Erməni nəşri:“ERMƏNİSTAN ƏSGƏRLƏRİNİ AZƏRBAYCAN ORDUSUNDAN DEYİL, DAXİLİ DÜŞMƏNDƏN QORUMAQ GƏRƏKDİR” – Araşdırma

7-01-2019, 08:15           
Erməni nəşri:“ERMƏNİSTAN ƏSGƏRLƏRİNİ AZƏRBAYCAN ORDUSUNDAN DEYİL, DAXİLİ DÜŞMƏNDƏN QORUMAQ GƏRƏKDİR” – Araşdırma
Sərkis Artsruni

ru.1in.am (Ermənistan), 06.01.2018



2018-ci il boyunca – yanvarın 1-dən noyabrın 10-adək Ermənistan Respublikası və Artsax Respublikası (Dağlıq Qarabağ-red.) silahlı güclərində qeyri-nizamnamə münasibətləri nəticəsində, yaxud texniki səbəblərdən daha çox hərbçi həlak olub, nəinki düşmənin göstərdiyi fəaliyyətdən.

Tert.am nəşri rəsmən təsdiqlənən məlumatlara söykənərək hesablama aparıb – buna əsasən, 2018-ci ildə silahlı güclərdə 7-i (ümumi sayın 18%-i) düşmən gülləsindən, 32-i (82%) Ermənistan və Artsaxda (Dağlıq Qarabağ-red.) müxtəlif səbəblərdən 39 hərbçi həlak olub. Göstərilən işlər üzrə araşdırmanın sürdüyünə baxmayaraq, qaldırılan cinayət işlərinə əsasən, qalan 32 əsgər texniki səbəb, bədbəxt hadisələr, intihar və xidmət yoldaşının atəşindən, qar uçqunundan və aviaqəzada həlak olub.

Yumşaq deyilsə, bu statistik mənzərə faciəlidir.

Rəqəmlər xəbər verir ki, bitən il Ermənistan-Azərbaycan ön cəbhə xəttində ən gərgin il olmayıb: insidentlərə baxmayaraq, barışıq rejimi bütünlükdə gözlənilib.

O biri yandan, Ermənistan ordusunda qeyri-nizamnamə münasibətlərinin nəticəsi olan itkilər böyükdür. Bu, özəlliklə təşvişlidir və ondan xəbər verir ki, əslində, Nikol Paşinyanın inqilabdan sonra bir neçə ictimai çıxışlarının məhz bu mövzuya həsr edildiyinə baxmayaraq, orduda keyfiyyət dəyişiklikləri baş verməyib.

Əlbəttə, heç bir ordu insidentlərdən, fors-major durumlardan sığortalanmayıb, amma hətta bu cəhət də Müdafiə Nazirliyinin məsulları üçün alibi ola bilməz. Savaşda olan ölkənin silahlı güclərində qeyri-döyüş itkiləri bu qədər böyük olanda və ön cəbhədə qeydə alınan qurbanları, demək olar, beş dəfə üstələyəndə bu, ondan xəbər verir ki, istənilən an genişmiqyaslı savaş aça biləcək düşməndənsə “daxili düşmən” daha qəddar və məkrlidir.

“Daxili düşmən” deyilən daha tutumlu anlayışdır, korrupsiyaya da, həm zabit heyəti təmsilçilərinin öz vəzifələrini gərəkməz icrasına, həm də nəzarət mexanizminin naqisliyinə də aiddir. Özü də biz nəzarət mexanizminə daha geniş müstəvidə baxırıq: söhbət bizim SG-in mahiyyətcə həm keçmiş sistemdə, həm də inqilabdan sonra parlamentin və cəmiyyətin nəzarətindən qıraqda qaldığından gedir. Ordudan danışmaq, ya da ordunu tənqid etməyin tabu olduğu haqda stereotipi aradan qaldırmağın zamanı çatıb. Bu saxta tezis illər boyu buna səbəb olub ki, orduda korrupsiya tendensiyaları çiçəklənib, yığılmış problemlər isə həll olunmaq yerinə sistemli xarakter alıb.

Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, əsasən qapalı müəssisələrdə insan haqlarını araşdırdığından bu sahələrdə özəl dəyişikliklər gözə dəymir. Hüquq müdafiəçisi 1in.am-la söhbətdə deyib: “Orduda David Tonoyandan savayı heç bir dəyişiklik olmayıb. Ölümlər davam edir, bu məsələlərin araşdırılması qabaqkı kimi gedir, çox pis təhqiqat aparılır, işlər açılmır. Ordudakı durum cəzasız qalmaqdadır. İnsan hüquqları sahəsində özgə, aşkar uğurlar görmürəm”. Özlüyündə aydındır ki, islahatlar mövzusu geniş siyasi, ictimai diskursun mövzusu olmalıdır. Hökumət 2016-cı ilin aprel müharibəsindən nəticə çıxarmalıdır – ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamımızın gözü qabağında buxarlandı: onlarla gənc döyüş hazırlıqsızlığı və ordunun mənəvi aşınmasının qurbanı oldu.

İnqilabdan sonra bir-iki səs-küylü korrupsiya ifşasına deyil, Ermənistan silahlı güclərinin yeni keyfiyyət səviyyəsi qazandığından danışmağa imkan verən institusional islahatlara vurğu etmək gərəkdir. Bu, orduda onlarla gənci qorumaqla təkcə qeyri-nizamnamə münasibətlərinin kökünü kəsməz, həm də Bakının davakarlığını önləyərək Ermənistanın təhlükəsizliyini kəskin yüksəldər.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.