18 ildir mübarizə aparılan problemin tam aradan qalxmamasının səbəbi

10-12-2018, 10:07           
18 ildir mübarizə aparılan problemin tam aradan qalxmamasının səbəbi
Yeni il yaxınlaşdıqca Bakını yenə də partapart səsləri ağuşuna almaqdadır. Artıq şəhərdə ara-sıra əslində qadağan olunmuş pirotexnik vasitələrin səsini eşitməkdəyik.

Əvvəlcə onu qeyd edək ki, bu maddələrin satışı hələ 2001-ci ildən qadağan edilib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağan edilib. Belədirsə, şəhərdə partlayan nədir və ölkəyə kimlər tərəfindən gətirilir?

Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Müsavat”a bildirilib ki, əvvəllər bu maddələrin satılmamasına nəzarəti BŞİH-nin Ticarət və Xidmət Departamenti edib. Sonradan isə bu işə polis və Gömrük Komitəsinin əməkdaşları nəzarət edib, birgə tədbirlər görürlər.

Son iki ayın xəbərlərinə nəzər salsaq müşahidə edərik ki, Gömrük Komitəsi məsələ ilə bağlı lazımı tədbirləri görür. Belə ki, bu ilin oktyabr ayında Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21044" markalı avtomobilə Qırmızı Körpü gömrük postunda gömrük baxışı həyata keçirilib.

Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində “Enigma Fireworks” yazısı olan 760 ədəd və “Corsar” yazısı olan 1560 ədəd pirotexniki vasitələr aşkar olunub.

Həmçinin bu ilin noyabr ayında oxşar hadisə baş verib. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Noyabrın 13-də Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan vətəndaşı Sətdərov Sətdar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilib.

Göründüyü kimi, rəqəm kifayət qədər böyükdür.

Bəs vasitələri ölkəyə keçiməyi bacaranlar harada satış edirlər?

“Yeni Müsavat” əməkdaşı olaraq apardığımız araşdırma zamanı öyrəndik ki, vasitələr əsasən bazarlarda, bayram oyuncaqları, bəzəkləri satan kiçik dükanlarda satılır. Lakin heç bir mağazada bunları açıq şəkildə, vitrinə düzmürlər. Satıcılara yaxınlaşıb bu vasitələrdən istəyən zaman onlar tapacaqları ilə söz verib, qiymət oxuyurlar. Qiymətlə razısansa, stolun altından, yaxud da yan mağazaya yollanıb, oradan pirotexnik vasitəni gətirirlər.

2017-ci ilin Novruz bayramı ərəfəsində “Yeni Müsavat” olaraq araşdırmamız nəticəsində müşahidə etmişdik ki, hətta BŞİH-nin bayram yarmarkası üçün qurduqları çadırda belə bu cür vasitələr satılır. Özü də açıq formada. Lakin sonrada məsələyə müdaxilə olundu və vasitələr çadırlardan yığışdırıldı.

Vasitələrin partladılması uşaqlar üçün təhlükəli olduğu kimi, bu, yaşlılara, ürəyi zəif olanların da mənfi təsir göstərir. Elə qadağan edilməsinin əsas səbəblərindən biri də budur. Artıq bayrama 20 gündən çox vaxt qalsa da, pirotexnik vasitəni partladıb, zərər görən də var. Belə ki, ötən həftə Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb. Rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlının üz və bədənin müxtəlif nahiyələri yanıb. O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.

Ekspertlər ilk növbədə tövsiyə edirlər ki, valideynlər bu kimi vasitələri alıb, uşaqlarına verməsinlər. Çünki bu, həm uşaqlar, həm də onların özləri üçün təhlükəlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.