“Nasist legionerləri” Azərbaycana qarşı, yaxud böyük pullar uğrunda amansız mübarizə…

14-01-2019, 11:37           
“Nasist legionerləri” Azərbaycana qarşı, yaxud böyük pullar uğrunda amansız mübarizə…
Eyni məsələni müxtəlif variantlarda və kombinasiyalarda sonsuza qədər təkrarlamaq: bu, “informasiya müharibəsi”nin açar elementlərindən biridir.

Məqsəd ictimai rəyi kütləvi şəkildə yalan xəbər atəşinə tutmaq, bir məsələni müxtəlif formalarda təqdim etmək və həqiqətin ortaya çıxmasına imkan verməməkdir. Bu gün Azərbaycanın üzərinə məhz bu istiqamətdə hücum edilir.

Azərbaycana qarşı kampaniya Mehman Hüseynov üzərindən özünün belə xəbəri olmadan başladıldı, ardınca məsələnin mahiyyətinin aydınlaşmasını gözləmədən müxtəlif yalan informasiyalar yayıldı, daxildəki müəyyən qruplar sosial şəbəkələrdə pərakəndə formada şaiyələr istehsal etdilər, daha sonra Qərbdə bəlli dairələr Avropaya “sığınanları” silahlandıraraq küçələrə çıxarırlar. Gerçək olmayan bir hadisənin ətrafında yaradılan bütün bu xaosun bir hədəfi var: həqiqət ortaya çıxmasın.

Yanvarın 11-də Nürnberqdə Azərbaycana qarşı keçirilən aksiya da zəncirin son halqası idi. Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzinin keçirdiyi aksiyada “Azərbaycanda siyasi məhbuslara azadlıq” tələb ediblər. Diqqət edin, bir nəfər üzərindən başlanan kampaniyanı genişləndirilərək, prosesi böyütməyə çalışırlar. Əslində zəncirin halqaları əvvəldən bu istiqamətdə bir-birinə bağlanırdı.

Avropa küçələrində oynanılan “kukla teatrı”nda pərdənin arxasındakı əllərin erməni lobbisi də daxil olmaqla Azərbaycana qarşı olan dairələr olduğu bəllidir. Bəs, bu teatrda “kukla” olmağa razı olanlar kimlərdir?

Onlar II Dünya müharibəsində nasistlərin xarici legionlarının əsgərlərinə çox bənzəyir. Nasistlər yalnız onlarla birlikdə döyüşməyə razı olan əsirlərin canını bağışlayır və əlinə silah verirdilər. Bu döyüşçülər də (aralarında azərbaycanlı əsirlər xüsusi çəkiyə malik idi) gəldikləri yerə, vətənlərinə qarşı müharibə aparırdı.

Və tarixin ironiyası olmalıdır ki, nasistlərin ədalət qarşısına çıxarıldığı Nürnberqdə 73 il sonra Azərbaycandan gedənlər öz vətənlərinə qarşı aparılan müharibədə iştirak edirlər. Çünki Avropa paytaxtlarında yaşamaq çox bahalıdır və bunun üçün verməyə heç nəyin yoxdursa, buyur, öz ölkəni söy, Vətəninə qarşı plakatlar qaldır!

Dəhşətli mənzərədir, lakin bütün bu baş verənləri araşdıranda Azərbaycandan gedərək, Avropa küçələrinə tökülənlərin öz ölkələrinə qarşı çıxmaqdan məmnun göründükləri, küçələrə aldıqları pulların qədərində adam və plakat çıxardıqları aydın olur.

Onlar kimlərdir?

Aksiya xəbərində “Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi” təşkilatçıların adı olaraq keçir, lakin məhz bu adın arxasında böyük pulların dövr etdiyi şübhəsizdir. Diqqətçəkən ilk məqam son dövrlər Avropada “Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi” adı altında Azərbaycana qarşı keçirilən aksiyaların artmasıdır. Halbuki, ona qədər müxtəlif yollarla Avropaya qaçan və yaşamaq qarşılığında Azərbaycana qarşı çıxmaq öhdəliyi götürənlər daha çox gözə dəyirdi. 2016-cı ildən sonra isə “müsavatçılar” da “nasist legionlarının sıralarına qatıldı”.

“Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi” 2016-cı ilin 24 oktyabrında Almaniyanın Franfurkt şəhərində təsis edilib. Belə bir mərkəzi təsis etmək üçün əvvəlcə Avropada müəyyən sayda tərəfdarın olmalıdır və sual yaranır ki, Avropada nə qədər müsavatçı var?! Məhz burada Müsavat rəhbərliyinin “mühacirət biznesi” yada düşür.

FAKTLAR: Müsavatın pul qarşılığında partiya vəsiqəsi satdığı və müştərilərinin Avropa ölkələrində “siyasi mühacir” almasını təmin etdiyi 2015-ci ildə ortaya çıxdı. Alverin ortaya çıxdığını görən partiya etiraz bəyanatı yaydı və “Müsavat vəsiqəsi” ilə mühacirətə gedənlərin sənədlərinin saxta olduğunu bildirdi. Həmin bəyanatda adıçəkilən Elnur Mirzəyev isə Müsavatda kimə nə qədər pul verdiyini, ümumilikdə “mühacirət biznesi”nin sirlərini açdı.

“Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, buradan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim – 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orada ticarətlə məşğuldurlar. Maskaları cırılanda isə məni güdaza vermək istədilər. Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən almışam. Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Əlimdə fakt kimi mesajlar, Facebook və Vatsap yazışmaları var. Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağam. Hamı bilir ki, Müsavat Partiyası bu alverlə 6-7 ildir məşğul olur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mən isə bu məsələni belə qoymayacağam” – Mirzəyev faktları açıqlayır.

Müsavatçı olaraq tanınan, hazırda İsveçrədə yaşayan Elbəyi Həsənlinin açıqladığı faktlar xüsusilə diqqət çəkir: “Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Belə arayışlar mühacirətə getmək üçündür. Bilirsiniz ki, mayın 16-da İsveçrədə yaranmış “Ocaq” Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən istefa verdim. Çünki Müsavatın Bakıdakı funksionerləri “Ocaq” üzvü olan və hələ siyasi sığınacaq almamış müsavatçılara hədə-qorxu gələrək onlara seçim etməyi, Elbəyi Həsənlidən uzaqlaşmalı olduqlarını tapşırdılar. Yoxsa onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacağını dedilər… Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər… Şəkilli arayışı 1500, şəkilsizi 800 manata satırlar…”.

Belə faktlar kifayət qədərdir və bu təsdiq edir ki, “Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi” partiya rəbərliyinin aldıqları pul qarşılığında vəsiqə verərək, Avropaya göndərdiyi “saxta fəallardan” təsis edilib. Bu gün “saxta kimliyə” sahib olanlar Avropada Azərbaycana qarşı hücumda iştirak edirlər.

1. Onlar bu hücumda iştirak etməkdən imtina etsələr, saxta olduqları haqqında məlumat dərhal səfirliyə veriləcək və mühacirət həyatları başa çatacaq.

2. Saxta yollarla Azərbaycandan gedən bu şəxslər Avropadakı həyatlarını məhz öz ölkələrinə qarşı çıxmaq müqabilində aldıqları pul hesabına təmin etdikləri üçün küçələrə çıxırlar.

3. Müsavat isə bu yolla Avropada anti-Azərbaycan qüvvələrin “hücum planı”nda yer almaqla payını əldə edir və əzəli rəqibi AXCP ilə pay uğrunda mübarizə aparır.

Hər şey bir-birinə zəncirvari şəkildə bağlıdır: Avropada anti-Azərbaycan qüvvələr Bakıya qarşı hücumun təşkili üçün böyük vəsaitlər ayırır; bu vəsaitlərin bir qismi Azərbaycan daxilindəki qüvvələrə, digər qismi isə Azərbaycandan Avropaya gedənlərə verilir; Azərbaycanda siyasi partiyalar (Müsavat və AXCP) ayrılan vəsaitdən daha çox pay götürmək uğrunda mübarizə aparır və bunun üçün saxta yolla Avropaya göndərdikləri şəxsləri özlərindən asılı vəziyyətə salırlar, hər iki cəbhəyə ayrılan pullar eyni “katyola” axır.

Üçüncü cəbhə isə son dövrlər “söyüş müxalifəti” adı ilə gündəmə gələn qruplardır. Proseslərin analizi və ortaya çıxan faktlar bu qruplara hazırda Avropada yaşayan Leyla Yunusun rəhbərlik etdiyini göstərir. Bu qrupun da payına külli miqdarda pullar düşür. Bu günlərdə “söyüş müxalifəti”nin üzvləri Məhəmməd Mirzəli ilə Tural Sadıqlının arasında yaşanan qarşıdurma bütün sirləri ortaya çıxardı. Məlum oldu ki, Azərbaycana qarşı çıxmaq üçün bu şəxslərə 100 minlərlə avro qrant ayrılır. Məhəmməd Mirzəlinin Tural Sadıqlının ayrılan qrantdan ən azı 80 min avronu mənimsədiyi, ona isə cəmi 100 avro göndərdiyi haqqında açıqladığı faktlar isə anti-Azərbaycan şəbəkəsinin əslində kim olduqlarını və nələrin uğrunda “mübarizə” apardıqlarını sübut etdi.

Göründüyü kimi, Azərbaycana qarşı bütün bu hücumların arxasında böyük pullar və onun mənimsənilməsi uğrunda gedən amansız mübarizə var: kim daha yüksək qışqıracaq, o qədər çox alacaq. Bu qrupların anti-Azərbaycan qüvvələrin hücum planında yer almaq üçün bir-biri ilə yarışa girməsinin səbəbi də məhz budur.

Və onlar 73 il sonra Azərbaycana qarşı “nasist legionerləri” olaraq yenidən hücuma keçiblər…

Asif Nərimanlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.