Tahir Əmiraslanov onu təhqir edən hüquqşünas və aşbazları məhkəməyə verdi, 350 min tələb etdi - Qalmaqal

19-04-2019, 17:22           
Tahir Əmiraslanov onu təhqir edən hüquqşünas və aşbazları məhkəməyə verdi, 350 min tələb etdi - Qalmaqal
Məşhur kulinar mətbuatda onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyi üçün “The First News” İnformasiya Agentliyini və tanınmış aşbazları məhkəməyə verib.

Musavat.com-un verdiyi məlumata görə, ötən gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun iddiaçı olduğu məhkəmə prosesi keçirilib.

Hakim Toğrul Axundovun sədrliyi ilə keçən məhkəmə iclasında iddiaçının vəkili Muxtar Mustafayev bildirib ki, cavabdeh Orxan Muxtarov, Fərhad Aşurbəyli, Fikrin Bektaşi müxtəlif tarixlərdə “The First News” İnformasiya Agentliyinə müsahibə verərək, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov barəsində şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayıb: “Adıçəkilən informasiya portalında müxtəlif vaxtlarda “Mən sizə 750 manata diplomu mənə necə satdığınızı xatırlada bilərəm”, “Əmiraslanovdan kulinariya reseptləri - aşpazlara zərər vurur” başlıqlı yazılar dərc edilib. Məqalələrdə müsahiblər Əmiraslanovu rüşvət almaq, inhisarçılıq etmək və s. cinayət əməli hesab edilən hərəkətlərdə ittiham ediblər. Həmin yazılar ingilis və rus dilində də yayımlandığından, cavabdehlər hərəkətləri ilə yalnız iddiaçıya deyil, həm də onun 28 ildir ki, rəhbərlik etdiyi təşkilatın işgüzar nüfuzuna da böyük xələl gətirib. Belə ki, həmin yazılar beynəlxalq təşkilatlarda, sosial şəbəkələrdə yayılaraq, böyük oxucu kütləsinə çatdırlıb, geniş müzakirə olunub. Nəticədə Əmiraslanova işgüzar nüfuzu ilə yanaşı, böyük miqdarda maddi zərər də dəyib. Hətta onunla əməkdaşlıq müqaviləsi bağlamış iş adamı bu qalmaqala görə ümumi dəyəri 180 000 manat olan müqaviləyə xitam verib. Həmçinin Tahir Əmiraslanovla və Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə iş görmək istəyən sponsorlar öz fikirlərindən daşınıblar. Bununla Tahir Əmiraslanova külli miqdarda maddi ziyan dəyib.

Cavabdehlər bununla kifayətlənməyib, Dünya Kulinariya Birliyinə, onun prezidentinə, idarə heyəti üzvlərinə və digər ölkədəki kulinariya təşkilatlarına və s. məktub ünvanlayıblar. Həmin məktubda Tahir Əmiraslanovun, Azərbaycan Milli Kulinariya Assosiasiyasının şərəf və ləyaqətini, işgüzar imicini alçaldan şər-böhtanlar qeyd olunub”.

Vəkil bildirib ki, iddiaçı bütün bunlara görə cavabdehlərdən ümumilikdə 350 min manat təzminat tələb edir: “Mənəvi zərərin əvəzi kimi Muxtarov Orxan Fərhad oğlundan 50 000 manat, Aşurbəyli Fərhad İskəndər oğlundan 50 000 manat, Bektaşi Fikrin Fikrət oğlundan 50 000 (əlli min) manat, həmçinin Tahir Əmiraslanovun işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olaraq Aşurbəyli Fərhad İsgəndər oğlundan 150 000 manat, Bektaşi Fikrin Fikrət oğlundan 50 000 manat tutularaq Azərbaycan Milli Kulinariya Assosiasiyasının hesabına ödənilsin. Eyni zamanda cavabdehlər həmin məqalələrdəki məlumatlarla bağlı adıçəkilən qəzetin internet səhifəsində təkzib versin. “The First News” İnformasiya Agentliyi isə həmin təkzibi internet portalında dərc edilməsi vəzifəsini yerinə yetirsin”.

İddiaçı Tahir Əmiraslanov isə bu günə qədər milli kulinariya sahəsində gördüyü işləri xatırladaraq bildirib ki, bütün bunlar həm onun, həm də ölkənin imicinə zərər vurub. Qarşı tərəfin vəkilləri isə qeyd edib ki, adıçəkilən məqalələrdə müəyyən təhriflərə yol verilməsi ehtimalı var.

Hakim məqalələrin iddiaçıya nə qədər zərər vurduğu barədə araşdırma aparılacağını bildirib və növbəti məhkəmə prosesini mayın 10-na təyin edib.

Xatırladaq ki, Orxan Muxtarov, Fərhad Aşurbəyli tanınmış aşbazlar, Fikrin Bektaşi isə hüquqşünasdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.