“KREDİTLƏRİN 10 MİN DOLLARA QƏDƏR…” –İqtisadçı ekspert hökumətin yanaşmasını tənqid etdi

6-03-2019, 07:45           
“KREDİTLƏRİN 10 MİN DOLLARA QƏDƏR…” –İqtisadçı ekspert hökumətin yanaşmasını tənqid etdi
Ölkə başçısının dollar kreditlərilə bağlı verdiyi fərmanın cəmiyyətdə olduqca müsbət qarşılanması ilə yanaşı, problemli kreditləri olan vətəndaşların əhəmiyyətli bir qisminin güzəştlərdən yararlana bilməməsi də geniş müzakirə mövzusuna çevrilməkdədir.

Məlum olduğu kimi, sözügedən fərman devalvasiyaya qədər yalnız 10 min dollardan az borcu olan fiziki şəxsləri əhatə edir və güzəştlər də yalnız onlara aiddir. Lakin 10 min dollardan artıq krediti olan və təbii ki, eyni konstitusion hüquqlara malik digər vətəndaşlarımıza, yaxud hüquqi şəxslərə hər hansı güzəştin nəzərdə tutulmaması birmənalı qarşılanmır.

Dollar kreditləri probleminə toxunan iqtisadçı ekspert Samir Əliyev də sosial şəbəkədə bu məsələyə diqqət yönəldib və 10 min dollardan artıq krediti olanların probleminin ədalətli həllinin vacibliyini qeyd edib. “10 min dollara qədər olan kredit qalığına yox, kreditlərin 10 min dollara qədər olan qalığına kompensasiya verilməsi daha ədalətli olardı” deyən iqtisadçı ekspert, bununla da sözügedən qərarın bütün borc sahiblərinə şamil edilməli olduğuna diqqət yönəldib. Bunun üçünsə sadəcə, 10 min dollar məhdudiyyəti qoyulmaqdansa, heç olmasa, istənilən məbləğdə kreditin 10 min dollarlıq hissəsinə güzəştin tətbiq edilməsi daha düzgün olardı. Belədə həmin güzəştdən istər 5 min, istərsə də 50 min dollar krediti olan yararlana bilərdi və bu güzəşt hər kəsi eyni dərəcədə əhatə etmiş olardı. Bu zaman təbii ki, həmin fərmanın birinci hissəsində göstərildiyi kimi, “bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır” şərti də saxlanıla bilərdi. Bununla da sosial ədalət prinsipi qismən də olsa qorunardı.

Ancaq dollar kreditinin məbləği nə qədər çoxdursa, həmin vətəndaşın devalvasiyadan gördüyü ziyanın da daha artıq olduğu nədənsə nəzərə alınmayıb və belə şəxslərə hər hansı güzəşt nəzərdə tutlmayıb.

Yaxud da belə şəxslərə heç olmasa fərmanın ikinci hissəsindəki güzəştləri tətbiq etmək olardı. Yəni ki, 5 il müddətinə 0.1 faizlık kredit xətti ayrılaraq, köhnə borcun silinməsi və ödəniş üçün daha əlverişli şəraitin yaradılması mümkün idi. Hələlik bunların heç biri edilməsə də, 10 min dollardan artıq krediti olan əksər vətəndaşların yaxın zamanda onların da probleminin həll olunacağına ümid etməkdən başqa çarələri qalmır.

Cəlal MƏMMƏDOV
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.