DTX Rusiya təyyarəsinin Bakıya məcburi eniş etməsi ilə bağlı məlumat yaydı –Salonda bomba tapıldımı?

12-03-2019, 07:40           
DTX Rusiya təyyarəsinin Bakıya məcburi eniş etməsi ilə bağlı məlumat yaydı –Salonda bomba tapıldımı?
Martın 11-də saat 14:15-də Azərbaycan Respublikasının hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya Federasiyasının “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib.

Strateq.az Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən bildirir ki, mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.

Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və ekipaj üzvləri çevik təxliyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.

Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdiriliblər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək. Beynəlxalq hava limanı ştat rejimində fəaliyyətini davam etdirir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.