“Təhsil sahəsində istənilən dəyişiklik, yenilik təhsilalanın stimullaşdırılmasına yönəldilməlidir...”

23-02-2019, 08:19           
“Təhsil sahəsində istənilən dəyişiklik, yenilik təhsilalanın stimullaşdırılmasına yönəldilməlidir...”
Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə isə müəyyən edilmiş qaydada arayış veriləcəyi barədə məsələ “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb. Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Hər şeydən əvvəl onu qeyd edim ki,son illər təhsildə kütləvililik, əhatəlilik, fasiləsizlik və varislik prinsiplərinin təmin olunması baxımından məktəbəqədər pillədən tutmuş, doktorantura pilləsinə qədər təhsilin hamı üçün əlçatan olması istiqamətində müəyyən addımlar atılır ki, bunlar da öz növbəsində ölkəmizdə təhsil sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsini və yeniləşdirilməsini şərtləndirir.
Ölkədəki bütün 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların birinci sinfə qəbuluna imkan yaradılması, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcəyi, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi yolu ilə müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün imkan verilməsi, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənnlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair müddəanın təhsil qanunvericiliyimizə daxil edilməsi, Azərbaycanda orta təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqları barədə maddənin “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapması, hətta fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, sağlamlıq imkanları məhdud şəxslərə də onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi üçün şəraitin yaradılması və bu kumi digər tədbirlər təhsilimizin inkişafı və tərəqqisində stimullaşdırıcı və təkanverici rol oynaya bilər.
Bu baxımdan Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə isə müəyyən edilmiş qaydada arayış veriləcəyi barədə məsələnin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapması əslində bu istiqamətdə aparılan işlərin bir növ davamı kimi qiymətləndirilə bilər. Qanun layihəsində də qeyd olunduğu kimi, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
Nəzərə alsaq ki, biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, Boloniya sisteminə qoşulmuşuq, dünyanın müxtəlif təhsil təcrübələrini öyrənirik və s. ona görə də bu kimi dəyişikliklər vacibdir və zərurətdən irəli gələn haldır. Başqa sözlə əgər bir şəxs hər hansı bir obyektiv və ya subyektiv səbəbdən hansısa sinifdə məktəbdən ayrılıbsa, bu o demək deyil ki, o insan elə o məhdudiyyət çərçivəsində də qalmalıdır. Burada həm də insan hüquqlarının təminatı məsələsi var.
Bu kimi dəyişikliklər dünya təhsili standartlarına uyğunlaşmaq baxımından da zəruridir. Bir də ki, əgər böyüklər üçün yaş məhdudiyyəti aradan qaldırılıb, onlara 50-60 yaşında belə ali məktəbə daxil olmaq və ya ikinci ixtisas seçmək üçün imkan yaradırıqsa, nə üçün təhsildən yayınma hallarının qarşısını almayıb, orta məktəb şagirdlərini təhsillərini davam etdirmək şansından məhrum etməliyik?
Bu həm də təhsildə varislik, fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və insanın bütün həyatı boyu təhsilini ardıcıl davam etməsi prinsiplərinin həyata keçirilməsinə hesablanıb.

Nadir Israfilov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.