“Dərman mafiyası”nın gizlətdiyi milyardlar: - Gömrük Komitəsinin üzərində böyük yük

14-03-2019, 18:42           
“Dərman mafiyası”nın gizlətdiyi milyardlar: - Gömrük Komitəsinin üzərində böyük yük
Dövlət Gömrük Komitəsilə bağlı korrupsiya ittihamları bitmir. Xüsusilə də Komitənin keçmiş rəhbəri Aydın Əliyevin zamanından qalma məhkəmə işləri bu gün də davam edir. Bugünlərdə Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi Fikrət Qədiməliyev, onun müavini Fərman Məmmədli həmçinin hospitalın işçiləri və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin də iki əməkdaşı daxil olmaqla, ümumilikdə 8 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində suçlanır. General və müavininə həm də hospitalda 15 milyon manatlıq mənimsəmə ittihamı verilib.

Fərman Məmmədli məhkəmədə çıxışı zamanı Mərkəzi Gömrük Hospitalındakı kompyuter-proqram sistemində ayrıca “Fikrət Qədiməliyev şöbəsi” olduğunu deyib. F.Qədiməliyev də onun dediklərini təkzib etməyib. Hospitalın əczaçısı Sevinc Qurbanova martın 11-də məhkəmədə dindirilərkən deyib ki, xəstəxananın girişindəki aptekdə gün ərzində təxminən 1000 manatlıq mal satılırdı. Bunun cəmi 20-30 manatı rəsmiləşdirilirdi: “Bizə belə göstəriş verilmişdi”.

Məhkəmədə hava limanında işləmiş gömrükçülər dindirilib. Onlardan soruşulub ki, 2015-2018-ci illərdə gətirilən mallar niyə yoxlanılmayıb, monitordan keçirilməyib? Amma heç biri bu suallara konkret cavab verməyib. İnspektor deyir ki, ancaq gələn malların qaimələrinə baxırdı, qutulardakı məhsula baxış keçirmək, sənəddə yazılanla qutunun içindəki malın eyni olub-olmadığını yoxlamaq onun işi deyildi, anbarda baxılmalıydı. Anbardar isə deyir ki, mallar onlara gəlib çatana qədər gömrük inspektorları özləri baxıb araşdırma aparırdılar. Beləliklə, uşaq bezi adıyla ölkəyə gətirilən dərmanları gömrükdən kimlərin buraxdığı bilinmir.

Qeyd edək ki, ötən ilin 30 aprel tarixində Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirərək ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108 min 819 manatlıq müxtəlif dərman vasitələri aşkar edib. Maraqlıdır ki, həmin vaxtda da dərmanların qanunsuz olaraq, gömrükdən kənar keçirilməsi haqqında məlumat verildi. DTX-nın məlum əməliyyatından sonra “dərman mafiyası”nın üzvü olan gömrükçülər istintaqa cəlb edildi.

Bütün bunlar Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin vəzifədən azad olunmasından cəmi 7 gün sonra baş verib. Hələ o zaman sabiq sədrin də istintaqa cəlb olunması ilə bağlı məlumatlar yayıldı. İddia olunurdu ki, Aydın Əliyev öz kadrlarının işindən ən azından xəbərdardır və buna göz yumub. Amma sonradan A.Əliyev mətbuat vasitəsilə açıqlama yayaraq haqqında səslənən iddiaları təkzib etdi.

“Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”, - deyə sabiq gömrük rəhbəri bildirmişdi.

Məhkəmə sənədlərinə istinad etsək, təkcə saxta dərmanlara görə gömrük oğurluğu dövlətdən bu qədər vəsait gizlədib. Bu, hələ açılan məsələdir. İstisna deyil ki, gömrükdə bu qəbildən olan kifayət qədər açılmamış məsələ var. Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rəhbərliyi dövründə 1 il müddətində gömrük xidmətlərindən dövlət büdcəsinə əlavə 1 milyard manat vəsait oldu. Bu faktın özü də onu göstərir ki, Gömrük Komitəsinin keçmiş rəhbərliyi ötən illər ərzində dövlətdən milyardlarla manat vəsait gizlədib.

2019-cu il üzrə büdcə müzakirələri zamanı deputat Vahid Əhmədov da bu məsələyə toxunaraq Gömrük Komitəsinin büdcədən 27 milyard manat mənimsədiyini vurğulamışdı:

“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınmasından büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu, təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir”.

Bütün bunlar onu deməyə əsas verir ki, gömrük sahəsində problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, Azərbaycan idxaldan böyük ölçüdə asılıdır, burada əsas yük gömrük xidmətinin üzərinə düşür. Ölkəyə gətirilən bütün növ mal və məhsullara görə tutulan vergilər, alınan rüsumlar bir qayda olaraq büdcəyə yönəldilməlidir. İstər avtomobil, istər elektronik avadanlıqlar, istərsə də digər sahələrlə bağlı gömrükdə rəsmiləşdirmənin hansı səviyyədə olduğu yoxlanılmalı, araşdırmaların nəticəsi ilə bağlı aidiyyati üzrə dövlət qurumları və ictimaiyyətə məlumat verilməlidir.
dia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.