“Apple” və “Amazon”un ucuzlaşmasının səbəbləri - ANALİTİKA

16-01-2019, 12:56           
“Apple” və “Amazon”un ucuzlaşmasının səbəbləri - ANALİTİKA
Bir neçə ay bundan əvvəl bütün dünya ABŞ-ın texnologiya nəhəngi “Apple” və elektron ticarət nəhəngi “Amazon” korporasiyalarının bazar dəyərinin 1 trln. dolları keçməsindən danışırdı. Buna səbəb onların səhmlərinin qiymətinin müvafiq olaraq 200 və 2 000 dolları üstələməsi idi. Hazırda isə sözügedən qiymətlər müvafiq olaraq 150 və 1 700 dollar ətrafındadır. Başqa sözlə, korporasiyalar bazar dəyərini təxminən 20% itirib.

“Report” analitik qrupu hesab edir ki, “Apple”ın ucuzlaşması onun ABŞ-dan olan mikroçip istehsalçısı “Qualcomm” şirkəti ilə məhkəmə çəkişməsində olması ilə bağlıdır. Belə ki, “Qualcomm” “Apple”ı ona məxsus proqram təminatından ödənişsiz istifadə etməkdə (patent qaydalarını pozmaqda) ittiham edir. Tərəflər bu məsələ ilə bağlı bir dəfə Çində qarşı-qarşıya gəliblər və bu ölkənin məhkəməsi “Apple”ın istehsalı olan “iPhone” smartfonlarının Çin bazarında satışını qadağan edib.

“Qualcomm” “Apple”a qarşı Almaniya məhkəməsində də iddia qaldırıb və bu ölkənin ərazisində “iPhone”nun satışının dayandırılmasını tələb edib. Amma bu iddia qismən təmin edilib.

Qeyd edək ki, “Qualcomm” “Apple”a satdığı hər mikroçipin müəllif hüququna görə 18-20 dollar ödəniş tələb edir. “Apple” isə 7,5 dollardan çox ödəniş etmək niyyətində deyil və son vaxtlar “Qualcomm”a ödənişlər tamamilə dayandırılıb. Baş verənlərin fonunda “Apple”a məxsus qiymətli kağızlar ucuzlaşmaqdadır. Bununla belə, qiymət azalması tendensiyasının tədricən dəyişməsi və səhmlərin qiymətinin yenidən artaraq 250 dollara çatması istisna deyil.

“Amazon”un dəyərdən düşməsinə gəlincə isə, bu, çox güman ki, korporasiyanın səhmdarlarına dividend ödəməməsi ilə bağlıdır. Baxmayaraq ki, son 1 ildə “Amazon”un xalis mənfəəti 8,9 mlrd. dollar, dövriyyəsi 26,7 mlrd. dollar, o cümlədən nağdsız dövriyyəsi 13,36 mlrd. dollar təşkil edib.

Bir sıra ekspertlər isə hesab edirlər ki, “Amazon”un səhmlərinin ucuzlaşması şirkətin rəhbəri və 16%-lik səhmdarı olan Cef Bezosun gizli planıdır. Bununla o, varidatının dəyərini az göstərməyə və vergidən yayınmağa çalışır. C.Bezosun şəriki olduğu həyat yoldaşından rəsmən ayrılmasının da bu planın tərkib hissəsi olduğu bildirilir.
Bununla belə, “Amazon”un ucuzlaşması tendensiyası da müvəqqəti ola bilər. Əgər korporasiyanın səhmləri yenidən bahalaşmağa başlaması, qiymətin 2 000 dollarlıq həddi keçəcəyi, hətta 2 300-2 400 dollara yüksələcəyi istisna deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.