Danarğan soyqırımı

18-03-2019, 08:49           
Danarğan soyqırımı
Ermənilərin fürsətçilik xisləti Haqqıxlıdan da yan keçməmişdir.
Haqqıxlı kəndi Qazax rayonundan 50 km qərbə tərəf, dağlar qoynynda yerləşən axarlı-baxarlı təbiətə malik bir kənd idi. Haqqıxlının ərazisində çoxl sayda qədim türk abidələrinin olması buranın qədim türk torpağı olduğunu sübut edirdi. Kəndin ərazisində Hörük daş, Tesqaraf, Xudum, Qız qalası, Məntəş qalası, Şinkar kimi qədim toponimlərlə yanaşı, kəndin yaxınlığında - Arpa dərəsində, Sarımsaqlıda, Şəhər dərəsində, alban- xristian məbəd və qəbirstanlığı vardı. Qız qalasının və Şəhər dərəsinin tarixi Hun imperatorluğu dövrünə gedib çıxır. Bunlarla bərabər kənd toponimlərində Div yurd, Xanlıqların yurdu, Poylu yalı, Bayramallar yurdu, Fındıqlı damları, Usufun körpüsü, Cələ, Kasvar kimi yer adlarının mövcudluğu həmin ərazilərin türk-qıpçaq yurdu olduğunu göstərir. Rusiyanın çar dövründən başlamış Qafqaz siyasətində ermənilər bu siyasətdə seçilmiş vasitə kimi istifadə olunmaqdadır.

19-cu əsrin əvvəlindən başlayaraq məlum Gülüstan və Türkmənçay müqavilələrindən sonra İrandan və Osmanlı Türkiyəsindən ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsi başlandı. Əslində, bu, Rusiya və İran arasında müqavilə deyil, Azərbaycan torpaqlarının yirtıcılıqla bölüşdürülməsi idi. Belə ki, müqavilənin imzalanması prosesində Azərbaycan heyəti heç içəri buraxılmayıb.

20-ci əsrin əvvəlindən başlayaraq geosiyasi vəziyyətdən yararlanan ermənilər havadarları vasitəsilə Azərbaycan türklərini tarixi torpaqlarından sıxışdırmağa başladılar. Bu dövrdə Haqqıxlı kəndi Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına daxil idi və 1920-ci ilə kimi Azərbaycan Demokratik Cümhuriyyətinin tərkibində olmuşdur.19-cu əsrin sonuna 20-ci əsrin əvvəlinə kimi Haqqıxlı kəndinin ətrafı - Karvansaray, Dilican, Çarxaç artıq erməniləşmişdi.

1905-ci ildə şar Rusiyasının və regionun siyasi durumundan yararlanan ermənilər rus havadarlarının köməyi ilə türk millətinə qarşı düşmənçilik siyasətini ortaya qoydular və erməniliyə məxsus üsulla quldur dəstələri düzəldərək dinc əhaliyə, uşaq və qocalara, qadınlara, silahsız adamlara hücum etdilər. Haqqıxlı kəndi də ermənilərin quldur basqınlarına məruz qaldı. Silahları dövlət tərəfindən alınan və dövlət orqanları tərəfindən müdafiyə olunmayan kənd əhli doğma yurd yuvalarını tərk etmək məcburiyyətində qalaraq Qaraqoyunlu dərəsinə-Çaykəndə pənah gətirir. Bir il orada qaldıqdan sonra geri kəndlərinə qayıdan haqqıxlılar ev-eşiklərini dağılmış, qarət olunmuş, yağmalanmış görürlər. Yurda, el-obaya bağlı olan kənd əhli yenə də doğma yerlərində məskunlaşırlar.

Dinc yaşayışlarına davam edən haqqıxlılar yenə də hüzur tapa bilmirlər. Çünki erməni quldur dəstələri onları harada rast gəldi qətlə yetirirdilər. Özunu paşa elan edən quldurbaşı Andronik öz quldur dəstəsiylə 1918-ci ildə Dilican tərəfə gəlir və burada türk kəndlərinə basqınlar edir. Ona qoşulan yerli ermənilər də öz türk qonşularına hücumlar edirlər, fürsət düşən kimi türkləri qətlə yetirirlər. Kəndin mollası Molla Əhmədi və oğlu Süleymanı və Bayramoğlu Məhəmmədi qətlə yetirirlər. Camaatın asayişi məsələsi günü-gündən pisləşir. Bu zaman Osmanlı Türkiyəsinin Azərbaycana köməyə gələn Türk İslam Ordusunun yaxınlaşması xəbəri gəlir. Qorxuya düşən ermənilər haqqıxlılara minnətə gəlirlər. Yalvarırlar ki, qətlə yetirilən adamlar haqqında türklərə deməyin. Desəniz,bizi qıracaqlar. Kənddə hörmət sahibi olan Molla Nəbi ağsaqqalları başa salır ki, deməməyimiz bizim asayişimizin xeyrinədi. Türk İslam ordusu gəlib Haqqıxlı kəndinin yaxınlığında düşərgə salır. Ermənilərə yazığı gələn haqqıxlılar türklərə qətllər barədə heç nə demirlər. Amma qoşun yola düşəndən üç gün sonra (qoşun uzaqlaşandan sonra) ermənilər yenidən kəndə hücuma hazırlaşırlar. Molla Nəbini və Məşədi Salmanı öz dükanlarında vururlar. Andronikin tör-töküntülərini başına toplayan Hamayak adlı qaniçən erməni quldurunun basqın planından xəbər tutan kənd camaatı dağ yoluyla qaçmağa məcbur olur. Kəndin camaatı Donbadaş deyilən əraziyə çatanda qonşu erməni kəndindən olan bir nəfər onlara dağ yoluyla deyil kəsə yolla getməyi tövsiyə edir. Onu dinləməyən haqqıxlıları dilə tutmağa başlayır ki, ”bura kəsə yoldu, camaatı qırmayın dağda-daşda”. İcevan bolşevikdi. Biz də bolşevikik, sizi müşaiət edəcəyik. Kənd camaatı iki qismə bölünür. Əsasən “Hacı evi” və “Ayrımlar” deyilən iki nəsildən ibarət olan dəstə ayrılıb meşə yoluyla kəndin qışlaq tövlələri yerləşən Danarğana gəlirlər. Burada onları Hamayakın quldur dəstəsi gözləyirmiş. Dəstə ora çatanda onları mühasirəyə alırlar. Əsasən, qadın, qoca, uşaqlardan ibarət olan kənd camaatında silah yox idi. Qeyd edək ki, kənddə silahları iğtişaşlar bəhanə edilib yığmışdılar. Erməni əhalinin silahına toxunulmamışdı. İki-üç saat gözlədikdən sonra 156 nəfərdən ibarət olan haqqıxlıları tövləyə doldururlar. İçlərində olan cavan, sağlam qadınlardan aşağıda adları çəkilən qadınları seçib naməlum istiqamətə aparırlar. Hansı ki, onlardan sonralar heç bir məlumat almaq mümkün olmur. Pürzə, Nabat, Gülbahar (qızı Telli ilə), Şahzadə, Zübeydə (iki uşaqla), Münəvvər. Bunlardan yalnız Telli uşaq evindən tapılmış və Naxçıvana getmişdir.

Kənd camaatının o biri hissəsinin kifayət qədər uzaqlaşdığını görən erməni quldurları hərəkətə keçirlər. Bu zaman tövlənin ağzında,qapıda gözləyən Bayram kişi köhnə ocaqdan qalan külü qapıda dayanan qarovulçuların gözünə çırpır və özünü meşəyə vurur. Arxasınca atılan güllələrdən biri onu baldırından yaralayır. Daha iki nəfər-Balədə və 14 yaşlı Həsən qaça bilr. Qalanlarını tövlənin içinə partladıcı ataraq vəhşicəsinə qətlə yetirirlər. Danarğan genosidi baş verir. Bu əməliyyatı yerinə yetirən Hamayak sonralar kommunist kimi maskalanaraq Haqqıxlı kəndinə artelə sədr gəlir. Sağ qalan Bayram kişi nə qədər desə də, Hamayakın quldur olduğunu sübut edə bilmir. Qalan camaat min cür əzab-əziyyətlə Qaradaş deyilən yaşayış məntəqəsinə oradan da Qazağa gəlirlər. N.Nərimanovun köməyi ilə iki il Şəkidə qalan haqqıxlılar yenidən geri-doğma yurdlarına qayıdırlar. Danarğanda qətlə yetirilənlərin sümüklərini çıxarırlar. Kəllə sümüklərinin sayına əsasən və orada deyilənlərə görə, qətlə yetirilənlərin sayının 155 nəfər olduğu təyin edilir. Qalan 1 nəfər haqda isə məlumat olmur. Həmin dövrdə əhalinin siyahıyaalınma statistikasına nəzər salsaq görərik ki, 1905-ci ildə Haqqıxlı kəndində 463 nəfər, 1931-ci ildə isə 412 nəfər olub. Bu da 156 rəqəmini təsdiq edir. Kənd əhalisi tərəfindən Danarğan genosidinin qurbanlarının qalıqları kəndin ərazisində dəfn edilir. Amma bolşevik dövlət orqanları onların üzərində bir qeyd və ya yazı yazmağa belə icazə vermirlər. Keçən əsrin 70-80-ci illərində kəndin sakinləri bu məsələni İcevan rayon Partiya komitəsində qaldırsalar da yenə də icazə verilməmişdi.

1988-ci il noyabrın 28-də Haqqıxlı kəndinin sakinləri öz doğma yurd yuvalarından deportasiya olundular

Bu məlimatlar Danarğan genosidini görmüş və ya eşitmiş mərhum Zöhrə nənə, Əli baba, Məhəmməd Cəfərov, Əsgər Əsgərov və hal-hazırda yaşayan Xanım Mirzə, Talıb Nəbiyev, Mərziyə Məmmədovanın eşitdiklərinə, danışdıqlarına əsaslanmışdır.
Qələmə aldı: Elli Atayurd, şair-yazar.

İnterPosta.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.