Generalın oğurluqda suçladığı keçmiş xanımının işi - şahidlər məhkəməyə gəlmədi

18-01-2019, 13:03           
Generalın oğurluqda suçladığı keçmiş xanımının işi - şahidlər məhkəməyə gəlmədi
Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.

Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib.

Onlar barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.

Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.

Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi elan edilib.

Hakim bildirib ki, cinayət işində adı keçən şahidlərin bir çoxu Azərbaycanın ucqar rayonlarında məcburi köçkünlər üçün salınmış düşərgədə yaşayırlar.

Həmin şəxslər də hava şəraiti ilə əlaqədar olaraq, məhkəməyə gəlməyib: "Ölkədəki hava şəraitinə görə, onları başa düşmək olur".

Daha sonra iclasda elan olunub ki, zərərçəkmiş E.Şəkinskinin hüquqlarını müdafiə etmək üçün onun nümayəndəsi Asəf Məmmədov məhkəməyə order təqdim edib.

Növbəti məhkəmə iclası yanvarın 25-nə təyin edilib.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.