Bakıda iş adamlarını belə aldadıblar - Türkiyədən Ebru Gündeş və Silanı gətirəcəkmişlər...

18-01-2019, 17:56           
Bakıda iş adamlarını belə aldadıblar - Türkiyədən Ebru Gündeş və Silanı gətirəcəkmişlər...
Tanınmış müğənniləri Bakıya gətirmək adı ilə iş adamlarına qarşı dələduzluqda ittiham edilərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Tural Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

O, “Vəlizadə prodakşın”ın rəhbəri kimi dörd nəfərə qarşı dələduzluq ittiham edilir.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında T.Vəlizadə özünü təqsirli bilməyib. O, iş adamlarından pulu borc aldığını söyləyib.

Bu gün baş tutan məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov məhkəməyə vəsatətlə müraciət edib.

Vəkil vəsatətdə bildirib ki, cinayət işində adı şahid qismində keçən Əli Vəliyev də cinayət məsuliyyətinə cəlb edilməkidir.

Müdafiəçi qeyd edib ki, Əli Vəliyev iş adamı, hüquqlarını müdafiə etdiyi Rövşən Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib.

"Rövşən Hacıyevə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli edib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alaraq Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirəm ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin"- deyə vəkil vəsatətdə qeyd edib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, Tural Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirərək konsert təşkil edəcəyi vədini verib. Bu vədlə T.Vəlizadə həmin şəxslərdən ümumilikdə 200 min dollar pul alıb.

T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.