Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi - TƏHLİL

23-02-2019, 09:57           
Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi - TƏHLİL
ABŞ və Rusiya arasında gərginlik özünün pik həddinə çatmaqdadır. Dünyanın iki güc mərkəzinin bir-birinə meydan oxumasının sonucunda nələrin baş verəcəyi barədə ekspertlərin fikirləri də haçalanır. Bütün bunların 3-cü Dünya Müharibəsi ilə nəticələnəcəyini deyənlərlə yanaşı, Rusiyanın iqtisadi sanksiyalar səbəbindən parçalanacağını güman edənlər də var.

Bu günlərdə Birləşmiş Ştatların hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsey Qraham sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb. Rəsmi adı Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qoruma Aktı 2019 (DASKA) olan layihə elə açıqlanan kimi Rusiyanın maliyyə bazarlarında şok yaradıb (azadliq.org). Bu layihəni hələ Konqres nəzərdən keçirəcək. Onun daha kəskin versiyası ötən il qəbul olunmamışdı.

DASKA şübhəli kiber fəaliyyət, korrupsiya, Rusiyadan kənarda bu ölkənin mayeləşdirilmiş təbii qaz ixracı obyektlərinə, Rusiyadan kənarda enerji layihələrinə investisiyalara görə Prezident Donald Trampa sanksiya tətbiq etmək hüququ verir. Paralel surətdə Pentaqonun Rusiyaya təhdidləri diqqət çəkir. Məlumatlara görə, ABŞ mümkün hərbi rəqiblərinə qarşı yeni döyüş konsepsiyası hazırlayır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devid Qoldfayn açıqlama verib. Onun sözlərinə görə, hərbi qüvvələr İsveçrə pendirinə daraşan siçanlar kimi düşmənin müdafiə xəttini yaracaqlar. Amerikalı hərbçilər Çin, Rusiya və digər ölkələrlə mümkün hərbi konfliktə hazır olmaq üçün yeni konsepsiya hazırlayır.

Vaşinqtonda yerləşən Bruklin Araşdırma İnstitutunda çıxış edən Qoldfayn yeni konsepsiyanın hərbi doktrinanın davam olmadığını əlavə edib. Plan quruda, havada və suda qəfil hücum etməklə düşməni çətin vəziyyətə salmağı nəzərdə tutur. Ümumilikdə, konsepsiyanın dəyəri 135 milyard dollara çatır. “Əgər Çin, Rusiya ya hər hansı digər rəqib ölkə səmalarında F-35 görsə, bu, o deməkdir ki, biz ordayıq” - deyə general Devid Qoldfayn deyib. Onun fikrincə, aviasiya hücumu ilə paralel olaraq, xüsusi təyinatlı qüvvələr quruda, sualtı qayıqlar isə sahildə fəaliyyət göstərəcək. Bundan əvvəl prezidenti Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiyanın adekvat cavab verəcəyini bəyan etmişdi. “Amerikalı tərəfdaşlarımız müqavilədə iştiraklarını dayandırdıqlarını bəyan ediblər. Biz də iştirakımızı dayandırırıq” - o demişdi. Putin həmçinin, ABŞ-la silahların ləğvi ilə bağlı danışıq təşəbbüsü ilə çıxış etməməyi tələb edib: “Bizim üçün, tərəfdaşlarımız üçün, bütün dünya üçün vacib olan danışıqlarla bağlı tərəfdaşlarımızın bizimlə bərabər hüquqlu, məzmunlu danışıq aparmağa yetişməsini gözləyək”.

Paralel olaraq Rusiya yeni silahlanma mərhələsinə qədəm qoyub. Bir tərəfdən iqtisadi sanksiyalar, digər tərəfdən də silahlanma yarışında xərclənən vəsaitlər təbii ki, təsirsiz ötüşməyəcək. Belə yanaşmalar var ki, ABŞ Rusiyanı təkcə iqtisadi sanksiyalarla çökdürmür, həm də onu silahlanma yarışında böyük vəsaitlər xərcləməyə sövq edir. Düzdür, Rusiya həm də silah satışından mənfəət götürür. Amma ABŞ-la yarışda xərclənənlərlə müqayisədə bunlar elə də böyük vəsait sayılmır. Belə rəylər var ki, ABŞ SSRİ-nin taleyini Rusiyaya da yaşatmaq istəyir.

Xatırladaq ki, vaxtilə “ABŞ-ı ötüb keçmək istəyən” SSRİ silahlanmaya böyük paralar ayırdı, sonda isə “kommunizm gözləntisində” olan vətəndaşları ərzağı da talonla almağa başladı və imperiya dağıldı. Bu mənada Putin Rusiyası Qorbaçov SSRİ-snin taleyini yaşaya bilərmi?

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın eyni taleyi yaşayacağını düşünmür. Səbəbinə gəldikdə, bunları söylədi: “Birincisi, artıq SSRİ-nin acı təcrübəsi bir dərs kimi var. Rusiyanın elitası həmin faciəli sonluqdan özünü sığortalaya bilir. Düzdür, hazırda Rusiyanın vəziyyəti iqtisadi cəhətdən bir o qədər də yaxşı deyil. Vaxtilə ABŞ öz müttəfiqləri ilə SSRİ-ni də əhatə eləmişdi. Ancaq indiki halda Rusiyanın vəziyyəti müəyyən mənada daha əlverişlidir. Nəyə görə? Çünki o zamanlar iki qütblülük ABŞ və SSRİ ilə məhdudlaşırdısa, indi artıq üçüncü qütb də var. Çünki artıq Rusiyanın özü də hazırda güc mərkəzi kimi qəbul olunur. Tək ona görə yox ki, artıq Rusiya öz hüdudlarından kənardakı proseslərə nüfuz edir, istər Suriya, istər Venesuela, istər Yaxın Şərq olsun. Yox, Rusiyanın nüvə potensialı, hərbi potensialı var və öz sözünü təsdiqləməyə həm də əzmi var. Dəfələrlə şəhidi olmuşuq ki, ABŞ öz sərt mövqeyindən geri çəkilib”.

T.Abbasovun sözlərinə görə, indi Rusiyanın vəziyyəti həm də ona görə əlverişlidir ki, şimal qonşumuzun milli-siyasi elitası daha mütəşəkkildir: “Qorbaçov dövründə Kremldə artıq satqınlar oturmuşdular və onlar sistemli şəkildə SSRİ dövlətinin maraqlarına zidd işləyirdilər. Bəli, neft hadisəsi oldu, Səudiyyə Ərəbistanı ilə ABŞ sövdələşdi, dünya bazarında neftin qiymətini birdən-birə çox dəhşətli şəkildə aşağı endirdilər və bununla da sovetlərin milli eksportu çökdü. Bu hadisənin böyük təsiri var idi. Yəni Moskva iqtisadi cəhətdən çox təsirli zərbələr aldı. İndi də zərbələr alır. Amma digər tərəfdən, Kreml və onun ətrafındakı qüvvələr bir növ açıq-aşkar həm müqavimət göstərməyə hazır olduqlarını bildirirlər, digər tərəfdən də dünyada nüfuzları addım-addım artır. Çünki ABŞ-ın xarici siyasəti anlaşılmaz hal alır, onun müttəfiqi olan Avropa İttifaqı və aparıcı məmləkətlər yavaş-yavaş ABŞ-dan bədgümanlıqlarını gizlətmirlər. Bildirirlər ki, onlar rəsmi Vaşinqtonun yanaşmaları ilə razı deyillər, əksinə, Ağ Evin platformasını təftiş etməyə hazırdırlar və edirlər də. Ona görə indi ABŞ, Rusiya, Çin və Avropa İttifaqı arasında çox mürəkkəb, çoxşaxəli siyasi oyun gedir. ABŞ da gözəl başa düşür ki, istər Çin, istər Avropa İttifaqı ona qarşı hücum mövqeyinə keçməyə hazırdırlar”.

Politoloqun qənaətində Rusiya bu situasiyadan öz maraqları naminə istifadə etməyə çalışır: “Bunun üçün Rusiyanın böyük imkanları var. Bu imkanlar da ondan ibarətdir ki, ABŞ-ın bir çox bölgələrdə, dünyanın aparıcı regionlarında çox naqolay, anlaşılmaz siyasət yeritməsi həm də Amerikanın özünün nüfuzunu aşağı salır. Ona görə də üçüncü dövlətlər hətta Rusiyanın timsalında özlərinin xilaskarını görürlər. Biz Afrika ölkələrinin, Yaxın Şərq ölkələrinin nümunəsini gətirə bilərik ki, onların Rusiyadan gözləntiləri var. İstəyirlər ki, dünyanın birqütblülüyü daha arıq sözdə yox, reallıqda sona yetsin. Çünki ABŞ təkbaşına elə proseslərə qol qoydu ki, problemlər həll olunmaq əvəzinə, daha da dərinləşdi”.

Ekspertin sözlərinə görə, Rusiyanın daxilində də bu prosesləri başa düşürlər: “Hər halda Kreml ABŞ-a sinə gərməyə və öz mövqelərini müdafiə etməyə iddialıdır. Onun üçün Rusiyanın kifayət qədər resursları var”. \\musavat.com\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.