“Prezident sahibkarların yanında olduğunu bir daha bəyan etdi” - Reaksiya

13-10-2015, 20:53           
“Prezident sahibkarların yanında olduğunu bir daha bəyan etdi” - Reaksiya
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda sahibkarlara yaradılan süni əngəllərdən danışıb. Ölkə rəhbəri bildirib ki, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar.

Dövlət başçısı nazirlərin də əyləşdiyi toplantıda xüsusi olaraq vurğulayıb ki, məmurlar bəzi hallarda sahibkarlardan pul tələb edirlər:

“Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. 9 ayda 67 minə yaxın iş yeri yaradılıb, 30 min bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə də məlumat verilsin. İş yerlərini bağlayan sahibkarları dəvət edib, soruşmaq lazımdır... Əlbəttə, bunun obyektiv səbəbləri var, amma subyektiv səbəbləri də var. Gəlirlər əsassız tələblər irəli sürürlər, sanki kimsə bunlara borcludur. Heç kim, heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu bizim siyasətimizə ziddir, digər tərəfdən imkan vermir ki, iqtisadiyyatımız inkişaf etsin. İmkan vermirlər sahibkarlar ölkədə rahat işləsinlər”.

Ölkə başçısının daha səbrimiz tükənib mesajı kimlərə ünvanlandı? Sahibkarların fəaliyyətinə süni müdaxilələr daha çox paytaxtda, ya bölgələrdədir? Bu özbaşınalığın aradan qaldırılması üçün tezliklə hansı yollara baş vurulacaq? ASAN xidmət modeli bu özbaşınalığın qarşısını birbaşa ya mərhələli şəkildə almağa qadirdir?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov Hafta.az-a açıqlamasında bildirib ki, prezidentin dünənki müşavirədəki qeydləri və verdiyi tapşırıqlar birmənalı şəkildə ondan xəbər verir ki, ölkə başçısı sahibkarların üzləşdiyi problemlərdən xəbərdardır:

“Cənab prezident siyasi iradə nümayiş etdirərək sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bu həm də onun göstəricisidir ki, o, məhz sahibkarların yanındadı və buna görə də məmurlara ciddi şəkildə xəbərdarlıq etdi. Prezidentin tezislərinə uyğun olaraq sahibkarların üzləşdiyi problemləri iki cür qruplaşdırmaq olar. Birincisi, yerli qurumların sahibkarların işinə yersiz və qanunsuz müdaxilələridir. Bir-birini təkrarlayan dövlət qurumları tez-tez sahibkarlara, onların fəaliyyətinə qeyri-qanuni olaraq müdaxilə edirlər. Bu da sahibkarların əlavə xərclərə düşməsinə gətirib çıxarır”.

Vüqar Bayramov deyir ki, belə olan halda da onlar öz fəaliyyətlərini genişləndirə bilmirlər:

“Monopoliya və geniş imkanlı bazarlara çıxış, o cümlədən, xaricdən gətirilən məhsulların ölkəyə keçirilməsində hələ də inhisarların qalması onların işlərinə mənfi təsir göstərən amillərdəndir. Sözügedən problemlərin həlli sahibkarlığın inkişafı baxımından olduqca vacibdir. Çünki sahibkarlığa maneə yaradan bu problemlər həll edilsə, sahibkarlıq da inkişaf edər. Bu problemlərin həlli üçün prezident "ASAN xidmət" modelinin imkanlarının genişləndirilməsindən danışdı. Bir sıra dövlət qurumlarının səlahiyyətində olan işlərin "ASAN xidmət"ə verilməsi süründürməçiliyin qarşısını almağa imkan verəcək. Bu həm də monopoliyaya qarşı müqaviməti də gücləndirəcək. Bu model və prezidentin təklif etdiyi bu ideya imkan verməyəcək ki, sahibkarların işinə məmurlar tərəfindən qanunsuz müdaxilə edilsin. "ASAN xidmət"in səlahiyyətlərinin genişləndirilməsi bu sahədə ən ciddi yol kimi qiymətləndirilməlidir. Bu da sözügedən problemlərin mərhələli həllinə imkan verəcək. Bununla da kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaranmasına gətirib çıxaracaq”.

Vüqar Bayramov bölgələrdə sahibkarlara süni müdaxilələrin daha çox yaradıldığını qeyd edib:

“Problemlər əsasən yersiz müdaxilələrlə bağlıdır. Bu yersiz problem yaratma rayonlarda daha çoxdur. Müxtəlif dövlət qurumlarının sahibkarlıq obyektinə gəlməsi, pul tələb etməsi, fəaliyyətin genişləndirilməsi ilə bağlı sahibkarlara problemlərin yaradılması bu müdaxilələr silsiləsindəndir. Bazara çıxışda problemlər var. Fermerlərin bazara çıxış imkanları məhduddur. Bir–birini təkrarlayan qurumlar çox olduğu üçün bu müdaxilələr qalmaqdadır. Ölkədən ixrac və idxalda süni baryerlər yaradılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.