AZƏRBAYCANDA HİCAB QADAĞASI HAÇANACAN SÜRƏCƏK? –Qadınlarımızın dini hüquqları ABŞ mətbuatının diqqətində – ARAŞDIRMA

8-05-2019, 10:24           
AZƏRBAYCANDA HİCAB QADAĞASI HAÇANACAN SÜRƏCƏK? –Qadınlarımızın dini hüquqları ABŞ mətbuatının diqqətində – ARAŞDIRMA
Ostin Kleyton

Eurasianet.org (ABŞ), 03.05.2019



Sevda Kamilova dilçilik üzrə diplomla universitet bitirib və gözləyirdi ki, ingilis dilinə yiyələnməyi Azərbaycanın turist sahəsində yüksəkmaaşlı iş tapmağa imkan verər. О, bir neçə beynəlxalq şirkətdə söhbətdə olub, amma hər dəfə soruşublar ki, işdə yaylıq örtməməyə razılaşacaqmı? О, imtina edib və iş əldə etməyib.

O deyib: “Bu şirkətlər istəmir ki, hicablı qadın onları təmsil etsin”.

O, hazırda ailə şirkətində çalışır və müsəlman baş örtüyü örtməyi davam etdirir. Kamilova izah edib: “Mənim üçün iman önəmlidir, bir də iş xatirinə yaylığı açmaq istəmirəm”.

Azərbaycanlıların 97%-i özünü müsəlman adlandırsa da, dini qaydaları ciddi gözləyənlərin sayı xeyli azdır və ölkə özünün dünyəvi ənənələriylə fəxr edir. Amma SSRİ dağıldıqdan sonra dini ayinlərə əməl etmək çoxalıb. Heç kim statistika aparmasa da, hicab saxlayan qadınların sayının gözədəyən artımı Azərbaycan cəmiyyətində kəskin mövzu olub. Hicab saxlayanların dedikləri kimi, bununla yanaşı, əks-təsir də meydana çıxıb.

Sumqayıtda müsəlman geyimləri dükanının yiyəsi Sədaqət “Eurasianet.org”a deyib: “İndi dinin ardınca sərbəst getmək olar və hicab bağlamaq istəyənlər bunu edə bilərlər”.

Amma onun sözlərinə görə, hicab və ekstremizm arasında bağlılıq haqda geniş yayılmış təsəvvürlərə bağlı sosial basqı qabaqkı kimi qalır. O deyib: “Bəzi qadınlar ən nəhayətdə hicabı çıxardırlar ki, camaat içində gərəksiz diqqəti çəkməsinlər”.

Bakıda müsəlman geyimi alveri edən başqa bir şirkətin sahibi deyib ki, başıbağlı qadınların çoxu iş axtararaq onun dükanına gəlir, çünki başqa yerlərdə ayrı-seçkiliklə üzləşirlər. O, “Eurasianet.org”a deyib: “Onlar heç harda iş tapa bilmir və hicab alveri edən dükanlarda işə düzəlməyə çalışırlar”.

Azərbaycan Konstitusiyası çoxlu düzəlişlərlə olsa da, iman azadlığına zəmanət verir. 48-ci maddədə deyilir: “Dini ayinlərin icrası ictimai asayişi pozmursa və ictimai əxlaqa qarşı deyilsə, azaddır”.

Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin baş müşaviri Aynur Veysəlova deyib – iş yerində hicab məsələsinə qanunda birbaşa şərt qoyulmur, lakin dövlət müəssisələrinin işçilərinin onu saxlamağına qeyri-rəsmi yasaq var. “Azərbaycan dünyəvi dövlətdir, konstitusiyamız da dünyəvi dəyərlərə söykənib, – o deyib. – Məsələn, Türkiyədə hicablı qadınların hətta hökumət idarələrində işləyə biləcəyi qanunlar var, amma bizdə belə bir şey yoxdur”.

Qızlara da məktəbdə hicab saxlamaq xəlvəti qadağan olunub. Din fəalları 2011-ci ildə silsilə etirazlar təşkil edərək hökumətdən bu qadağanı ləğv etməyi istəyiblər, amma nəticəsi olmayıb. Yasaq fəaliyyətini sürdürür.



Eyni zamanda Azərbaycan ictimaiyyəti böyük çoxluğu ilə dünyəvi olaraq qalmaqdadır və hicaba ehtiyatla yanaşır. Bu narahatlıq son illərdə İrandan və ərəb ölkələrindən turistlərin sayının çoxalmasıyla dərinləşir. Azərbaycan şairi Rasim Qaraca ölkəyə gələn üzüörtülü turist qadınların sayının artmasına cavab yazıb: “Bakı dünyada çadranı atan qadının təsvir olunduğu abidə olan yeganə müsəlman şəhəridir. Bu abidənin dəyərini hamı anlamalıdır. Bu mənim üçün ölkəmizin əsas rəmzlərindən biridir. Biz onu özlüyündə təbii saymamalıyıq. Biz onu ziyarət etməli və tarixi dəyərini və önəmini dərk etməliyik”.

Bu arada möminlərdən bəziləri hicablı qadınlara iş yerində ayrı-seçkilik qoyulmasına astadan gileylənirlər. KİV-lər də bu yaxında bu problemi işıqlandırmağa başlayıb.

Bakıda ərzaq dükanında işləyən gənc qadın Səidəyə işdə hicab geyməyə icazə verirlər. Ancaq o, satıcı qadın işinə düzəlmək üçün hicabı götürməli olan rəfiqəsindən danışıb. Səidə deyib ki, “tək-tük çəp-çəp baxışlar” və “özəlliklə bəzi alıcıların alkoqol alarkən mənimlə necə davranacaqlarını bilmədikləri” faktı nəzərə alınmasa, özünün problemi yaranmır.

Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyasından Novella Cəfərova deyib ki, hicablı qadınların da qalan hamı kimi hüquqları var. O, iş yerindəki ayrı-seçkilik haqda suala cavab verib ki, “bu problem barədə heç bir məlumat almamışıq. Alsaq, bu məsələni qaldıracağıq”.

Ailə məsələləri üzrə Dövlət Komitəsindən Veysəlova da deyib ki, iş yerində hicabla bağlı ayrı-seçkilik haqda heç vaxt şikayət almayıb. Bununla belə, diplomlu dilçi Kamilova deyib ki, iş axtarmaq təcrübəsi haqda heç kimə məlumat verməyib, çünki bu barədə heç kimin heç nə etməyəcəyini düşünüb. O deyib: “Hicablı qadınlar cəmiyyətimizdə, vur-tut, azlıqdır, belə ki, heç kim bizi dinləməyə başlamayacaq”.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.