"Qafqaz" Xəbər Agentliyi rəhbərinin həbsində maraqları üstünlük təşkil edənlər vaxtilə bu süfrədən faydalananlardır

12-03-2019, 12:10           
"Qafqaz" Xəbər Agentliyi rəhbərinin həbsində maraqları üstünlük təşkil edənlər vaxtilə bu süfrədən faydalananlardır
Rüfət ƏHMƏDZADƏ:
"Mahmud Rasimoğlunun hansısa qohumuyla arasındakı gərginlik sabah bitər, onu "rasxod"a buraxan yaxını məni də asanlıqla məhv etməyə qərar verər, ortada hədəfə çevrilərəm, lakin vicdanı olan bir jurnalist kimi, bu məsələdə susqun qalmaram!"

Ötən həftə araz.az-a daxil olan bir xəbərdə deyilirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir jurnalistin -- son vaxtlar ictimaiyyət arasında nüfuz qazanan “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Rasimoğlunun (Tağıyevin) Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə
məhkəməsi başlayıb. Etibarlı mənbəmizin marağa səbəb çox məqamları olan və dəqiqliyinə şübhə etmədiyimiz həmin məlumatında xüsusi olaraq vurğulanırdı ki, həbs olunandan hədə-qorxu ilə pul tələb etmə, "intim videolarla şantaj” ittihamı üzrə təqsirləndirilməni qəbul etməyən jurnalist, məhkəmə iclasından sonra, saxlanıldığı Bakı 1 saylı İstintaq Təcridxanasında yenidən quru aclıq aksiyasına başladığını bəyan edib. Bu barədə, onun təcridxana rəisi Elnur İsmayılova və məhkəmə heyətinə yazılı məlumat verdiyi də gələn xəbərlər sırasındaydı. Məlumatda o da bildirilirdi ki, bu, Mahmud Rasimoğlunun birinci aclıq aksiyası deyil: “Jurnalist, əsasən, öz qohumu tərəfindən şərlənərək, "intim videolarla şantaj” ittihamı üzrə təqsirləndirilməsini qəbul etmədiyindən, həbs olunduğu 8 ay ərzində, üç dəfə belə sərt tədbir keçirməyə qərar verib ki, səsini eşidən olsun. Çünki təcridxanada saxlanıldığı müddətdə, onunla hətta doğmalarının belə görüşunə imkan verilməyib. Həbsi gizli saxlandığı üçün, jurnalist həmkarlarının da, onun tutulmasından uzun zaman xəbərləri olmayıb. Borcunu verməmək üçün, qaynı Mahmudu bəlaya salan yeznə, onun həbsindən sonra da fırıldağa əl atıb. Nə sayt rəhbərinin ailəsinin, nə doğma və yaxınlarının, nə də həmkarlarının və dostlarının onun həbsi barədə danışmalarına imkan verməyib. Elə, deyib ki, boş şeydir, tezliklə həbsdən çıxacaq. İstəyinə nail olandan sonra, hamı "qatarın otdüyünü görüb". Beləcə, Mahmudun ailəsini gözləri yaşlı qoyub. İndi yeznə öz qaynına daha ağır cəza verdirmək üçün "baş sındırır".
WhatsApp Image 2019 03 09 at 06.16.31Etibarlı mənbəmiz özünün həmin xəbərində Mahmud Rasimoğlunun həbsinin sifarişli olduğunu israrla bildirirdi. Qəti olaraq deyirdi ki, qondarma ittihamla təqsirləndirilən sayt rəhbərinin həbsinin baiskarlarından biri onun öz yeznəsi -- iş üzrə zərərçəkən qismində tanınan Toğrul Tağıyev, digər əsas fiqur isə, Respublika Prokurorluğunun yüksək çinli vəzifə sahibidir. Mənbəmiz tam əminliyini bildirirdi ki, şikayətləri əsassız olan yeznəsi və digər 4 nəfər onu qurama bir oyunla şərləyərək, tutdurmağa nail olublar: "Cinayət işində Toğrul Tağıyevin intim videoları və onun şantaj edilməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib. Bütün istintaq müddətində Toğrul Tağıyevin intim videolarla bağlı şantaj edilməsi qeyd edilsə də, sonda, rəhbərlik etdiyi istehsal sahəsi ilə bağlı yazılar yayacağı adı ilə jurnalist tərəfindən hədə-qorxu gəlindiyi ittihamda xüsusi vurğulanıb.
İstintaq zamanı kobud prosessual pozuntulara yol verildiyi, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqlarının kobud şəkildə pozulduğu, işə saxta sübutlar qoyulduğu, onun lehinə olan sübutların isə, qanunsuz olaraq, cinayət işinə daxil edilmədiyi şübhəsizdir. Bu səbəblər əsas olduğundan, cinayət işinin qondarma olduğu da şübhə doğurmur".
Onu da qeyd edək ki, həmin yazı ictimaiyyət arasında da rezonans doğurub. Redaksiyamıza daxil olan saysız-hesabsız telefon zəngləri və məktublar da, deyilənlərin sübutudur. Oxucularımızdan birinin -- "Qafqaz" Xəbər Agentliyinin sabiq əməkdaşının araz.az-a ünvanladığı məktubda bizi maraqlandıran məqamlar olduğundan, həmin yazını nöqtəsinə-vergülünə toxunmadan dərc edirik. Bu yazının oxucu marağına səbəb olacağına da şübhə etmirik:
"Araz.az saytının çox hörmətli kollektivi! Mahmud Rasimoğlu ilə bağlı yazınızı oxudum. Sözügedən şəxsin rəhbərlik etdiyi saytda bir müddət araşdırmaçı-jurnalist, ölkədən kənarda olanda isə, məsləhətçi və redaktor kimi fəaliyyət göstərmişəm. Bir sıra məqamlardan az-çox xəbərim olub. Bu gün Mahmud Tağıyevin hansısa qohumu ilə arasında olan gərginlik sabah bitər, amma ortada mən hədəfə çevrilərəm. Lakin vicdanı olan bir jurnalist kimi, bu məsələdə susqun qalmayacam. Ən azından, həyatda hər şeyə özü nail olan yetim bir gənc kimi, öz qələmimlə sözümü deməyi bacararam. Mahmud Tağıyevi "rasxod"a buraxan yaxınları məni asanlıqla məhv etməyə qərar verər, lakin inanıram ki, 11 il ərzində dürüst jurnalist fəaliyyətimlə, mətbuatda az da olsa simpatiya qazana bilmişəm. Və bu simpatiya mənə qarşı atılacaq hər hansı şər-böhtan və ya təzyiqlərin ayaq açmasına imkan verməyəcək. inanıram ki, bəzi vicdanlı həmkarlarım mənə dəstək olacaq, çünki ortadakı "reketçilik" söhbətlərinə dair fikir bildirmək mənim haqqım və mənəvi borcumdur.
Şəxsi təhlükəsizlik səbəblərimə görə, heç bir ad çəkməyəcəm. Amma Mahmud Tağıyevlə bağlı mövqeyimi dəyişmirəm. Mənim onunla Qafqaz Xəbər Agentliyində (qafqazxeber.az) əməkdaşlıq etdiyim 2 ilə yaxın müddət ərzində redaksiyada hər hansı reketir, böhtan, şantaj hallarının göz və ya qulaq şahidi olmamışam. Saytda çox sosial problemə toxunmuş, çox insana dəstək olmuş, çox problemi həll etmişik. Ola bilər ki, özüm də bilmədən hansısa yazılarımla kimlərinsə biznes maraqlarına alət olmuşam, kimlərinsə rəqiblərinə qarşı maraqlarına xidmət etmişəm... Hər şey ola bilər. Lakin burda Mahmud Rasimoğlundan çox, indi onun üzünə duran və ya süfrəsində qarın otaran, faydalanan şəxslərin maraqları üstünlük təşkil edib. Onu indi "rasxoda" buraxan, şantajda ittiham edən bəzi şəxslər, elə bəzi qohumları dəfələrlə ofisdə olub, mənbə olaraq bəzi yazılara istiqamət verməyə çalışıblar. Yəni, ad çəkmədən, demək istərdim ki, Mahmud müəllimin "reket" damğası ilə həbsində məhz onun yaxın ətrafında olan və müxtəlif dairələrlə üz-üzə qoymaqla faydalanan şəxslər günahkardırlar. Onun çılğın xasiyyətindən istifadə edərək, öz cibini dolduranlar indi nəinki sakit qalır, hətta şərlənib tutulmasına dəstək olurlar. Digər "abijnik"lər isə, bu gün sadəcə fürsətdən istifadə edirlər. Mənim yoxluğumda nə olubsa, babal yumuram, faktı olan ictimailəşdirsin. Mənim alnım açıqdır, kompleksim və özümdən şübhələrim yoxdur. Mən reketçilik etməmişəm, reketçilik olan hallara da qol qoymamışam.
Mahmud müəllimin özü də hər zaman bizdən FAKT ƏSASINDA yazmağı tələb edirdi. Onun yanında görünüb, "saqqızını oğurlayan" adamlar isə, hər zaman qafqazxeber.az-ın gücündən faydalanmağa və öz ciblərini doldurmağa, bizim köməyimizlə öz işlərini aşırmağa çalışıblar. Nəticədə isə, biz hədəf olmuş və müxtəlif "damğa"larla üzləşmişik. Lakin kömək etdiyimiz sadə vətəndaşların vicdanı imkan verərsə, çağırışıma səs verəcək və onlar üçün təmənnasız göstərdiyimiz dəstəkdən, yazdığımız yazılardan söz açacaqlar. Onu da deməyi vacib bildim ki, Mahmud Rasimoğlu ilə yollarımızın ayrılmasında onun informasiya siyasəti yox, şəxsi səbəblər olub. Və bu barədə ancaq özü ilə azadlıqda müzakirə aparacağam. İnanıram ki, ən yaxın günlərdə ölkə rəhbərliyinin də diqqəti bu məsələyə yönələcək. Əgər Mahmud Tağıyev günahkardırsa, onu ittiham edən şəxslər ən yaxın zamanda faktları və sübutları ictimailəşdirərək, ya da məhkəməyə təqdim edərək, məni haqsız çıxara bilərlər. Haqq deyilən şey hər kəs üçün nisbi görünə bilər, amma mahiyyətcə həqiqət elə mütləqdir ki, mütləqdir! Onu heç bir bəzəklə, gəlişigözəl sözlərlə, "kökündən" redaktə ilə dəyişmək olmaz...
Bu məktubla öz sözümü deyərək, məhkəmənin və mətbuatın məsələyə obyektiv yanaşacağı ümidi ilə sağollaşıram. Ən azından, həm də onu xüsusi olaraq deyirəm ki, mən və mənimlə bərabər Qafqaz Xəbər Agentliyində çalışan jurnalistlərin heç bir "reketir" və ya "şantaj" fəaliyyəti göstərmədiyinə zərrəcə şübhəniz olmasın! Bu qədər!

Səmimiyyətlə,

Rüfət ƏHMƏDZADƏ,
"Avanti Qrup" MMC-nin direktoru

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.