“Tərəflər arzu etdiyi balığı tutmağa çalışır” – Politoloq Ərdoğanın Rusiya səfərindən danışdı

24-01-2019, 08:37           
“Tərəflər arzu etdiyi balığı tutmağa çalışır” – Politoloq Ərdoğanın Rusiya səfərindən danışdı
“Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Rusiya səfəri Suriyada müşahidə edilən proseslər çərçivəsində əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə arasında intensiv danışıqların aparılması, regional məsələlərin diqqətə alınması müsbət hadisədir”.

Bu fikirləri politoloq Oqtay Qasımov bu gün Türkiyə və Rusiya liderləri arasında baş tutan təmasları Teleqraf.com-a şərh edərkən deyib.

Oqtay Qasımov əlavə edib ki, bu gün Suriya ətrafında sanki kartlar yenidən paylanılır və yeni oyun konfiqurasiyası qurulur:

“Diqqət edin, bir ay öncə Amerika bəyan etdi ki, qoşunlarını Suriyadan çıxarır. Sonradan elan olundu ki, ordunun Suriyadan çıxarılacağı gün bəlli deyil, bu proses mərhələli formada aparılacaq. Bu ərəfədə Amerika siyasi elitasında istefalar baş verdi və Trampın öz qərarına münasibətində dəyişikliklər yaşandı. Prezident Tramp Tvitter mesajında elan etdi ki, Türkiyə dövləti Suriyadakı kürdlərə hücum edərsə, Türkiyəni iqtisadi baxımdan məhv edər. Bu baxımdan əslində Suriyada məsələlər tam yekunlaşmaq üzrə inkişaf etmir. Bulanıq suda hər bir tərəf sanki arzu etdiyi balığı tutmağa çalışır.

Digər tərəfdən, görünən məqam odur ki, ABŞ və Rusiya sanki Suriyadakı prosesləri öz aralarında razılaşdırıb və proses onların düşündüyü istiqamətdə inkişaf edir. Türkiyə təbii ki, bu məqamda öz maraqlarını önə çəkməklə incə siyasət aparmalıdır. Bu da Suriyadakı əsas güclərlə-İran, Rusiya və Amerika ilə tarazlaşdırılan siyasətin aparılmasından keçir”.

Oqtay Qasımov hesab etmir ki, prezident Ərdoğanın Rusiya səfərindən sonra Türkiyə Menbiç istiqamətində hərbi əməliyyatlara başlaya bilər. Onun fikrincə, Amerikanın razılığı olmayana qədər Türkiyə Menbiç istiqamətində hərbi əməliyyatlara başlamayacaq:

“Bu, açıq şəkildə hiss edilir. Baxmayaraq ki, Türkiyə qətiyyət göstərir və iradəsini ortaya qoymağa çalışır. Yəni bütün çətinliklərə və təhlükələrə baxmayaraq, Türkiyə addımını ata bilər, amma indiki mərhələdə diplomatik kanallarla iş aparılmasına daha çox üstünlük verilir. Məncə, Menbiç Rusiyadan daha çox Amerika ilə razılaşdırılmalı olan məsələdir. Baxmayaraq ki, Rusiya Suriyada əsas söz sahibi olan dövlətlərdən biridir. Hesab edirəm ki, bu gün keçirilən Ərdoğan-Putin görüşü fərqli baxışlara və ziddiyyətli məqamlara baxmayaraq, əhəmiyyətli olacaq. Lakin qəti addımların atılmasının yaxın günlərdə baş verəcəyini zənn etmirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.