Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib? - RƏSMİ AÇIQLAMA

10-12-2018, 19:58           
Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib? - RƏSMİ AÇIQLAMA
Son bir-iki aydır, Azərbaycanda apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək, sistem köçürtdürmək – ümumilikdə ilkin tibbi yardım qadağan edilib.

Teref.az Medicina.az-a istinadən xəbər verir ki, əvvəllər xəstə insanlar, qəfildən halı pisləşənlər, yaşlı və hamilə şəxslər uzağa getmək imkanı məhdud olduğundan, evin yaxınlığındakı aptekə müraciət edir və əczaçıdan ilkin tibbi yardım alırdılar. Lakin bir neçə aydır, əczaçılar insanlara yardım göstərməkdən imtina edirlər. Bildirirlər ki, onlara insanlara ilkin yardım etmək qadağan edilib. Səbəbini soruşduqda isə konkret cavab almaq olmur.

Aptek işçiləri tərəfindən göstərilən ilkin tibbi yardımın kim tərəfindən və nə məqsədlə qadağan olduğunu öyrənmək üçün Medicina.az-ın əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, apteklərdə insanlara tibbi yardım və tibbi prosedurların həyata keçirilməsi ilə bağlı qeyri-qanuni bir hal yoxdur: "Çünki apteklərdə işləyən insanlar tibbi savada malikdirlər. Şəhərdə apteklərin sayı kifayət qədər çox olduğu üçün səhhəti pisləşən insanların yolüstü ora müraciət edib təzyiqlərini ölçdürərək, iynə vurdurmaları təbii haldır. Aptek şəraitinin gigiyenik və sanitar normalara uyğun gəldiyini də göz önünə alsaq, burada qorxulu heç bir şey yoxdur. Qaldı ki, icazə məsələsinə, Səhiyyə Nazirliyi tərəfindən apteklərdə insanlara ilk tibbi yardım göstərilməsini və inyeksiya edilməsini qadağan edən qanun yoxdur. Bu iş aptek müdiri, yəni sahibkarlar tərəfindən tənzimlənir. İcazənin verilib-verilməməsi də birbaşa sahibkarın özündən asılıdır. Çünki xəstəyə tibbi yardım göstərilərkən və ya iynə vurub sistem qoyarkən təbii ki, satış prosesi ləngiyəcək. Bu isə sahibkarın marağında olmaya, buna görə də sahibi olduğu aptekdə bu kimi işlərin həyata keçirilməsinə qadağa qoya bilər.

Bundan əlavə iynə vurduran şəxslər təbii ki, həmin tibb işçilərinə müəyyən məbləğdə pul da ödəyirlər. Çox güman ki, qadağanın ikinci səbəbi bununla bağlıdır. Çünki bu pul əczaçıya çatdığı üçün sahibkar iş vaxtı əlavə işlərlə məşğul olmasına icazə verməyə bilər. Bu hal yalnız müdir–işçi arasında tənzimlənməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.