Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?

23-03-2019, 07:40           
Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?
Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə 2 milyon manat ayrıldı. Bərpa-konservasiya işləri ilə bağlı sənədlər, layihə-smeta hazırdır və ekspertizadan keçib. May ayının sonları, iyun ayının əvvəlində işlərə start veriləcək".

Dövlət Xidmətinin mətbuat katibi bildirib ki, hazırda bu işlərin görülməsi ilə bağlı tender elanı hazırlanır: "Tenderin nəticəsinə əsasən bərpa işlərinin yerli, yaxud xarici mütəxəssislər tərəfindən görüləcəyi məlum olacaq".

F.Hüseynov əlavə edib ki, Çıraqqalanın bərpası üzrə işlər bir ildən tez yekunlaşmayacaq: "Həm də nəzərə almaq lazımdır ki, abidə mürəkkəb relyefdə yerləşir".

Qeyd edək ki, martın 13-də Prezident İlham Əliyev Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 milyon manat ayrılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.