Xaricdən gətirilən ərzaq məhsulları qıtlaşıb - müəmma

11-01-2019, 08:53           
Xaricdən gətirilən ərzaq məhsulları qıtlaşıb - müəmma
Qonşu ölkədə istehsalı kəskin azaldan səbəb həqiqətən bayram tətilidir?
Son günlər ölkəyə idxal olunan bir sıra ərzaq məhsulları çeşidləri ticarət şəbəkələrindən yoxa çıxıb. Ölkə mətbuatının yazdığına görə, xüsusilə Bakının bəzi supermarket şəbəkələrində idxal ərzaq məhsullarının çeşidi kəskin azalıb. Azalmanın əsasən xaricdən, daha çox Rusiya, Ukrayna və digər ölkələrdən idxal olunan məhsullarda müşahidə olunduğu bildirilir. Qeyd olunur ki, xüsusən çay, qənnadı məhsulları, sosiska və kolbasa məmulatlarında bir neçə ay əvvələ qədər müşahidə olunan çeşid bolluğu yoxdur.

Əmtəələrin qıtlaşmasını alıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, uzun müddət aldıqları idxal markalarını yerli mallar əvəzləyir. Məsələn, qənnadı məmulatları arasında Rusiya istehsalı olan şokoladlar azalıb. Ukraynanın “Roshen” firmasına məxsus konfetlərin cəmi bir neçə çeşidi var.

Azərbaycana ərzaq məhsullarının ən böyük idxalçılarından biri olan “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlham Məmmədzadənin “Yeni Müsavat”a verdiyi məlumata görə, onların idxal etdiyi ərzaq məhsulları çeşidlərində hər hansı dəyişiklik yoxdur: “Bizim idxal etdiyimiz məhsul və ya satışda heç bir dəyişiklik yoxdur. Normal şəkildə həmişəki qaydada idxal və dağıtım həyata keçirilir”.

Satış şəbəkələrindən aldığımız məlumata görə, həqiqətən əsasən Rusiyadan gətirilən bir sıra məhsulların idxalı demək olar ki, dayanıb. Qeyd edək ki, Rusiyadan ölkəmizə ərzaq məhsullarından əsasən balıq və balıq məhsulları, süd və süd məhsulları, qənnadı məmulatları, çay idxal olunur. Maraqlıdır ki, nə Rusiya, nə də Azərbaycanın gömrük orqanlarından idxal-ixraca heç bir maneə yoxdur. Yəni məhsulların ixracı və idxalına hər hansı məhdudiyyət tətbiq olunmur.

Satış şəbəkələrindən “Yeni Müsavat”a verilən məlumata görə, problem istehsalçılarda yaranıb. Belə ki, istehsalçılarda məhsul istehsalında son bir ayda ciddi azalma baş verib. Rusiya tərəfi bunu bayram tətilləri ilə izah edir. Bildirilir ki, bayram tətilləri uzunmüddətli olduğu üçün istehsalda ciddi azalma baş verib. Satış şəbəkələrindən verilən məlumata görə, istehsalçılar yanvarın 15-dən vəziyyətin düzələcəyini, məhsul ixracının bərpa olunacağını bildiriblər.

Ukraynadan idxalda isə hər hansı problem yoxdur. “Roshen” firmasının məhsullarına gəlincə, onların idxalı ötən ilin ortalarından azalıb. Bu da həmin firmanın Rusiyadakı istehsal müəssisəsinin fəaliyyətini dayandırması, Ukraynada isə istehsalın kəskin azalması ilə bağlıdır.

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-noyabrında Azərbaycana 1 milyard 226 milyon manatlıq yeyinti məhsulları idxal olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.