Kreml çaşqın vəziyyətdə: Poroşenko qalib gəlir

5-03-2019, 17:58           
Kreml çaşqın vəziyyətdə: Poroşenko qalib gəlir
Ukrayna seçicilərinin real əhval-ruhiyyəsi Moskvanı çaşdırır. Çünki xalq rusiyapərəst namizədlərin vədlərinə inanmır. Bu da Kremlin qlobal ambisiyalarının həyata keçirilməsini sual altında qoyur. Bunu dərk edən Rusiya siyasi texnoloqları, təbliğatçıları və xüsusi xidmətləri Ukrayna seçkilərinin qanunsuzsayılması üçün müxtəlif ssenariləri işə salırlar.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin Ukraynada 31 mart prezident seçkilərinə hazırlıqlarla bağlı təhlilində yer alıb.

Bildirilir ki, Ukrayna Rusiyadakı mərkəzlərin psixotron ekspansionist strategiyası çərçivəsində ən öndə, yəni sıfır xəttində dursa da, Rusiya siyasətinə qarşı yüksək dərəcəli müqavimətini nümayiş etdirir:

“Kiyevi xaricdən ala bilməyəcəyini dərk edənlər Ukraynanın vuruşan qalasına daxildən qalib gəlmək istəyirlər. Rusiya strateqləri Ukraynadakı 2019-cu ilin seçki dövrünü bunun üçün unikal fürsət kimi dəyərləndirirlər. İlk yerdə əlbəttə ki, 31 mart tarixinə təyin edilmiş prezident seçkiləri gəlir. Məhz Ukrayna dövlətinin başçısı yerinə öz namizədini oturtmaq cəhdi Rusiya siyasi maşınının bütün bəndlərinin ilk sırasında durur”.

Mərkəz Ukraynanın bir daha Rusiya imperiyasının tərkib hissəsi olmaq istəmədiyini qeyd edib:

“Ukraynalıların ağır tarixi təcrübəsi də bundan xəbər verir. Qolodormorlar (kütləvi aclıq nəticəsində ölümə məhkum edilən milyonlarla ukraynalı), ölüm düşərgələri, işğallar, hibrid müharibələri ukraynalıların yaxın tarixinin ən acı səhifələridir. Bir vaxtlar Donbasda həyat və inkişaf var idi və bura Ukraynanın sənaye mərkəzi sayılırdı. Ancaq tərk edilmiş kömür şaxtaları, sökülmüş dəmir yolları və məhv edilmiş milyonlarla insan həyatı bu bölgəni ümidsizlik zonasına çevirib. Görünür, bu, Rusiyadakı mərkəzlər üçün yetərli deyil, Ukraynanın qalan hissəsini də ələ keçirmək istəyir və bunun üçün prezident seçkisinə “hazırlaşırlar”.

Mərkəz Poroşenko prezident seçilməsə belə, prezidentliyə digər real namizədlərin də işğalın üzərindən Rusiya ilə barışmağa hazır olmadığını bildirib:

“Ukraynalılar güclü demokratik institutlar üçün savaşır və bunlardan biri də demokratik seçkilərdir. Ukrayna ən ağır dövrdə - 2014-cü ildə öz iradəsini demokratik yolla nümayiş etdirməyi bacardı, bu ənənəni bu il də davam etdirmək istəyir. Ukraynalıların bu əhval-ruhiyyəsi Kremli narahat edir və Moskva üçün başağrısı yaradır. Ukraynalılar Rusiyanın təbliğat maşınının apardığı fasiləsiz işə baxmayaraq, öz sağlam düşüncəsini qoruyub saxlayırlar”.

Təhlildə Kremlin bu il Ukraynadakı seçkilərə müdaxilə etmək üçün xüsusi xidmət orqanlarına əlavə olaraq 350 milyon dollar ayırması məsələsinə də yer verilib:

“Tanış ssenaridir və bu pullar əsasən yalan xəbərlərə, öz tərəfinə çəkmə, təxribat, etiraz, Ukrayna rəhbərliyinə qarşı daxili siyasi təzyiqlərin təşkili və kiber-hücumların hazırlanmasına xərclənəcək. Ona görə də demokratik seçkilərin keçirilməsi üzrə beynəlxalq səviyyədə standartlara uyğun azad və şəffaf seçkilərin keçirilməsi Ukrayna tərəfi və beynəlxalq ictimaiyyət üçün prioritet məsələdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.