Mnanqaqvanı Bakıya hansı siyasi səbəblər gətirdi? – Şərh

20-01-2019, 10:09           
Mnanqaqvanı Bakıya hansı siyasi səbəblər gətirdi? – Şərh
Zimbabve prezidenti MDB ölkələri içərisində məhz Azərbaycan, Qazaxıstan, Belarus və Rusiyaya səfər edib. Bu isə hər şeydən öncə postsovet məkanında innovativ texnologiyalara, neft-qaz sənayesində idarəetmə təcrübəsinə malik olan və müstəqil siyasət həyata keçirməsi ilə seçilən ölkələrə səfər deməkdir.

Bunu Axar.az-a Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Bakıya səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Afrikada yerləşən bu ölkə uzun müddətdir müxtəlif güc mərkəzlərinin təzyiqinə məruz qalır:

“Bu baxımdan da Zimbabve müstəqil milli siyasət və təzyiqlərə qarşı siyasi immunitet formalaşdırarkən çətinliklərlə üzləşir. Ona görə də Azərbaycanın müstəqil siyasət həyata keçirməsi, karbohidrogen və qaz ehtiyatlarını düzgün idarəetmə bacarığı bir sıra Afrika ölkələri kimi Zimbabvenin də diqqətini çəkir. Karbohidrogen resurslarının idarə olunması və ondan gələn gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönləndirilməsi təcrübə demək deyil. Ümumiyyətlə, neft ölkələrində iqtisadiyyat sadəcə neft üzərində formalaşır və beləliklə, diversifikasiya prosesində problemlər yaranır. Belə olan halda da ölkənin iqtisadi inkişafı neft resurslarının qiymətindən asılı olur. Azərbaycan bu prosesi doğru idarə edərək neftdən gələn kapitalı digər istiqamətlərə yönləndirməklə iqtisadiyyatının şaxələndirilməsini təmin edir. Bununla da Azərbaycan özünəməxsus bir milli iqtisadiyyat modeli formalaşdırıb. Beynəlxalq təşkilatların hesabatlarından da göründüyü kimi, bu iqtisadiyyat rəqabətqabiliyyətlidir və davamlı inkişafı təmin edə bilir”.

Millət vəkili Zimbabve prezidentinin Azərbaycana səfərinin daha bir aspektdən əlamətdar olduğunu düşünür:

“Azərbaycan idarəetmədə də intellektual brendlər yaratmağa nail olub. Məsələn, ASAN Xidmət brendinin bir sıra Afrika ölkələri tərəfindən öyrənilməsi və tətbiq olunması da məhz bu kontekstdən qiymətləndirilməlidir. Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu təşkilatın zirvə toplantısına ev sahibliyi edəcək. Zimbabve də bu hərəkata maraq göstərir. Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatıdır. Zimbabve burada öz milli maraqlarını uzlaşdıraraq məhz Azərbaycan təcrübəsinə istinad etməyə üstünlük verir. Göründüyü kimi, ilk baxışdan bizə uzaq görünən bir Afrika ölkəsinin Azərbaycanla münasibətləri sırf onun milli maraqlarından irəli gəlir. Eyni zamanda, Zimbabve də ölkəmiz üçün intellektual brendlərin ixracı baxımından perspektivlidir. Azərbaycan daha çox ölkələrin diqqətini çəkməklə özünün həm idarəetmə, həm də iqtisadiyyat modelini ixrac edən bir ölkəyə çevrilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.