POMPEONUN BƏRZANİNİN OĞLU İLƏ GÖRÜŞÜ NƏYƏ İŞARƏDİR? –ABŞ "Ərəb NATO-su"nu gücləndirir - TƏHLİL

13-01-2019, 10:31           
POMPEONUN BƏRZANİNİN OĞLU İLƏ GÖRÜŞÜ NƏYƏ İŞARƏDİR? –ABŞ "Ərəb NATO-su"nu gücləndirir - TƏHLİL
Ergün Diler

“Takvim”, Türkiyə, 11 yanvar 2019-cu il

Prezident Tramp tam mühasirəyə alınıb. Milli təhlükəsizlik müşaviri Boltonun İsraildə gördüyü işlər, Türkiyəyə necə baxdığı da ortada. YPG ilə bağlı əməllərə heç ara verilməyib. Başqa ssenari ilə hərəkətə davam etmək istəyirlər.

Sabiq Müdafiə nazirləri belə, Boltona rəhm etmədən hücum edirlər. Türkiyənin önəmini bilənlər rasional çıxışlar edirlər. Lakin ABŞ da əl altından bizə qarşı öz oyununu səhnəyə qoymağa cəhd etməkdədir. Gəlin, bu gün bu məsələyə baxaq. Çünki bu məsələdən uzun müddət bundan öncə söz açmışdım. Son günlərdə isə təkrarən sürət götürüb.

Bu gün nələrin baş verdiyini anlamaq üçün Pompeonu izləmək lazımdır. ABŞ Xarici işlər naziri Pompeo Milli təhlükəsizlik müşaviri Boltonla yaxşı anlaşır.

Pompeo, Şimali İraqda Məsud Bərzaninin oğlu Mənsur Bərzani ilə görüşdü. Deməli, yeni dövrdə Şimali İraqda önə çıxacaq çəxs Mənsur Bərzani olacaq.

Xarici işlər naziri Pompeo, bir həftə ərzində Orta Şərqdə səfərdə olacaq. Səudiyyə Ərəbistanı, Qətər, Misir, BƏƏ, Küveyt, İordaniya və Oman da onun səfər edəcəyi ölkələr sırasındadır. Yaxşı, bu səfərlərin məqsədi nədir? Düyün nöqtəsi buradadır.

Pompeonun bu səfərindəki ən önəmli planı “Ərəb NATO-su”nun elan edilməsidir. Çünki Şimali İraqın da içində olacağı bu qurum, dolayı yolla, YPG-nin də orada olmasını təmin edəcək. Oyun budur.

Günlərdir “ABŞ heç bir yerə getmir, gedə bilməz” deyərək, yazıram. Bu, gerçəkləşərsə, “Ərəb NATO-su” planı həyata keçərsə, Türkiyənin regional təsirinin azaldılması məqsədi də güdüləcək. Bu addımla birlikdə, Aralıq dənizi də ABŞ-ın olacaq.

İndi Türkiyə YPG-yə qarşı əməliyyat keçirmək istəsə, bu addımı “Ərəb NATO-su”na qarşımı atacaq? Ankaranın qarşısına gətirmək istədikləri də budur. Deməli, YPG-dən vaz keçən, ona arxa çevirən yoxdur. Əksinə, onun üçün böyük müdafiə qalxanı formalaşdırılır.

Türkiyənin, buna cavab olaraq, PESCO-ya (The Permanent Structured Cooperation – Daimi Strukturlaşmış Əməkdaşlıq, AB-nin müdafiə və təhlükəsizlik siyasətinin bir hissəsi – tərc.) doğru addım atma ehtimalı Pentaqonda imkansıza yaxın ehtimal olaraq qəbul edilir.

“Ərəb NATO-su”nun qurulma səbəbi Aralıq dənizidir. Ancaq indi bunun ABŞ-ın Suriyadan çıxma planı ilə birlikdə, Orta Şərqin dizayn edilməsi və YPG-yə kimlik vermək üçün addım atılması olduğunu anlayırıq. Yəni, oyun içində oyun var.

Pompeo “Xaşuqci cinayəti” səbəbilə Səudiyyə Ərəbistanından istədiyi hər şeyi alacaq. Bunu təxmin etmək heç də çətin deyil. ABŞ-ın iş prinsiplərini bir az bilənlər bunu çox öncədən anlar. Bu gün Pompeo, şahzadə Salmana “Xaşuqciüçün sənə 1 trilyon dollar cəza kəsdik” deyərsə, ertəsi günü pul hesaba yatar. Bu kozırı dünyada ən yaxşı istifadə edəcək ölkə ABŞ, şəxs isə Pompeodur.

Artıq sürətli addımlarla “Ərəb NATO-su”nun elan edilməsinə doğru gedirik. Pompeo, Türkiyənin regionda təsirli olmasını istəmir. Çünki regionda təsirli olan Türkiyə, ABŞ-ın kürd siyasətilə bağlı planlarında sapmalara səbəb olur. Ayrıca, İran siyasətinin zibilliyə getməsinə yol açır. Bu iki səbəbə görə ABŞ güclü Türkiyə istəməz. Ona görə də ABŞ, İran əməliyyatını Türkiyənin başqa problemlərlə məşğul olduğu dövrdə keçirmək istəyir.

Vaşinqton, iqtisadi çətinliklər yaratma və YPG kozırını da əlində saxlayır.

Mənsur Bərzani ilə keçirilən görüşlərdən də göründüyü kimi, ABŞ planlarında YPG ilə Peşmərgənin 100 minlik güclü bir ordu olması nəzərdə tutulur. Bunun üçün Bərzani ilə Ankaranın arasının pozulması lazım idi. Bu məqsədlə də Pompeonun fikri olan “Şimali İraq referendumu” həyata keçirildi. Bir neçə gün içində Türkiyə ilə Bərzaninin yaxın münasibətləri tarix oldu.

Pompeo bölgədəki əməliyyatların uğurlu olması üçün Türkiyə ilə Rusiyanın da problemli bir dövr yaşamasını istəyir. Bu fikir Pentaqonda da keçərlidir.

İndi bu istiqamətdə irəliləmək istəyirlər. Ancaq bunun üçün İngiltərənin atacağı addımları gözləyirdilər. Bu addımlar gecikməyə başlayıb. Çünki İngiltərə pərdə arxasında Rusiya ilə təmas qurub. Xüsusilə Qara dənizlə bağlı bəzi anlaşmalara zəmin axtarıldığı və önəmli yol qət edildiyi məlumdur. Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko İngiltərə Baş naziri Tereza Meylə görüşüb. Çox önəmli həmlələr edilib. Bu, gizli görüş idi, lakin tərəflərin Vaşinqtonun görməsini istədikləri bir addım idi. Elə də oldu.

Agent Skripal məsələsilə bağlı iki ölkəni qarşı-qarşıya gətirən gücün Pompeonun qrupu olduğunu artıq Moskva və London bilir. Rusiya və İngiltərə diplomatik korpuslarını yeniləmək üçün anlaşarkən, agent Skripal məsələsində çox önəmli hadisələrin yaşanacağı və bundan da Vaşinqtonun böyük narahatlıq duyacağı söylənir.

ABŞ, Rusiya ilə İngiltərənin yaxınlaşmaması üçün Kraliça II Yelizavetanın ailəsindən istifadə etməkdə qərarlıdır. İngiltərədə bir manevr planlaşdıran ABŞ, ssenari mövzusu olaraq “Rusiyanın Londonu işğal etməsi”ni seçəcək. “Rus işğalına qarşı” keçiriləcək manevrdə şahzadə Harri də iştirak edəcək. Bu da Kral ailəsinin, hələ ki, Vaşinqtonla birlikdə addım atdığını göstərir.

Ancaq Rusiya bu məsələyə əhəmiyyət verməyəcəyini Tereza Meyə çatdırıb. Pompeonun Şimali İraqda Mənsur Bərzani ilə görüşməsilə bir vaxtda Tereza Meyin Londonda Rusiya səfiri Aleksandr Yakovenkonu qəbul etməsi bu ölkələrin eyni hədəfə doğru can atdığını göstərməklə bərabər, dünyanın böyük bir kənd halına gətirilmək istəndiyinin də sübutudur.

Bir-birindən ayrı kimi görünən hadisələrin əslində tamamilə eyni plan daxilində edilən qarşılıqlı həmlələr olduğunu anlamaq da artıq çətin deyil.

Mənsur Bərzaninin bundan sonra atacağı addımların Vaşinqtonun yeni qərarlarının elanı olacağını təxmin etmək də çətin deyil.

Qeyd: London-Moskva yaxınlaşması nəticə verdi. Bu həftəsonu 300 min “sarı jiletli” Londonda səhnəyə çıxacaq. Nəyə görə küçəyə çıxacaqlarını bilmirəm, lakin Vaşinqtonun nə istədiyini anlamaq çətin deyil…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.