Real parlamentə virtual seçki - Facebook-dakı rəy xalqın rəyindən önəmlidir?

14-10-2015, 12:07           
Real parlamentə virtual seçki - Facebook-dakı rəy xalqın rəyindən önəmlidir?
Bir neçə gündür ki, parlament seçkilərində namizəd olmuş şəxslərin seçki təbliğatını qurmasına start verilib. Amma əvvəlki illərlə müqayisədə budəfəki təbliğat-təşviqat kampaniyası sakit və bir qədər də sönüklüyü ilə diqqət çəkir. Televiziyalarda namizədlərin çıxışlarına, seçki təbliğatlarını qurmalarına rast gəlinməməsini normal hesab etmək olar. Çünki onların təşviqat üçün təyin etdikləri efir qiymətləri çox yüksəkdir. Məsələ bundadır ki, əksər namizədlər öz təbliğat kampaniyalarını qurmaq üçün heç saytlara və çap mediasına da müraciət etmirlər. Faktiki olaraq, təbliğat-təşviqat işlərinin qurulduğu əsas məkan sosial şəbəkələrdir. “Kaspi” qəzeti bu mövzuda sorğu apararaq yaranmış durumun səbəblərini öyrənməyə çalışdı. Bəziləri bu məqamı dövrün tələbi kimi qiymətləndirsə də, çoxluq vəziyyəti maddiyyatla əlaqələndirir.

“Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud bizimlə söhbətində dedi ki, namizədlər tərəfindən onlara müəyyən qədər müraciətlər olub və artıq bir neçə sifarişi qəbul ediblər: “Başqa saytları bilmirəm, amma bizlə təbliğat üçün əməkdaşlıq qurmaq istəyən namizədlər var. Artıq müqavilələri bağlamışıq və tezliklə onların icrasına başlayacağıq. Doğrudur, hazırda bu mövzuda qaynar iş getmir, namizədlər güclü təbliğat qurmurlar. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Elə namizədlər var ki, təbliğata ehtiyacı olmadığını düşünürlər. Bəziləri isə təbliğatın onlara yardım etməyəcəyi qənaətindədirlər. Bir qrupu isə təşviqatlarını özləri qururlar – yəni sosial şəbəkələrlə kifayətlənirlər. Ümumiyyətlə bu mövzu ilə maraqlanmayanlar da var. Açıq danışsaq, deyim ki, hazırkı mənzərə o qədər də ürəkaçan deyil. Demək olar ki, hər yerindən duran namizədliyini irəli sürüb. Bilirsiniz ki, təbliğat-təşviqat kampaniyası qurmaq üçün xeyli maddi vəsait lazımdır. Həmin şəxslərin isə belə imkanları yoxdur. Ona görə də mediada təbliğat qura bilmir, sosial şəbəkələrə üz tuturlar”.

E.Ərudun fikrincə, builki seçkilərin sakit keçməsinin yeganə səbəbi reklamın azlığı deyil: “Düşünürəm ki, seçki kampaniyasının qaynar olmaması siyasi mühitin özündə də sakitlik, rahatlıq yaranması ilə əlaqədardır. Əvvəllər seçki vaxtı hay-küy çox olurdu. İndi isə vəziyyət xeyli fərqlidir. Hazırda sönüklük müşahidə olunur. Təbliğatların televiziya, radio, qəzet, ümumiyyətlə, mediada deyil, sosial şəbəkələrdə qurulmağı da bunun bir parçası sayıla bilər. Başlıca səbəb maddiyyatdır. Namizədlər seçilib-seçilməyəcəklərini bilmirlər. Hətta bəziləri seçilməyəcəyini düşünür. Ona görə də boşuna o qədər pul xərcləmək istəmirlər. İnsanların içində bir inam hissi olmalıdır, təbliğatı da uğurlu şəkildə qurmaq lazımdır”.

Media eksperti Azər Həsrət ölkədə internetin yetərincə inkişaf etdiyini və hər kəsə müxtəlif imkanlar yaratdığını xatırlatdı: “O cümlədən də namizədlər onun verdiyi fürsətlərdən yararlanmaq istəyirlər. Bu vasitə də təbliğat üçün uğurlu yoldur. Çünki demək olar, hər kəsin internetə çıxışı var. Belə məqamlar namizədlərə çox uyğundur. Seçkilərə qatılanlar başa düşüblər ki, on minlərlə pul xərcləyib televiziyada çıxış etməkdənsə, internet üzərindən təbliğat qurmaq daha məqsədəuyğundur. Digər tərəfdən də, namizədlər düşünür ki, televiziyada efir vaxtı alıb bütün ölkəyə müraciət etməkdənsə, konkret dairə üzrə seçki təbliğatını qurmaq kifayətdir. Onlar gedib həmin dairələri küçəbəküçə gəzir, namizəd olduqları yerlərdə təşviqat kampaniyaları aparırlar. Şəxsən özüm bu seçki prosesini çox diqqətlə izləyirəm. Görürəm ki, namizədlər çox intensiv görüşlər təşkil edir, vətəndaşlarla ünsiyyət qururlar. Kəndlərə, rayonlara gedir, birbaşa təmasa üstünlük verirlər ki, daha çox səs toplaya bilsinlər”.

A.Həsrət də seçki prosesinin sakit keçməsinin səbəbini təkcə təşviqatın zəif qurulması ilə əlaqələndirmir: “Çox vacib bir məqam ondan ibarətdir ki, Azərbaycanda suyu bulandırmağa çalışan qüvvələr özlərini sakit aparırlar. Çünki daha antikampaniyalarının heç bir fayda verməyəcəyini başa düşüblər. Hamı bilir ki, Azərbaycana qarşı davamlı olaraq qarayaxma kampaniyaları aparılır, ölkəmizin nüfuzunun aşağı salınmasına cəhdlər edilir. Həmin mərkəzlər başa düşürlər ki, bu dəfə ənənəvi metodlar keçməyəcək. Ona görə də belə sakit, normal seçki kampaniyası müşahidə olunur. Ümid edirəm ki, səsvermənin özü də bu cür yadda qalacaq, heç kim aranı qatmağa müvəffəq olmayacaq. Nəticələrin də vətənə, millətə xeyirli olacağına inanıram”.

Sosial şəbəkələrdə kifayət qədər aktiv olan qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov isə seçki kampaniyasının sakit və zəif keçdiyini düşünmür: “Belə fikirlərlə razı deyiləm. Seçki prosesini hiss etmək üçün nə etmək lazımdır? Seçki texnologiyasının incəlikləri insanları seçki qutusuna gətirənə qədər beyinlərdə seçim etdirmək bacarığıdır. Təbliğat-təşviqat kampaniyası üçün 21 gün vaxt verilib. Bu, bir insanı sevdirmək, beyinlərdə qəbul etdirmək üçün yetərli vaxtdır. Misal üçün deyim ki, biz gün ərzində 3 görüş keçiririk. Çünki bütün dairəni əhatələmək üçün görüşlərin cədvəli belə tərtib olunub. Bir az çox çalışırıq, istirahətə vaxt az qalır, amma hər şeyi strategiyaya, plana uyğun edirik. O ki qaldı təbliğatın harada aparılmasına, bir çox xarici ölkələrdə təbliğatla bağlı sosioloji sorğular keçirilib. Bəllidir ki, TV ilə aparılan təbliğatın 2 saatdan sonra yalnız 20 faizi yadda qalır. Qəzetlərdə bu göstərici bir qədər yüksəkdir. Çünki qəzetdəki yazı TV-dəki süjet kimi ötüb keçmir, həmin yazını təkrar oxumaq imkanı var. Amma kanallar evlərə pulsuz daxil olur. Oxucu çörəyə verdiyi pulu qəzetə vermək istəmir. Bu baxımdan, TV-də reklam bahadır, qəzetlər isə perspektivsizdir. Mən hələ görməmişəm ki, kimsə seçkilərdə iştirak edən namizədlərə görə qəzet alsın”.

Müsahibimiz təbliğatın əsasən sosial şəbəkələrdə qurulmasının bir neçə səbəbi olduğunu düşünür: “Belə şəbəkələr auditoriyanı televiziya qədər əhatə etməsə də, kifayət qədər kütləvilik qazanıblar. Amma onları maraqlı edən təkcə kütləvilik deyil. Burada insanlar fikirlərini rahat şəkildə yayırlar. Düşünürəm ki, namizədlər sosial şəbəkələrə çox da aludə olmamalıdırlar. Yaranan mənzərə belədir ki, sanki seçki realda deyil, virtual olaraq keçirilir. Sosial şəbəkələrin mənfi tərəfi odur ki, pulsuz reklam fürsəti, populyar olma imkanı versə də, insanlarda aludəçilik və özündən razılıq yaradır. Yadıma bir troll düşür. Yas mərasiminə çəkilmiş karikatura var idi - demək, zalda 5 nəfər əyləşib, kənarda dayanan biri o birinə pıçıldayır ki, mərhumun 5000 Facebook dostu var idi, başsağlığına isə cəmi 5 nəfər gəlib. Yəni sosial şəbəkələrə arxayın olmaq olmaz”.\\kaspi.az\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.