Amerikaya köçən legionerlər – Polkovnikin mətanətli ölümü

16-12-2018, 10:42           
Amerikaya köçən legionerlər – Polkovnikin mətanətli ölümü
III Yazı

Əvvəli burada

https://teleqraf.com/news/toplum/194453.html

Amerikaya səyahət edən mühacir Məhəmməd Altunbay yeni qitədəki Azərbaycan icması ilə bağlı məqaləsində buradakı fəal üzvlərdən bəhs edir, eləcə də Azərbaycanın qəhrəman polkovniki İsrafil bəy haqqında maraqlı bilgilər təqdim edir.

***

İkinci Dünya müharibəsində vətənlərinin kommunizm zülmündən qurtulması uğrunda son damla qanlarını əsirgəməyən on minlərlə azərbaycanlının kiçik bir qolunu təşkil edən bu igidləri, vətənimizin bu qartallarını sizə də təqdim edirəm. Onları siz də tanıyın.

Bir dəqiqə! Onları sizə təqdim etməzdən əvvəl yadımdaykən bunu söyləyim: Azərbaycanın bu məğrur döyüşçüləri məndən Türkiyədə və Avropada yaşayan azərbaycanlı qardaşlarını soruşdular. Onlara qaneedici cavab verdiyimə ümid edirəm. İndi onlarla tək-tək tanış olaq:

Aralarında ən yaşlısı və eyni zamanda azərbaycanlıların sevgili dayısı Əhməd İbrahim Amerikada qurulan cəmiyyətin başqanıdır. Türkiyəmizdə az tanınan bu şəxs Amerikadakı azərbaycanlılar arasında böyük mənəvi güc ifadə edir. Çünki o, heç kimdən əvəz gözləmədən sevgi, hörmət, alicənablıq, maddi və mənəvi yardımın həqiqi bir simvoludur.

İndi yanımda əyləşən ikinci azərbaycanlını sizə təqdim etmədən öncə bir az məni dinləmək zəhmətinə dözmənizi rica edirəm.

Görəsən, polkovnik İsrafil adını xatırlamayan bircə nəfər də azərbaycanlı varmı?

Bu, mümkün deyil. Çünki bu ad gələcək nəsillər üçün də qürurun, qəhrəmanlığın, cəsarətin, hürriyyətin və böyük vətənsevərliyin timsalıdır. Bu adı daşıyan komandan İsrafil bəy İkinci Dünya müharibəsində öz bölüyünün komandanlığında sevgili Azərbaycanının hürriyyəti uğrunda kommunizmə qarşı qanlı bir mücadiləyə girişdi. İstər özünün, istərsə də onun əmrindəki azərbaycanlı igidlərin qəhrəmanlıqları dastana çevrildi. Müharibədən sonra edilən bəzi xətalar ucbatından polkovnik İsrafil bəyin əmrindəki qəhrəmanların kommunizmin qanlı bıçağına təslim ediləcəyini xəbər alan komandan İsrafil bəy, “Mən yaşadığım müddətcə heç bir güc mənim komandanı olduğum bölüyümü barbar bir rejimə mənsiz təslim edə bilməz. Ya hamımız birlikdə hürriyyətə qovuşacağıq, yaxud da birlikdə öləcəyik”, deyərək etiraz etdi.

İkinci Dünya müharibəsinin bitməsinə rəğmən məsum insanların qanına susamış kommunist barbarlarının kinli intiqam hisləri davam edirdi. Bolşeviklərin on minlərlə günahsız azərbaycanlı övladının qanını içməsi yetmirmiş kimi, Stalin rejimi komandan polkovnik İsrafil bəyin bölüyünün geri verilməsini müttəfiqlərindən tələb etdi.

Lakin bu ərəfədə qərbli komandanlar və bir çox kimsələr komandan İsrafil bəyin həyatını təminat altına aldılar. Yəni polkovnik İsrafil bəy kommunistlərə təslim edilməyəcək, azad dünyada qalacaqdı. Lakin türkə xas əsalətlə dolu olan komandan İsrafil bəy özünün həyatını qurtarmaq istəyənlərə bu cavabı verdi:

“Mənim bölüyüm əsir vətənimizin hürriyyəti uğrunda döyüşmüş, gözlərimin önündə on minlərlə qurban vermiş azərbaycanlılardan təşkil olunub. Mən bir komandan olaraq onları tək başına kommunizmin qanlı xəncərinə necə təslim edə bilərəm? Mən heç vaxt övladlarımı tək qoymaram. Onlarla bərabər ölmək mənim üçün ən böyük şərəfdir”.

Cəsur komandan Azərbaycan türkünə xas bir qürurla əmrindəki qəhrəmanların önündə bolşeviklərin qanlı əlinə təslim edildi.

Bax, bu cəsur, Azərbaycanın iftixarı olan komandan polkovnik İsrafil bəyin qardaşı Hidayət İsrafillə o gecə Nevarkda dayımız Əhməd İbrahimin evində yan-yana oturmuşduq. İki uşaq atası olan Hidayət İsrafilin “Azərbaycan” kəlməsini tələffüz etdiyi zaman səsinin titrədiyini hiss etməmək mümkün deyildi. Hidayət bəyin yanında azərbaycanlı ziyalılarından Oğuz Odər əyləşmişdi. Amerikada qurulan Azərbaycan təşkilatının öndə olan qurucularından, eyni zamanda təşkilatın nizamnaməsini şəxsən hazırlayan Oğuz Odər 10 ildir ki, Amerikada yaşayır.

Qarşımda gənc yaşında üç uşaq atası olan Ənvər Sultanzadə əyləşib. İstiqanlı, gülərüzlü, istər təşkilat üçün, istərsə də, möhtac azərbaycanlılara yardım baxımından son dərəcə cavan, mərd bir xarakterə sahibdir. Məsələn, söhbətimiz əsnasında bir azərbaycanlıya 350 dollara qədər kömək edilməsinin vacibliyindən danışıldı. Ənvər Sultanzadə əlini sinəsinə qoyaraq, “bu köməyi təkbaşına etmək mənim üçün bir şərəfdir” dedi. O, bu sözləri o qədər ürəkdən söylədi ki, vətənimiz adına onunla iftixar etdim.

Sol tərəfimdə ağdamlı Yusif Qənizadənin kürəkəni Muxtar Fazilpur əyləşirdi. Muxtar Fazilpur haqlı olaraq təşkilatın daha məhsuldar çalışması üçün praktik qərarların verilməsinin lazımlılığı fikrini irəli sürürdü.

Otağın solunda yerdə əyləşmiş Əziz Özəri tanıyırsınızmı? Tanımamağınız mümkün deyil. Çünki bu fədakar qardaşımız illərlə Ankarada və xüsusilə, İstanbulda keçirilən Azərbaycan gecələrində böyük dramaturqumuz Hüseyn Cavidin “İblis” əsərindən hissələr oxumuş, rəqs qrupları yetişdirmiş, “O olmasın, bu olsun” və “Arşın mal alan” operasında komik rollar oynamışdır. Bugün Amerikada da icma üzvləri ilə birgə Azərbaycan gecəsi hazırlamaqla məşğuldur.

Gənc yaşında 4 uşaq atası olan Rahim Babaoğlu Nevarkda mükəmməl bir mağazanın sahibidir. Onunla çox söhbət etmək imkanım olmadı. Lakin o gecə təşkilat haqqında müsbət fikir bəyan edənlər arasında idi.

İsmayıl Yılmaz da icmanın aktiv üzvləri arasındadır, təklifləri olduqca məqbul və praktikdi.

Gənc yaşında 3 uşaq atası olan Bəylər Verdini, 4 uşaq atası Ələkbər Qəhrəmanzadəni, bir uşaq atası Məhəmməd Quluzadəni, Kərim Berlantı, Dadaş Manafı, Xəlili, bir sözlə hamısını son dərəcə vətənpərvər, cəmiyyət işləri üçün əllərindən gələn maddi və mənəvi heç bir köməyi əsirgəməyən Azərbaycanın mərd övladları olaraq gördüm.

Bunlardan başqa, Çikaqoda yaşayan Şükrü Kaya ilə Nəsrullah Murtuz, Nyu-Cersidə yaşayan Dr.İsmayılzadə Hacıağa, Vaylantda yaşayan Əhməd Səmədoğlu cəmiyyətin qurucu üzvləri arasında yer tutublar. Lakin bu vətəndaşlarımızla görüşmək imkanı tapmadığım üçün həqiqətən üzüldüm.

O gecə bir az ümumi mahiyyətli söhbətdən sonra mövzu yaxşı bir məqsəd və çalışmanın əsəri olan və hər birinin üstündə əsdikləri cəmiyyət məsələsinə gəldi. Onlar bu cəmiyyətlərini əvvəlcə “Azərbaycan İslam və Xeyriyyə Cəmiyyəti” adı ilə qurmuşlar, daha sonra bu adı dəyişdirərək “Amerikada Azərbaycan Kültür Cəmiyyəti” adını vermişlər.

Sizə tanış etmək məqsədilə adlarını zikr etdiyim vətəndaşlarımızın hamısı ertəsi gün səhər saat 6-da işdə olmalı idilər. Lakin vətənlərinin sevgi və həsrətiylə yaşayan bu bir ovuc məğrur azərbaycanlı mühacir illərlə davam edən kommunist zülmünə, daha sonra İkinci Dünya müharibəsinin qurtuluş mücadiləsinə, xüsusilə, mühacirət həyatının verdiyi iztirablara qatlana-qatlana polad iradəyə sahib olmuşlar. Yuxu məfhumunu unudan bu igidlər gecəni cəmiyyət məsələləri ilə məşğul oldular.

O gecə bir çox mühüm problemlərin həlli üzərində fikirlər bəyan etdilər, yollar axtardılar və müsbət müzakirələr etdilər. Bu mühüm problemlərin nələrdən ibarət olduğunu öyrənmək istəyirsinizmi? Gələcək nəsillər üçün də iftixar ediləcək bu problemləri sizə danışım:

Amerikada yaşayan azərbaycanlı mühacirlər üçün daimi bir ev satın almaq, bu evə “Azərbaycan klubu” adını vermək istəyirlər. Beləcə, Azərbaycanı Amerika toplumuna tanıdacaqlarına inanırlar.
Bir məscid tikdirmək üçün çalışırlar. “Allahsız kommunistlərin din əleyhindəki həyasız və iyrənc təbliğatlarına rəğmən biz dinimizin qüdsiyyətinə bağlı olan bir millətin övladlarıyıq. Bizim uşaqlarımız da eyni şəkildə yetişməlidir”, deyən xatiblər bu məsələnin əhəmiyyəti üzərində dayandılar.
“Allah hər kəsə uzun ömür versin. Lakin bu qərib ölkədə bir azərbaycanlı öldüyü zaman onun axirət evində rahat yatması üçün məzarlığımız yoxdur. Biz ölülərimizi öz məzarlığımıza, daha doğrusu bir islam məzarlığına gömmək istəyirik”, deyirdilər.
Bu mühüm problemlərin vətənsevər hər bir azərbaycanlının təqdir edəcəyindən əmin idim. Lakin yenə razılaşarsınız ki, bu problemlərin həlli mühüm miqdarda maddi imkanlara söykənir. Cəmiyyətin maddi durumu saatlarla müzakirə edildi, müsbət, praktik təkliflər edildi.

Qərar verildi. Onları dinlədikcə ürəyim iftixarla doldu. Vətən sevgisinin, vətən həsrətinin bir ovuc azərbaycanlının qəlbində yaratdığı atəşi söndürə biləcək heç bir qüvvətin mövcudluğuna inanmıram. Lənətə gəlmiş talenin və qədərin fırlanan çarxına baxın! Bir zamanlar şərəfli Turanın ən seçilmiş övladlarından olan bu bir ovuc bağrıyanıq, lakin mənəviyyatı yüksək məğrur azərbaycanlı Amerikanın bir köşəsində öz vətənləri üçün hər cür fədakarlığa dözməyə and içirdilər. İçdikləri andı nizamnamələrinə də yazmışdılar.

Cəmiyyətə gəlir təmin edilməsi məsələsi ortaya çıxınca, yerdə əyləşmiş Oğuz Odər “mən cəmiyyətimizə 100 dollar bağışlayıram”, deyincə Hidayət İsrafil söz istədi:

“Dostlar, hamınız bilirsiniz ki, bir çox maddi sıxıntılarımı hələ aradan qaldıra bilməmişəm. Borclarım var. Lakin buna rəğmən mən də cəmiyyətimizə 100 dollar bağışlayıram”.

Bu iki dostu cəmiyyət başqanı Əhməd İbrahim, Ənvər Sultanzadə, Muxtar Fazılpur, onları da digərləri təqib etdilər. O gecə bütün azərbaycanlılar adına qürur duydum. Bilirsiniz niyə? Vətən və qardaş sevgisi ilə bir-birilərinə sıx bağlarla bağlanmış, böyüyə hörmət, kiçiyə sevgi şüuru ilə hərəkət edən, qəlbləri vətən sevgisi, vətən həsrəti ilə döyünən bu fədakar vətəndaşlarımızın əksəriyyəti fabriklərdə fəhlə kimi çalışmaqda, min bir çətinliyə, acılara sinə gərərək bir tərəfdən öz həyatlarını, uşaqlarının gələcəyini təmin etmək məqsədilə alın təri tökərkən, digər tərəfdən də vətənlərinə olan müqəddəs vəzifələrini hər şeyin üstündə tuturlar.

Amerikada yaşayan azərbaycanlı vətəndaşlarımızın bu fədakarlıqlarını mühacirətdə yaşayan bütün azərbaycanlıların təqdir və təbrik etmələri lazımdır. Onların uğur əldə etmələrini Allahdan təmənni edərkən son söz olaraq bunu da qeyd etmək yerinə düşər qənaətindəyəm. Azərbaycanlılar üçün 41 ildir ki, davam edən talesizlik, yəni 41 illik mühacirət həyatının ələmi və üzqızardıcısı qruplaşmalar daima azərbaycanlıların milli birliyi və əsir vətənimizə olan müqəddəs vəzifəmizi zəiflətmişdir. Zərrə qədər şüur və vicdan sahibli heç bir azərbaycanlı inkar edə bilməz ki, qruplaşmalar, intriqalar, dedi-qodular vətənimizin, bizcə, müqəddəs olan davasını daima baltalamışdır. Eyni zamanda bu mübarizənin istər şəxsi, istərsə də kiçik bir zümrənin mənfəətləri uğrunda istismar edilməsi daima azərbaycanlılar tərəfindən nifrətlə qarşılanmışdır və qarşılanmaqdadır. Hətta bir il bundan əvvələ qədər Amerikada yaşayan azərbaycanlıların arasında da törəyən qruplaşmalar milli birliyin qurulmasına mane olmuşdur. Lakin indi Allaha min dəfə şükür olsun ki, Amerikadakı qruplaşmalara milli şüur hakim olmuş, vətənini sevən hər Azərbaycan cəmiyyətinin ətrafına toplanmışdır. Əgər hər hansı qrup və yaxud 3-5 kişilik bir zümrə çıxaraq “Amerikadakı azərbaycanlıların qurduqları təşkilat bizim qrupumuzla və yaxud zümrəmizlə bərabərdir” dedi-qodusunu edərsə, bu, Amerikada sağlam təməllər və milli şüur üzərinə qurulan bu təşkilatı parçalamaq, yox etmək və vətəndaşlarımız arasına nifaq, intriqa salmaq kimi olar. Unutmayaq ki, bu kimi nifrətyaradıcı dedi-qoduları çıxaranlar azərbaycanlıların dostu deyil, indiyədək etdikləri kimi, azərbaycanlıları parçalamağa çalışan mənfəət düşkünü olan şüursuzlardır.

Allah və peyğəmbər eşqinə! Vətən uğrunda şəhid olan on minlərlə azərbaycanlının əziz ruhları xatirinə yalançı pəhləvanlar kimi ortaya düşərək “Ağanəzər qırxını bir çomaqla əzər” yalanlarıyla milli şüurun hakim olduğu birliyi, “Amerikada qurulan cəmiyyət bizim qrupun və ya zümrənin tərəfindədir” dedi-qodularını edərək onların da arasına 41 illik mühacirətin iyrənc nifaqını salmayaq. İdrak edək ki, “Amerikada Azərbaycan Kültür Cəmiyyəti” adı ilə qurulan bu milli birlik hər hansı bir qrupun və ya zümrənin deyil, vətənsevər və milli vicdanını itirməyən bütün azərbaycanlılarındır”.

(Davamı var)

Müəllif: Dilqəm Əhməd












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.