif qurumların fəaliyyətini koordinasiya etmək vəzifəsini yerinə yetirə bilməyib. Nəticədə hər bir qurum öz maraqlarından çıxış edir ki, bu da xarici iş adamlarının yükdaşımada Azərbaycanı tranzit ölkə kimi seşməsinin qarşısını alır.

Sitat: “Burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin”.

Dövlət başçısının şəhər nəqliyyatında “BakuBus”un fəaliyyətini genişləndirməsinin zəruriliyini bəyan etməsi onun Ziya Məmmədovun nəzarətində olan bu sahədən də narazılığını ortaya qoydu.
Bir sözlə, dövlət başçısı açıq mətnlə Ziya Məmmədovun bu gün nəqliyyat naziri kimi üzərinə düşən vəzifələri icra edə bilmədiyini bəyan etdi. Prezident bu sahədə çox ciddi koordinasiya işləri aparılmalı olduğunu və bununla bağlı yaxın vaxtlarda ona konkret təkliflər veriləcəyini dedi. Böyük ehtimalla, bu təkliflərin müəllifi də yeni nəqliyyat naziri olacaq. Buna görə artıq əminliklə demək olar ki, Ziya Məmmədov getdi!

Prezidentin nəqliyyat sektoru ilə bağlı çıxışının həm mətnini, həm də video variantını təqdim edirik:

“Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.

Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb. Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz siyasətini göstərib. Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq.

Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. “BakuBus” avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır. Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Hesab edirəm ki,“BakuBus”ın fəaliyyəti genişləndirilməlidir . Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar “BakuBus”a üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün müəyyən vəsait nəzərdə tutulmalıdır. Biz hər il əlavə avtobuslar almaqla “BakuBus”ın fəaliyyətini daha da genişləndirə bilərik.”(azpolitika.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.