FACİƏVİ KEÇMİŞİ OLAN, VAR-DÖVLƏTDƏN YAN QAÇAN PREZİDENT…- Özünü "serb qaçqınlarının oğlu" adlandıran Aleksandr Vuçiç

13-02-2019, 00:28           
FACİƏVİ KEÇMİŞİ OLAN, VAR-DÖVLƏTDƏN YAN QAÇAN PREZİDENT…- Özünü "serb qaçqınlarının oğlu" adlandıran Aleksandr Vuçiç
News.ru, (Rusiya)



Serbiya prezidenti Aleksandr Vuçiç 1970-ci ildə Belqradda anadan olub. Vuçiçin hər iki valideyni iqtisadiyyat üzrə ali təhsil alsa da, təkcə atası Anceliko Vuçiç ixtisası üzrə işləyib. Anası Angelina Milovanova ömrünün sonuna qədər jurnalist fəaliyyətilə məşğul olub.1999-cu il aprelin 23-də NATO qoşunları televiziya mərkəzini bombardman edəndə Angelina möcüzə nəticəsində sağ qala bilib. Yeri gəlmişkən, həmin gün Aleksandr Vuçiç də az qala həyatını itirəcəkmiş. O vaxt informasiya naziri postunu tutan Vuçiç xarici curnalistlərə müsahibə vermək üçün televiziya mərkəzinə gedirmiş, lakin hansısa səbəbdən yolda ləngiməli olub.

Aleksandr və qardaşı Andrey əminamanlıq dövründə, keçmiş Yuqoslaviyada dünyaya gəliblər. Ailə Balkanalarda yaşanan etnik münaqişənin faciəsindən kifayət qədər xəbərdar idi. İkinci dünya savaşı zamanı Aleksandrın həmin vaxt Bosniyada yaşayan ata babası ustaşlar – radikal xorvat millətçiləri tərəfindən qətlə yetirilmişdi.

Vuçiç ailəsinin onlarla üzvü ustaşların zorakı əməllərinin qurbanı olmuşdu. Onların bir hissəsi böyük çətinliklə sağ qalmış və sonradan Belqrad yaxınlığında məskunlaşmışdı. Yəqin elə buna görədir ki, Aleksandr Vuçiç dəfələrlə özünü “serb qaçqınlarının oğlu” adlandırıb.

Gələcək prezident məktəbdə yaxşı oxuyub və qiymətlərinin demək olar ki, hamısı “əla” olub. Məktəbi bitirəndən sonra Belqrad Universitetinin hüquq fakültəsinə qəbul olunub və orada da nümunəvi tələbə kimi seçilib. Diplomunu alandan sonra ingilis dilini təkmilləşdirmək üçün Britaniyaya yollanıb. Sonradan uzun müddət Londonda menecer kimi fəaliyyət göstərib.



Vuçiç və qızı Milisa



Vuçiç siyasətə gənc yaşlarından – hələ jurnalist işlədiyi vaxtlardan maraq göstərməyə başlayıb. 90-ların əvvəllərində savaşda ələ keçirilmiş Sarayevodan hazırladığı reportaj, həmçinin Bosniya serblərinin keçmiş lideri Radovan Kardziç və Radko Mladiçlə (Haaqa tribunalı tərəfindən hərbi cinayətlərdə ittiham olunaraq 40 il həbs cəzası alan) müsahibə Vuçiçi məşhurlaşdırır.

23 yaşında Aleksandr Vuçiç özünü tamamən siyasətə bağlayır. Voislav Şeşelin Serb radikal partiyasına qoşulur. Partiya keçmiş Yuqoslaviyanın bütün torpaqlarının “Qüdrətli Serbiya” adı altında birləşdirilməsi və serblərin böyük paya sahib olması təklifi ilə çıxış edirdi.

Bir il sonra Vuçiç partiyanın baş katibi olur. Daha iki il keçəndən sonra Belqraddakı rayonların birində bələdiyyə seçkilərini qazanır. Paralel olaraq “Pinki” idman biznes mərkəzinin direktoru olur.

Mətbuata yaxından bələd olan Vuçiç 1998-ci ildə informasiya naziri postuna təyin edilir. 2000-ci ildə o vaxtkı prezident Slobodan Miloşeviçə etiraz olaraq minlərlə etirazçı Belqrad küçələrinə çıxanda Vuçiç uzun müddət müzakirə olunan qərara imza atır. Nazir hakimiyyəti tənqid edən jurnalistlərin cərimələnəcəyini elan edir. Lakin sonralar etiraf edir ki, bu qərarı çox yanlış olub və buna görə utanc hissi keçirir.

Miloşeviç devriləndən sonra Vuçiç müxalifətə çəkilir və partiya quruculuğu ilə məşğul olmağa başlayır. 2014-cü ildə rəhbərlik etdiyi Öncül Partiyası parlamentdə çoxluğu ələ keçirir və Vuçiç hökumətin başçısı olur. 2017-ci il aprelin 2-də isə Serbiyada keçirilən prezident seçkilərinin qalibi olur. Həmin il mayın 30-da baş nazir vəzifəsindən istefa verir və mayın 31-də Serbiya pzrezidenti vəzifəsinin icrasına başlayır.

Aleksandr Vuçiç iki dəfə ailə həyatı qurub. İlk xanımı radiojurnalist Kseniya Yankoviç olub. Kseniya ilə 27 yaşında evlənən Vuçiç onunla 14 il evli qalıb. Bu nikahdan Vuçiçin Danilo adlı oğlu, Milisa adlı qızı var.



Vuçiç və Tamara Cukanoviç



Vuçiç Kseniya ilə boşanandan iki il sonra – 2013-cü ildə özündən 11 yaş kiçik xanımla – Serbiya Xarici İşlər Nazirliyinin müşaviri Tamara Cukanoviçlə ailə qurub. Dörd il sonra cütlüyün Vukan adlı oğlu dünyaya gəlib. Həmin vaxt bu barədə Vuçiç özü sosial şəbəkədə məlumat vermişdi.

Serbiyanın birinci xanımı haqda məlumat çox deyil. O, Loznitsa şəhərində anadan olub. Məktəbi başa vurandan sonra Belqrad universitetinin filologiya fakültəsinə daxil olub. Lakin sonra təhsilin politologiya üzrə davam etdirməyə qərar verib. Həmçinin Diplomatiya Akademiyasında oxuyub.

Vuçiçlə Tamara Cukanoviçin münasibətləri barədə mətbuat cütlüyün toyundan əvvəl xəbər tutmuşdu. Jurnalistlər onları restorantların birində birgə görmüş və fotolarını çəkmişdilər.

Tamara Cukanoviç ictimaiyyət arasında çox olmağı sevmir və həyat yoldaşı ilə yalnız protokol qaydalarına uyğun olaraq, dövlət mərasimlərində birgə görünür. Prezidentin xanımı zövqlü geyim tərzi, özünə əminliyi və istənilən məsələ ilə bağlı müzakirə aparmaq qabiliyyəti ilə seçilir.

İdman – Serbiya prezidentinin ən sevdiyi məşğuliyyətdir. Tələbəlik illərində o, həm futbol, həm də basketbol komandalarında oynayıb. Vuçiçin boyu 199 santimetrdir. Bu, ona basketbolda yaxşı nəticə göstərməyə yaxından kömək edib. Serbiya lideri hazırda Belqradın “Srvena Zvezda” futbol klubunun fəal azarkeşidir.

Deyilənlərə görə, Vuçiç heç vaxt var-dövlət həvəskarı olmayıb. Onun üçün ən önəmlisi siyasi ideyalarının reallığa çevrilməsidir. Baş nazir olarkən təqdim etdiyi deklarasiyadan məlum olurdu ki, Vuçiç 30 kvadratmetrlik mənzilə sahibdir. Bundan başqa nə hansısa hesabda pulu, nə də avtomobili var…

Tərcümə Strateq.az-ındırшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru