Sovet kəşfiyyatının rəhbəri, Rəsulzadədən Stalinə dosye verən sovet general...

12-05-2019, 11:11           
Sovet kəşfiyyatının rəhbəri, Rəsulzadədən Stalinə dosye verən sovet general...
Stalinin sevimlisi, Rəsulzadədən çuğulluq edən sovet general...


O, Almaniyanın SSRİ-yə nə vaxt hücum edəcəyi tarixini Stalinə məlumat verən ilk şəxslərdən biri olub. 1941-ci ildən 1945-ci ilə qədər, bütün müharibə boyu Pavel Fitinə istədiyi vaxt Ali Baş Komandanla birbaşa rabitə əlaqəsinə girmək hüququ verilib.

1907-ci ildə Kurqanskda anadan olan Pavel Fitin orta məktəb illərindən kənd təssərrüfatı sahəsində çalışmağı arzulayıb. Valideynləri bu seçimdə ona mane olmayıblar. O, Timiryazev adına Kənd Təssərrüfatı Akademiyasına qəbul olub. Bu ali təhsil ocağıını müvəffəqiyyətlə bitirdikdən sonra elə arzuladığı sahədə də əmək fəaliyyətinə başlayıb. Bir müddət Moskvada ümumiləşdirilmiş kənd təssərrüfatı laboratoriyasında mühəndis vəzifəsində işlədikdən sonra Fitin fəaliyyətini “Selxozgiz” nəşriyyatında ədəbiyyat şöbəsinin müdiri vəzifəsində davan etdirib. 1934-1936-cı illərdə ordu aıralarında qulluq edən Fitin hərbi xidmətdən sonra yenidən öz köhnə iş yerinə qayıdıb və onu nəşriyyatın baş direktor müavini vəsifəsinə təyin ediblər.
Pavel Fitin öz sahəsində bacarıqlı mütəxəssis kimi tanınsa da, qarşısında böyük perespektivlər açılsa da o, 1938-ci ildə tamam fərqli bir sahəyə üz tutub.

1938-ci ilin mart ayında kütləvi repressiyaların tüğyan etdiyi bir dövrdə dövlət orqanlarında kadr çatışmazlığı yarananda, “NKVD”-də də kadr seçimi başlanıb və Fitin bu seçimdə iştirak edib. Bütün göstəricilərinə görə “NKVD” əməkdaşı olmağa yarayan Fitin işə qəbul olunub. Xüsusi təyinatlı məktəbdə kurs keçdikdən sonra o, “NKVD”-nin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin 5-ci şöbəsində xidmətə başlayıb.

Pavel Fitin xidməti vəzifə pillələrində ağılasığmaz sürətlə irəliləyib. Cəmisi bir ildən sonra o, 1939-cu ilin may ayında, 31 yaşında “NKVD”-nin 1-ci idarəsinə (xarici kəşfiyyat) rəis təyin edilib.

Xüsusi agenturanın təşkili, yüksək təşkilatçılıq qabiliyyəti, əsl orqan əməkdaşlarına xas xarekteri ilə Fitin Kreml məmurlarının, o cümlədən həm də Stalinin diqqət mərkəzində olub.

Müharibə illərində qarşı tərəfin əməliyyat planlarının, məxfi məlumatların əldə olunmasında Pavel Fitin Kreml üçün əxəzolunmaz kadr sayılıb. Dövlət Müdafiə Komitəsi, şəxsən Stalin müharibənin gedişində üstünlük əldə etmək üçün onun məlumatlarını zəruri sayıb.



Pavel Fitinin qısa müddətdə yuxarı təbəqədə qazandığı nüfuzu Beriyanı narahat edib. Bir neçə dəfə Fitini ləkələmək, həbs etdirmək cəhdi etsə də, Beriya Stalinin sərt münasibəti ilə üzləşib. Amma buna baxmayaraq, Beriya 1946-cı ildə Fitini 1-ci idarənin rəisi vəzifəsindən uzaqlaşdırmağa nail olub. Sonrakı fəaliyyətini Sverdlovskda yerli dövlət təhlükəsizlik orqanlarında davam etdirən Fitin 1951-1953-cü illərdə Qazaxstanda dövlət təhlükəsizlik naziri vəzifəsində xidmət edib.

Stalinin vəfatından və Beriyanın həbsindən sonra Pavel Fitin keçmiş komandanın üzvü kimi Nikita Xruşovun qəzəbinə tuş gəlib və onu dövlət təhlükəsizliyi orqanlarından xaric ediblər.

General-leytenant rütbəsində olan Fitin sonrakı əmək fəaliyyətini SSRİ-nin xarici ölkələrlə mədəniyyət əlaqələri dostluq cəmiyyətinin fotokombinatının direktoru vəzifəsində davam etdirib.

Fitin 1971-ci ildə. 63 yaşında mədə xorası xəstəliyindən vəfat edib. O, Moskvada Vedensk qəbirstanlığında dəfn olunub.



Qeyd edək ki, bu həmin Pavel Fitindir ki, o, 1944-cü il iyulun 17-də Məmməd Əmin Rəsulzadə haqqında topladığı materialları “məxfi” qrifli arayışla Kremlə təqdim edib:

“Tam nəxfi
Rəsul-Zadə Məmməd Əmin haqqında arayış.

Rəsul-Zadə Məmməd Əmin 1884-cü ildə doğulub, azərbaycanlıdır, peşəcə jurnalistdir, antisovet millətçi “Musavat” təşkilatının lideri və ideoloqudur. Azərbaycan sovetləşdikdən sonra xaricə mühacirət edib.

Rəsul-Zadənin mühacirətdə apardığı və başçılıq etdiyi antisovet işi Azərbaycanda sovet hakimiyyətinin devrilməsinə və kapitalizmin bərpasına yönəlmişdir. Bu məqsədlə Rəsul-Zadə Musavatın gizli fəaliyyətini təşkil etmək, cəsusluqla məşğul olmaq, üsyanşılıq hərəkatı yaratmaq və təxribatlar törətmək üçün müntəzəm olaraq SSRİ-yə emissarlar göndərmişdir.

Xaricdə yaşadığı ilk gündən Rəsul-Zadə xarici ölkələrin (Polşa, Yaponiya və Türkiyənin) kəşfiyyat idarələri ilə əlaqəyə girmiş, bütövlükdə onların himayəsinə keçmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti ilə bağlı onların bütün tapşırıqlarını yerinə yetirməyə başlamış və beləliklə də həmin kəşfiyyat idarələrinin agentinə çevrilmişdir.

1942-ci ilin mayında Qafqaz mühacirət nümayəndələrinin qurultayında iştirak etmək üçün almanlar Rəsul-Zadəni Berlinə çağırmışlar. Bundan sonra o, Rozenberqin yaratmış olduğu “Azərbaycan Milli Komitəsi”nə başçılıq etmişdir. Almaniya ordusu komandanlığının tapşırığı ilə Rəsu- Zadə azərbaycanlı əsirlərdən ibarət “Milli legionerlər” deyilən qurum yaratmaq yönündə geniş fəaliyyət göstərmişdir. Ona Qırmızı ordunun arxa cəbhəsinə göndərmək üçün casuslar və təxribatçılar hazırlanması ilə bağlı tədbirlərin keçirilməsində Almaniya kəşfiyyatına kömək və yardım etmək tapşırığı da verilmişdi.

1943-cü ilin sonunda guya səmərəsiz işinə görə almanlar Rəsul-Zadəni “Azərbaycan Milli Komitəsi”nin rəhbərliyindən kənarlaşdırmışlar. Bundan sonra o, Buxarestə qayıtmışdır və indi də orada yaşamaqdadır. Türkiyənin Rumıniyadakı səfiri vasitəsilə Türkiyə hökumətindən pul müavinəti alır.

SSRİ XDTK idarəsinin rəisi (Pavel Fitin)

17 iyul 1944-cü il”



Qeyd edək ki, bu sənədi ilk dəfə olaraq mətbuata professor Şirməmməd Hüseynov təqdim edib.

İlham Cəmiloğlu, Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.