KATOLİK KİLSƏSİNİN QARANLIQ ÜZÜ- Təcavüzə uğrayan rahibə və uşaqlar, cəzasız qalan keşişlər…

11-02-2019, 08:58           
KATOLİK KİLSƏSİNİN QARANLIQ ÜZÜ- Təcavüzə uğrayan rahibə və uşaqlar, cəzasız qalan keşişlər…
Kilsə xadimləri ilə bağlı seksual cinayətlər zaman-zaman mətbuatın gündəminə gəlir. Bu mövzuda çəkilən ifşaedici filmlərin də sayı az deyil. Belə ittihamlarla üzləşən din xadimləri arasında vəzifəsindən uzaqlaşdırılanı da olub, azadlıqdan məhrum ediləni də. Lakin çox vaxt qurbanlar cinsi təcavüzə yol verən kilsə xadimlərinin məsuliyyətdən kənarda qalmasından gileylənirlər. Onların fikrincə, əksər hallarda kilsənin də, təcavüzçünü mühakimə etməli olan orqanın da mövqeyi qurbanların lehinə olmur.

Roma Papası Fransisk etiraf edib ki, son bir neçə ildə katolik kilsəsində yepiskoplar da daxil olmaqla, müxtəlif ranqlı din xadimləri rahibələrə qarşı xoşagəlməz rəftara, təcavüzə yol veriblər. Bəzi hallarda isə onlardan “seks köləsi” kimi istifadə ediblər.

Bu arada, Fransisk rahibələrin katolik kilsəsi nümayəndələri tərəfindən cinsi istismar edildiyini etiraf edən ilk pontifikdir.

Roma Papası bütün bunları katolik kilsəsinin daimi problemi adlandırıb: “Bəli, bu həqiqətdir. Bunu onların hamısı etmir. Amma həqiqətən də bunu edən keşişlər və yepiskoplar var. Bunun üzərində işləyirik. Baş verənlərə qarşı mübarizədə daha çox iş görməliyikmi? Bəli. Bunu etmək üçün siyasi iradə varmı? Bəli. Biz artıq bu istiqamətdə hərəkət edirik”.

Fransisk bundan əvvəlki çıxışlarında rahiblər arasındakı pedofiliya hallarını da sərt tənqid edib. Ötən il İrlandiyaya səfəri zamanı bu mövzuya toxunan Papa katolik kilsə iyerarxiyası üzvlərini belə hallarla bağlı susqunluq nümayiş etdirməkdə günahlandırmışdı. Və onların adından üzr istəmişdi.

Fransisk hesab edir ki, kilsə ayrı-ayrı rahiblərin iyrənc cinayətlərinə lazımi reaksiya verə bilməyib.

Rahibələrə qarşı cinsi təcavüzə dair ən səs-küylü insidentlər Hindistanda, Latın Amerikası ölkələrində, Fransa və İtaliyada olub.

Vatikanın daxili nəşrlərindən olan “Women Church World” hələ ötənilki məqaləsində qeyd edirdi ki, kilsə xadimlərindən hamilə qalan rahibələr arasında uşaq dünyaya gətirənlər də olub, abort etdirənlər də.

Dünyanın hər yerindən olan katolik rahibələri təmsil edən təşkilat 2018-ci ilin noyabrında bəyanat yayaraq cinsi təcavüzə uğrayan rahibələri susmamağa və bu cür hallar barədə məlumat verməyə çağırmışdı.

Keçmiş rahibə Mari Dispenza isə “Twitter”dəki #meetoo haştaqı ilə problemə diqqət çəkməyə çalışmışdı.

Papa Fransisk bildirir ki, onun sələfi Roma Papası XVI Benediktin də bu məsələlərə münasibəti kəskin olub. Və o, seksual cinayətlərə adı qarışan bütün din xadimlərini vəzifədən azad edib.

Roma Papası xatırladır ki, XVI Benediktin vaxtında Fransada – Lion (Müqəddəs Jan ordeni) yaxınlığındakı monastırda keşiş Mari-Dominik Filip rahibələri “seks köləsi” kimi saxlayırmış. Keşiş 2006-cı ildə dünyasını dəyişib. Lakin cinayətkar əməlləri 2013-cü ildə bir qrup rahibənin ona qarşı irəli sürdüyü ittihamlardan sonra gün işığına çıxıb. XVI Benediktin əmrindən sonra Müqəddəs Jan ordeni özünü buraxıb.

Rahibələrə qarşı cinsi təcavüz halları Afrikada da az olmayıb. Burada keşişlər HİV/AİDS epidimiyasının yayıldığı vaxtda rahibələrlə cinsi əlaqəyə giriblər və bunu xəstəlikdən qorunmaq üçün etdiklərini bildiriblər.

Bir vaxtlar rahibə olan Maura O.Donoxyu Malavidəki bir insident haqqında danışarkən etiraf edib ki, 30-a yaxın rahibə keşişlərlə cinsi əlaqəyə girərək hamilə qalıb. Rahibələr bu barədə arxiyepiskopa danışandan sonra onların hamısı başqa kilsələrə köçürülüblər.

Həmçinin ötən il Hindistanda bir rahibə yepiskopun ona 2014-cü ildən 2016-cı ilədək təcavüz etdiyini açıqlamışdı. Rahibənin polisə müraciətindən sonra din xadimi həbs olunmuşdu. Bir neçə ay sonra onun işi üzrə məhkəmə təhqiqatı başlayacaq.

Oxşar insident Çilidə də yaşanıb. Hazırda Vatikan bir neçə rahibənin irəli sürdüyü bu ittihamı araşdırmaqla məşğuldur. Araşdırma başlayandan rahibələr başqa ərazilərdəki kilsələrə köçürülüblər.

Vatikandakı yüksək rütbəli əməkdaşlarından olan German Qaysler ötən ay istefaya gedib. İstefa qərarı keçmiş rahibənin onu cinsi qısnamada ittiham etməsindən sonra verilib. Din xadimi özü isə ittihamı inkar edir.

Almaniya mətbuatının yazdığına görə, bu ölkədə 1946-cı ildən 2014-cü ilə qədər Roma katolik kilsəsinə bağlı olan 1600 din xadimi 3677 uşağı cinsi istismara məruz qoyub. Qurbanların əksəriyyəti oğlan uşaqları olub.

Medianın yazdığına görə, sözügedən din xadimlərinin yalnız 38 faizi mühakimə olunub və barələrində yüngül maddələr üzrə cinayət işləri açılıb.

İş üzrə təhqiqatlar Almaniyanın 3 universiteti tərəfindən aparılıb və təqribən 38 min sənədə əsaslanıb. Təhqiqatın aparılmasına nəzarət edən yepiskop Ştefan Ackerman həmin vaxt açıqlamasında demişdi: “Araşdırmanın ortaya çıxardığı cinsi təcavüzlərin ölçüsünün fərqindəyik. Dəhşətə gəldik və utandıq…”.

İki il əvvəl mətbuat onu da üzə çıxarmışdı ki, 1980-2015-ci illər ərzində Avstraliya üzrə mindən çox katolik təşkilatında 4444 azyaşlı cinsi istismara məruz qalıb. Və məlum cinayətlərə bu ölkədəki kilsə xidmətçilərinin təqribən 7 faizi (1200 keşiş və rahib) bulaşıb. Həmin vaxt Krallıq Komissiyası tərəfindən açıqlanan bu faktların ən dəhşətlisi rahiblərin 40 faizindən çoxunun əlil uşaqlara qarşı cinsi zorakılığa yol verməsi idi…

Hazırladı: G.Hüseynova, Strateq.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.