Əsirlərdən biri azad edilə bilər - GƏLİŞMƏ

7-12-2018, 10:29           
Əsirlərdən biri azad edilə bilər - GƏLİŞMƏ
Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı qondarma işğalçı rejimin “xarici işlər nazirliyi” Şuşa türməsində qanunsuz həbsdə saxlanılan azərbaycanlı girovlardan Elnur Hüseynzadəni Azərbaycanda həbsdə saxlanan erməni diversantlarla dəyişməyi müzakirə etməyə hazır olduqlarını bildirib.

Bu barədə Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, söhbət 2017-ci ilin fevralında Tərtər rayonunun Talış kəndi istiqamətində erməni hərbçilər tərəfindən əsir götürülmüş 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Elnur Hüseynzadədən gedir. Qondarma separatçı-terrorçu rejimin “sözçüsü” Artak Nersisyan bildirib ki, Kəlbəcər girovları Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsindən söhbət gedə bilməsə də, Elnur Hüseynzadənin heç bir cinayət törətmədiyini əsas götürərək onun azadlığa buraxılması mümkündür.

İşğalçı rejim Elnur Hüseynzadənin qaytarılmağı qarşılığında Azərbaycanda həbsdə olan 3 Ermənistan vətəndaşından “sağlamlıq problemləri olan” ikisinin azad olunmasını da şərt qoyub.

Bu barədə fikirlər Ermənistan mediasında da yayılıb.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirdi ki, qarşı tərəf öz ata-baba yurdlarını və doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və qeyri-qanuni məhkəmənin “hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi hər vəchlə “cinayətkar”, Azərbaycanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədini pozaraq təxribat əməlləri törətmiş Ermənistan hərbçilərini isə mülki şəxs kimi təqdim edir: “Bu, beynəlxalq hüquq normalarına, xüsusən də Cenevrə konvensiyalarına və onun əlavə protokollarına hörmətsizliyin ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq cəhdidir. İndi də ermənilər təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə göndərilmiş və burada saxlanılmış Ermənistan hərbçisinin ailəsinin hakimiyyətdən onun azad edilməsi tələbinə cavab olaraq, eyni zamanda daxili ictimai rəyi sakitləşdirmək məqsədilə Elnur Hüseynzadəni azad etməyə hazır olduqlarını və Azərbaycan tərəfinin humanist addım atacağını gözlədiklərini bildirirlər. Əslində bu təklif 15 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində saxlanılmış Ermənistan Respublikasının kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın azad edilməsinə hesablanmışdır. Necə olur ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış separatçı rejimin ”yetkililəri" Ermənistan Respublikasının vətəndaşlarının azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bu, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyi kimi, Ermənistanın daxili işlərinə qarışmaq deyilmi?! Dağlıq Qarabağdakı qanunsuz rejim bununla həm də özünü tərəf kimi sırımağa, qəbul etdirməyə çalışır. Saxlanılan şəxslərin dəyişdirilməsi müzakirə olunacaqsa Ermənistanla müzakirə oluna bilər, Dağlıq Qarabağdakı qanunsuz rejimlə deyil".

Əhməd Şahidovun sözlərinə görə, əgər humanist addımın atılması zəruridirsə, bu, saxlanılan əsir və girovların hamısını əhatə etməlidir. Başqa sözlə, əsir-girovlar “hamının-hamıya” prinsipi ilə azad edilməlidir: “Məlumdur ki, Azərbaycanın səlahiyyətli dövlət qurumu bu təklifi irəli sürən tərəf kimi mövqeyini dəyişməyəcəyini artıq bəyan edib. Biz də Azərbaycanın rəsmi mövqeyini dəstəkləyir və bu məsələdə ölkəmizin ictimai rəyinin nəzərə alınacağına əmin olduğumuzu bir daha ifadə edirik. Həmçinin razılaşmanın əldə edilməsi üçün danışıqlar həmişə olduğu kimi, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yalnız Ermənistanın aidiyyəti dövlət qurumları ilə davam etdirilməlidir”.

Qeyd edək ki, erməni əhali Azərbaycanın əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini əsirlərin dəyişdirilməsi fürsəti kimi qiymətləndirərək, hökumətə təzyiq etməkdədir. Artıq baş nazir əvəzi Nikol Paşinyan qeyri-standart vəziyyətlə üzləşib.

Azərbaycanın əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifinə Rusiyadan da reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 22-də keçirdiyi brifinqdə deyib ki, Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir: “Anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də bu cür təşəbbüslər çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir”.

Ekspertlər hesab edir ki, Rusiyanın Ermənistana təsir imkanlərı genişdir, Moskva istəsə bu məsələnin tezliklə müsbət həllinə nail olunar.

İstisna deyil ki, parlament seçkilərindən sonra Nikol Paşinyan əsirlər məsələsində mövqeyində dəyişiklik edə bilər.

Kəlbəcərli girov Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da yaxın gələcəkdə atasının və Şahbaz Quliyevin Ermənistandan geri alınacağına inanır: “Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mən əminəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundan azad ediləcəklər. Ailəmizin ümidi hələ də var ki, onlar geri qaytarılacaqlar. Bu yaxınlarda mətbuatdan oxudum ki, Paşinyan girovların dəyişdirilməsindən imtina edib. Atamgilin Kəlbəcərə getməkdə tək məqsədləri öz doğmalarının qəbirlərini ziyarət etmək olub. Mənim atam kəşfiyyatçı və diversant olmayıb, sadəcə, mülki adam olub və anasının məzarını ziyarət etmək üçün doğma kəndinə getmişdi. Əvəzində onlar 4 il 5 aydır ki, qanunsuz olaraq girov saxlanılırlar və vəhşicəsinə işgəncələrə məruz qalırlar. Paşinyan öz açıqlamasında bildirir ki, guya onlar cinayətkardılar, ora gələrək hansısa qanunsuz əməllər törədiblər. Lakin atamgil öz doğma torpaqlarında cinayət törətməyiblər. Doğmalarının məzarını ziyarətə getmək cinayət deyil. Ermənistan hökuməti, Paşinyan atamgili cinayətdə günahlandırır, özlərinin etdiklərini isə gizlədirlər. Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdilər. Bunu niyə dilə gətirmirlər? Halbuki onun heç bir günahı yox idi. Qoy Ermənistan buna cavab versin, Həsən Həsənovun ölümündə kimi həbs etdilər, kim cavab verdi? Atam hansı cinayəti törədib, hansı qətldən söhbət gedir? Paşinyan əsirlərin azad olunmasında konstruktiv və humanist mövqe ortaya qoymadıqca onun öz ölkəsində ona münasibət get-gedə pisləşəcək”.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.