İqtisadçı valyutadəyişmə məntəqələri ilə bağlı maraqlı təklif verdi

10-12-2018, 08:38           
İqtisadçı valyutadəyişmə məntəqələri ilə bağlı maraqlı təklif verdi
“Türkiyədəki təcrübədən istifadə edilsin...”
2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra ölkədə əhali arasında dollar ajiotajı daha da gücləndi. İnsanlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutaraq dollar almağa çalışdılar. Nəticədə manata olan tələbat bir qədər də azaldı və yerli valyutanın ucuzlaşması üçün şərait yarandı.

Belə olan təqdirdə çıxış yolu kimi ölkədə valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildi və həmin ilin yanvar ayından etibarən bu məntəqələrin fəaliyyəti rəsmən dayandırıldı. Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra “qara bazar”lar aktivləşdi. Daha sonra hökumət “qara bazar”larla mübarizəyə başladı.

2017-ci ildə manatın sabitləşməsindən və ölkəyə turist axınının başlamasından sonra valyutadəyişmə məntəqələrinin açılması məsələsi də gündəmə gəldi. Ötən ilin aprel ayında Milli Məclisin plenar iclasında “Valyuta tənzimi haqqında” Qanun müzakirə edilərək, qəbul olundu. Deputatlar bildirdilər ki, valyutadəyişmə məntəqələrinin açılması vacibdir. Qanunun qəbulu ilə bu məntəqələrə nəzarət əvvəllər olduğu kimi, Mərkəzi Banka deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıldı. Daha sonra isə məntəqələrin açılması prosesi müəmmalı şəkildə uzadıldı. Hazırda da bu məntəqələrin açılması ilə bağlı müsbət xəbər yoxdur. Bir zamanlar valyutadəyişmə məntəqəsi kimi fəaliyyət göstərən obyektlər, indi lombard kimi işlədilir. Bəziləri isə tamamilə bağlanıb və ya telefon dükanına çevrilib.

“Yeni Müsavat”a danışan iqtisadçı Vüsalə Əhmədova bildirdi ki, əslində valyutadəyişmə məntəqələrinin hələ də açılmamasının məntiqi izahı yoxdur: “Deyə bilərəm ki, ölkədə bu cür məntəqələrin olmaması həm ölkə sakinləri, həm də turistlər üçün kifayət qədər çətinlik törədir. Valyuta dəyişmək istəyənlərin banklara üz tutması tələb olunur ki, banklar da 5-dən sonra və bazar günləri işləmir. Belə olan halda həmin insanlar bankomatlardan istifadə etmək məcburiyyətində qalırlar ki, bu zaman da müəyyən məbləğdə komissiya xərci tutulur. Bundan əlavə, bankomatlar vasitəsilə valyuta əməliyyatları aparılarkən terrorizmin maliyyələşdirilməsinin müəyyən edilməsi və pulun mənbəyinin izlənilməsinin qeyri-mümkün olduğunu düşünürəm.

Nəzərinizə çatdırım ki, qonşu Türkiyədə 830 valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, orada 3 min qeyri-rəsmi valyuta dəyişmə məntəqəsi mövcuddur. Hazırda Türkiyə Maliyyə Nazirliyi tərəfindən yeni bir tənzimləmənin həyata keçirilməsinə hazırlıq işləri gedir. Yeni tənzimləməyə görə, məntəqələr A və B qrupu olaraq iki yerə ayrılacaq. A qrupunda yer alan məntəqələr üçün ödənilmiş kapitalın 5 milyon TL-dən, B qrupunda yer alan məntəqələr üçün isə 1 milyon TL-dən az olmaması tələbi qoyulacaq. A qrupunda yer alan məntəqələrə istənilən sayda filial açmaq icazəsi veriləcək. Türkiyə daxilində yeni yaradılan “Birləşmiş Valyuta Dəyişmə Büroları Platformasının” təşəbbüsü ilə gerçəkləşdirilən bu tənzimləmə “kritik tənzimləmə” kimi də xarakterizə edilir. Yəni artıq bu ölkədə xarici sərmayəli şirkətlər də valyuta dəyişmə məntəqəsi aça biləcək ki, beləcə daha sağlam rəqabət mühiti formalaşmış olacaq, şəffaflıq və etibarlılıq təmin olunacaq. Türkiyədə valyuta dəyişmə məntəqələri valyuta alqı-satqısından əlavə, qızıl-zinət əşyaları, o cümlədən külçə formasında olan qızılın alqı-satqısını, emal edilməmiş qiymətli daş-qaşlar və metalların idxalını, ixracını və onlarla bir sıra başqa əməliyyatların aparılmasını həyata keçirir, elektron pul və ödəmə qurumlarının nümayəndəsi olaraq fəaliyyət göstərir və s. əməliyyatları icra edirlər. Azərbaycanda isə bu kimi hallar müşahidə olunmur. Hesab edirəm ki, bizdə də bu cür addımlar atıla bilər və Türkiyə təcrübəsindən bəhrələnməklə işlər aparmaq olar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.