Ərəblərin Azərbaycana gəlişini kimlər və niyə istəmir?

21-01-2019, 21:50           
Ərəblərin Azərbaycana gəlişini kimlər və niyə istəmir?
Müsəlmanlığı qəbul etməyib, Hindistana mühacirət etmiş və orada qucaratilərlə qaynayıb qarışaraq, onların etnokonfessioal icmasına çevrilmiş zındıqların daşıdığı “pars” adından ilhamlanaraq yaradılan “Parstoday” agentliyinin Azərbaycanın müstəqil xarici siyasətinə, xüsusilə ərəb ölkələri ilə qarşılıqlı əməkdaşlığına qarşı hücumu davam edir.

Zındıq adı daşıyan agentlik “Bakı-Ər-Riyad əlaqələri” adı altında absurd, qərəzli və yalan dolu 6 məqalə dərc etdi. Məqalələrin ana məqsədi Azərbaycana gələn ərəb turistlərin pislənməsi, Azərbaycan ictimai rəyinin Səudiyyə Ərəbistanın əleyhinə formalaşdırılması, ölkəmizin müstəqil siyasətinə hücum edilməsi idi. Bu iddialara cavab verildi və məlum oldu ki, Azərbaycanda ərəb turistləri haqqında çıxan əsassız xəbərlər məhz “Parstoday” və onları sifarişçilərinin mətbəxində hazırlanırmış. (Azərbaycanda ərəb turistlərə qarşı kampaniyanın sifarişçisi bəlli oldu).

Yalanlarının ortaya çıxarılması yetməyib ki, “Parstoday” “Bakı-Ər-Riyad əlaqələri” adında yalan və qərəzli iddialarını doldurduğu daha 11 məqalə dərc edib. Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun təbirincə desək, yalanları ortaya çıxsa belə, “Bu elə bir zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmur”.

“Parstoday”ın məqsədi bəllidir, lakin bir gündə (12 yanvar, 2019-cu il) “Bakı-Ər-Riyad əlaqələri” adı ilə 3 məqalə, daha sonra yenə bir gündə (18 yanvar, 2019-cu il) 7 məqalə dərc edilirsə və hər bir məqalə Azərbaycana qarşı açıq hücum xarakteri daşıyırsa, bu, dərc olunan yalanların hansısa bir jurnalist tərəfindən yox, bir mərkəzdə hazırlandığını və İrandan Azərbaycana qarşı total hücuma keçildiyini təsdiqləyir. Hərçənd, Azərbaycan-İran münasibətləri fonunda İran Milli Televiziyasına - İRİB-ə bağlı “Parstoday”in bu iddiaları şübhələrə yol açır: ya İran Səudiyyə Ərəbistanla tarixi qovğasında Azərbaycanın Körfəz ölkələri ilə müstəqil əlaqələrinə qarşı çıxır və informasiya hücumuna əl atır, ya da İranda müəyyən dairələr rəsmi Tehrandan xəbərsiz(?) şəkildə Azərbaycana dil uzadırlar.Hər iki versiyanın doğru olmaq ehtimalı eyni dərəcədə mümkündür, lakin hər iki halda burada Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi mövcuddur və bu, Bakı-Tehran münasibətlərinin ruhuna uyğun deyil. “Parstoday” iddiaları da bunu açıq şəkildə göstərir.

Ərəb turistinin İranın Səudiyyə ilə siyasi qovğasında nə işi var?

“Parstoday” əvvəlki 6 məqaləsində olduğu kimi yenə də Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən Azərbaycana gələn ərəb turistlərini hədəfə alır, onların gigiyenik qaydalara əməl etmədiyini, maşınlarını sürətli sürdüklərini, əxlaqsızlıq etdiklərini iddia edir, bir sözlə onları “vəhşi” adlandırır. Bu, qonşunun sənə sənin evində nələrin baş verdiyi haqqında nağıl danışması kimi bir şeydir. Ərəb turistləri Azərbaycana gəlir, İrana yox, necə olur ki, biz bütün bu deyilənlərdən xəbərsizik, amma bu zındıq agentlik bizə öz evimizdə baş verənləri “sıralayır”. Halbuki, ərəblərin Azərbaycana daha çox ailələri ilə gəldiklərini küçədə gəzərkən də görmək mümkündür. Ola bilsin ki, hansısa neqativ hal nə vaxtsa baş verib, lakin bu, kütləvi halda deyil. Araşdırmalarımız da təsdiq edir ki, ərəb turistləri haqqında kütləvi şəkildə yayılan neqativ xəbərlər məhz cənubdan gəlirmiş.

“Parstoday”ın belə iddialarını “Azəri İslam” adlı sayta istinadən yayması da bunu təsdiqləyir. Çünki “Azəri İslam” adlı sayt İranda müəyyən dairələrin nəzarətindədir, ərəb turistləri mövzusu da daxil olmaqla bir çox məsələdə Azərbaycana qarşı qarayaxma kampaniyasının əsas ruporlarından hesab olunur. Məlum olur ki, ərəb turistləri haqqında (yaxud hər hansı digər bir məsələ ola bilər) neqativ informasiya bu və digər İrana bağlı saytlarda peyda olur, daha sonra “Parstoday” kimi zındıqlar özlərinin ortaya atdığı iddialara istinadən hücuma keçirlər.

İddia olunur ki, ərəblər Azərbaycanın İranla sərhəddə yaxın olan ərazilərinə - Saatlı, İmişli, Biləsuvar və s. – gəlir və bunun İrana qarşı dostyana münasibət olmadığı haqqında şübhələr yaranır.

1. Ərəb ölkələrinin relyefi səhra tiplidir və bütün həyatını bu coğrafiyada yaşayan bir ərəbə 10, yaxud 20 günlük turistlik səfərində Aran bölgəsinə yox, Azərbaycanın qarlı dağlarına tur təşkil etmək turizm siyasəti baxımından absurd yanaşma olardı. Hərçənd, ərəb turistləri səfərləri boyunca heç olmasa 1 günlük də olsa dağ turlarına qatılırlar, Bakı və daha isti rayonlarda isə uzunmüddətli qalırlar. Turizm siyasətinin məqsədi ölkəyə gələn bir turistin gəlişini davamlı etməkdir, “Parstoday” isə bizə ağıl verir ki, ərəbləri qarlı dağlara aparın və onlar bir də geri qayıtmasın.

2. Azərbaycan dünyanın istənilən yerindən, o cümlədən region ölkələrindən gələn bütün turistlərin üzünə açıq ölkədir. Ərəb ölkələrindən gələn turistlərə necə münasibət sərgilənirsə, qonşu İrandan gələn turistlər üçün də eyni imkanlar təmin edilir. Azərbaycana gələn turisti siyasi qovğalara qarışdırmaq və burada art niyyət güdmək bir qədər şizofreniyanın əlamətlərindən xəbər verir.

Əslində “Parstoday”ın məqsədi Azərbaycanı İran-Səudiyyə Ərəbistanı davasına ortaq etməkdir. Halbuki, Azərbaycan Tehran və Ər-Riyada eyni məsafədən yanaşır və hər iki ölkə ilə yüksək səviyyəli münasibətlər qurub. Rəsmi Bakı heç vaxt İrana qarşı təzyiq siyasətinin tərəfi olmayıb və bütün şərtlərdə qonşusuna dəstək verib. “Parstoday”ın bu münasibətləri çeynəyərək, hücuma keçməsi ilk növbədə İranın maraqlarına ziddir.

Əlinin Ninoya eşqini çarmıxa çəkənlər niyə Xosrovun boynunu vurmur?

Agentliyin digər məqaləsində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin 31 dekabr 2017-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirdiyi mərasimdə “Əli və Nino” filminin nümayiş etdirilməsindən bəhs edilir. Sayt iddia edir ki, “Əli və Nino” Azərbaycan xalqının mədəniyyətini və inancını təmsil etmir. Çünki müsəlman Əlinin xristian Ninonu sevməsi qəbahətmiş.

İki sivilizasiyanı təmsil edən insanların bir-birini sevməsi motivi tarix boyu ədəbiyyatda, incəsənətdə, kinematoqrafiyada əsas mövzulardan olub və özündə ümumbəşəri dəyərləri, dinindən, milli kimliyindən asılı olmayaraq hər kəsin bərabər olduğunu ideyasını ehtiva edir. Azərbaycanın dinlərin bərabər şəkildə yaşadığı tarixi tolerantlıq mühiti fonunda “Əli və Nino” əsəri milli mədəniyyətimizin nadir incilərindəndir. Bu əsər əsasında lentə alınmış eyniadlı film isə dünyada Azərbaycan mədəniyyətinin tanınmasında mühüm rol oynayır. İranda Azərbaycana qarşı qərəz və yalan dolu uydurmalar irəli sürənlərin azərbaycanlılara öz mədəniyyətləri haqqında ehkam kəsməyi isə gülünc və gülməli görünür. Hər-halda İranda daim azərbaycanlılara, ərəblərə, eləcə də digər milli-dini azlıqlara qarşı yürüdülən siyasətin içindən çıxmış “Parstoday”ın “Əli və Nino”nu anlaması təəccüblü olardı. Lakin İran ədəbiyyatında da bu motivlər zaman-zaman öz əksini tapıb: Şərq ədəbiyyatında Xosrovun xristian şahzadəsi Şirinə olan eşqi ilk dəfə Firdovsinin “Şahnamə”sində əksini tapıb; İranda hər il anım günü keçirilən şair Əttar Nişapuri də dinlərin eşqin önündə əngəl ola bilməməsi mövzusuna toxunub;

“Əli və Nino” sırf müsəlman Əlinin xristian Ninoya sevgisinə görə Azərbaycan mədəniyyəti və inancına ziddirsə, o zaman, İran ayətullahları Firdovsi və Əttarı çoxdan “dar ağacına” çıxarmalı, hətta Xosrovun dərəsini soymalı idi. Görəsən, bu şairələrin boynu indiyə qədər niyə vurulmayıb?!

Agentlik isə “bu filmdə Azərbaycan xalqının və mədəniyyətinin təhrif edilməsi, keçmiş SSRİ dövründə media üzərindən həyata keçirilən təhrifləri xatırladır. Lakin kommunist sistemi müsəlman Azərbaycan xalqının İslam kimliyini 70 il boyunca dəyişdirə bilmədiyi kimi, bu ölkənin hazırki dünyəvi hakimiyyəti də Azərbaycan xalqının İslam kimliyini dəyişdirə bilməyəcək” deyə iddia edir və burada İslam dedikdə əslində nəyi nəzərdə tutduğunu, İranın dini dairələrinin şiəlik üzərindən öz hakim mövqelərini bölgədə yeritmək planlarını yada salır.

Azərbaycanın dövlət quruluşu zorla dəyişdirməyə cəhd edənlərin İslama nə dəxli var?

“Partsoday”in Azərbaycanda İslama qarşı mübarizə aparıldığı, 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunsa da şiələrə qarşı hücumların edilməsi haqqında uydurmları da İranın bütün regionda həyata keçirməyə cəhd etdiyi dini-ideoloji siyasətinin davamıdır.

Azərbaycanı dünyəvi hakimiyyət idarə edir, lakin buna baxmayaraq, İslam dəyərləri dövlət tərəfindən qorunur və insanlar öz etiqad azadlıqlarını sərbəst şəkildə yerinə yetirə bilirlər. Bu baxımdan, Azərbaycan İran da daxil olmaqla bütün regionda nümunəvi ölkədir. Bəs, İranda İslam dəyərləri qorunurmu?

- İranın dini dairələrinin siyasi şiəlik üzərindən neçə onilliklərdir bütün bölgənin dini mənzərəsini dəyişdirmək uğrunda mübarizə apardığı məlumdur və ən dəhşətlisi bu siyasətin məhz İslam dəyərlərinin xərclənməsi hesabına həyata keçirilməsidir. Xüsusilə Səudiyyə Ərəbistanla siyasi qovğada şiə üləmalarının İslam müqəddəslərindən üstün tutulması, Kərbəlanı bütün dünya müsəlmanlarının qibləsi olan Kəbəyə alternativ qoymaq cəhdləri, o cümlədən, şiəliyi siyasi maraqların alətinə çevirmək fəaliyyəti göz önündədir.

- İranda sünni azlığa, ərəbdilli etnik qruplara qarşı dini təzyiqlər adi hal alıb və bu azlıqlar məhz dini inanclarına görə təqib edilirlər.

- Vaxtilə “Vilayəti-Fəqih” nəzəriyyəsini həyata keçirmək üçün minlərlə müsəlmanların qırılması, şiə alimlərinin sürgün edilməsi tarixi unudulmayıb. İndi də İslam dininə süni şəkildə calaq edilmiş bu nəzəriyyənin region ölkələrinə diktə edilməsi üçün bütün yollara əl atılır.

- “Azərbaycanda İslam dəyərlərinə qarşı mübarizə aparılır” iddiasının arxasında da məhz bu niyyətlər yatır. Çünki İranda “Parstoday”ın bağlı olduğu dairələr Azərbaycanda teokratik rejim qurmaq istəyir və bu istəyi həyata keçirməyə cəhd edən radikallara qarşı mübarizəni “İslama qarşı mübarizə” kimi qələmə verirlər.

İslam dəyərləri məzhəbindən asılı olmayaraq bütün müsəlmanların ibadət haqqının tanınması və buna yüksək şəraitin yaradılmasıdır, yoxsa İslam dinini siyasətə alət etmək?!

“Parstoday” Qarabağda erməni separatçılarına simpatiyasını gizlətmir

Ən maraqlı məqamlardan biri də “Parstoday”ın Dağlıq Qarabağ məsələsində İranın Azərbaycana daha çox dəstək verdiyini və bununla müqayisədə Səudiyyə Ərəbistanın dəstəyinin olduqca cüzi olduğunu iddia etməsidir. Halbuki, Qarabağ müharibəsində “Ermənistana silah, Azərbaycana isə saqqız və soğan” verən ölkənin Səudiyyə olmadığı hər kəsə bəllidir. O da bəllidir ki, bu gün məhz işğal faktına görə Ermənistanla diplomatik əlaqə qurmayan ölkə Səudiyyə Ərəbistanıdır.

“Partsoday” məqalələrinin birində “Qarabağ məsələsində Səudiyyə Ərəbistanının dəstəyi və Ər-Riyadın 2002-ci ilin 11 avqustunda Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsini qınaması Bakını dərindən sevindirir” yazmaqla özünü də ifşa etmiş oldu.

Dağlıq Qarabağ Azərbaycan torpağıdır və orada Ermənistan tərəfindən yaradılmış separatçı rejimin “seçki” keçirməsi qanunsuzdur, dünyanın Ermənistan da daxil olmaqla heç bir ölkəsi separatçı rejimi tanımır. Maraqlıdır ki, bütün dünya mediası Dağlıq Qarabağdakı qondarma rejimdən bəhs edərkən ən azı “tanınmamış respublika” ifadəsindən istifadə edir, “Parstoday” isə “Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsi” ifadəsi ilə separatçılara açıq dəstəyini və simpatiyasını gizlətmir. Təkcə bu ifadənin özü belə “Parstoday”ın qələmini tutanların və bağlı olduğu dairələrin ölkəmizə münasibətini göstərir və bu zındıqların iddialarının Azərbaycanı qaralamaq, müstəqil siyasətinə mane olmaqdan başqa heç bir mahiyyət daşımadığını təsdiqləyir.
iqtisadiyyat.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.