Mədəniyyət naziri Əbülfəs Qarayevə sual:ŞAUMYAN AZƏRBAYCANIN MƏDƏNİ SƏRVƏTİDİR?

26-02-2019, 11:46           
Mədəniyyət naziri Əbülfəs Qarayevə sual:ŞAUMYAN AZƏRBAYCANIN MƏDƏNİ SƏRVƏTİDİR?
Əziz Rzazadə
Strateq.az

Mədəniyyət Nazirliyinin Mühafizə Olunan Mədəni Sərvətlərin Siyahısını, görəsən, kim tərtib edib? Ən başlıcası, mədəniyyət naziri Əbülfəs Qarayev son dəfə bu Siyahıya nə vaxt nəzər yetirib?
Məncə, nazir bu məsələdən tam qafildr. Bəlkə də Siyahının altından gözüyumulu imza atıb.
Hər halda, ona bütün vacib işlərini kənara qoyub bununla ciddi məşğul olmasını indidən tövsiyə edirəm.
Məndən demək, sizdən hərəkət, cənab nazir!
Amma bu zəruri əlavəni də edim: çətin və zəhlətökən işdir, ona candərdi yanaşmaq olmaz.
Şəxsi təcrübəmdən bilirəm.
Dişimi-dişimə sıxaraq mədəni sərvətlərimizin (http://mct.gov.az/az/medeni-servetlerin-siyahisi) nələrdən ibarət olduğunu bilmək istədim.
Uzun bir sıyahıdır, əsəbləri zəif olanlar bu işə baş vurmasa yaxşıdır – xəstəlik tapar. Çünki Siyahı içinə hər cür tullantı yığılmış və bircə dəfə də səliqəyə salınmamş köhnə anbarı xatırladır.
Yorucu mütaliə zamanı bəzən elə şeylərə rast gəlirsən ki, bilmirsən, tərtibçilərin nadanlığına güləsən, ya ağlayasan. Məsələn, “Ərəb şairi Firdovsinin 1000 illik yubileyinə həsr olunmuş tədbirə dəvətnamə bileti”…
Ərəb şairi?
Çox sağ olun, cənab nazir, Siyahı sayəsində Firdovsinin ərəb olduğunu “öyrəndim”.
Yaxud “Gümüş Abbasid pulu…190/805-ci ildə zərb edilib”.
Gəl indi anla, söhbət Abbasi dövrünün sikkəsindən gedir, ya pul vahidi “abbasi”dən?
Qeydi aparan yüzdə-yüz Azərbaycan dilindən bixəbərdir.
Daha dəhşətlisi sovet keçmişinin itətök yadigarlarıdır. Partiya, komsomol rəmzləri, bayraqlar, vımpellər… Məsələn, Leninin saxsıdan büstü… hətta “Fotoşəkil”, rəngli. “Sovet İKP XXVII qurultayın iclas zalı”. Çıxış edir: Sovet İKP MK-nın baş katibi M.S.Qorboçov. Moskva, Kreml, 1986-cı il. Əslidir. Qurultay nümayəndəsi A.Ağayev tərəfindən verilmişdir…”
Adam özü-özündən şübhəyə düşür: görəsən, hələ də sovet keçmişində yaşayıram?
Amma Siyhıda ən utancverci, bilirsinizmi, nələrdir?
“S.G.Şaumyanın mənzil- muzeyinin açılışına dəvətnamə. Dəvətnaməyə içlik əlavə olunub;
S.G.Şaumyanın mənzil-muzeyinin açılışına buklet;
S.G.Şaumyanın mənzil-muzeyinin afişası;
S.G.Şaumyanın mənzil-muzeyinin açılışı münasibətilə buraxılan plastik nişan”.
Bunu necə anlayaq, cənab nazir?
Azərbaycan xalqının qatilini də milli mədəni sərvət hesab etməliyik?!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.