Rüşvətə görə həbs edilən vergi müfəttişi məhkəmədə ifadə verib

4-03-2019, 13:05           
Rüşvətə görə həbs edilən vergi müfəttişi məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Aktualinfo.org-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, heç kimdən rüşvət almadığını, heç kimi rüşvətə təhrik etmədiyini bildirib. A.Məmmədov qeyd edib ki, daha əvvəl tanıdığı Elvin Manafov adlı şəxs ona zəng edərək, Türkiyə vətəndaşı Füsun Baştürkün vergi ilə bağlı problemlərinin həllinə kömək etmək istədiyini söyləyib: “Sənədləri göstərəndə dedim ki, bu mühasibatlıq işidir. Mən də onları Vasif adlı mühasiblə görüşdürdüm və bu işi onun görəcəyini bildirdim. Bu iş həll olunsa Elvin mənə 500 manat verəcəkdi”.

Prokuror bildirib ki, iş üzrə ifadə vermiş hər iki şahid yenidən məhkəməyə çağırılmalı və çarpaz dindirilmə aparılmalıdır.

Hakim bildirib ki, hər iki şahidə məhkəməyə gəlmələri ilə bağlı xəbərdarlıq edilib. Lakin onlar məhkəməyə gəlməyib. Növbəti prosesdə onların məhkəmədə iştirakı təmin ediləcək.

Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları – “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.