“Qardaşımın ölümünə görə onun oğlundan şübhələnirəm” - Sabiq əməliyyat müvəkkilinin qardaşı

14-05-2019, 12:12           
 “Qardaşımın ölümünə görə onun oğlundan şübhələnirəm” - Sabiq əməliyyat müvəkkilinin qardaşı
“Bu cinayət mərhum qardaşımın mülkləri və banklarda olan pullarına görə törədilib. Qətldən sonra baş verənlər məndə əminlik yaradır. Şikayətlərimdən sonra Binəqədi Prokurorluğunda qardaşım Tofiq Bədirovun ölüm işini bir müstəntiqdən alıb başqasına verdilər. Lakin heç nə dəyişmədi” - “Yeni Müsavat”a müraciət edən Güloğlan Bədirov belə deyir. Onun sözlərinə görə, qardaşının ölümü ilə bağlı şübhələri prokurorluqda dilə gətirib: “Prokurorluğa gedirəm, deyirlər, qardaşımla daim konfliktdə olan oğlu Rafiqi tapmırıq. Qardaşımın evinə istintaq eksperimenti olaraq baxış keçirilməlidir. Rafiq gəlib qapını açmır, prokurorluq da deyir ki, Rafiqi tapmırıq. Belə də şey olar?”

Güloğlan Bədirov deyir ki, şikayətində qardaşının köməksiz vəziyyətdə qalıb, ölməsini yazıb: “Ortada cinayətkar var. O, kənarda deyil, evin içindədir. Qardaşımı qəsdən köməksiz vəziyyətdə qoyub gedib. Oğlu qardaşımı dəfələrlə hədələmişdi ki, səni öldürəcəyəm, mal-mülk qalacaq mənə. Bundan əvvəl də qardaşımın bağının yarısını satdı. Qardaşıma demişdi ki, bağın yarısını satıram, çıxıb gedirəm. Amma getmədi, qalıb qardaşımın başına oyun açırdı. Qapını üzünə bağlayıb gedirdi. Qardaşım müəmmalı şəkildə ölüb. Ölümündən sonra qardaşımın bankda olan külli miqdarda pulu çıxarılıb. Təqaüd kartından pulu çıxarılıb. Bu işi də açmırlar”.

G.Bədirov deyir ki, qardaşının meyiti bu il fevralın 2-də, havanın soyuq bir vaxtında hamamda üzüqoyulu vəziyyətdə aşkar olunub: “Bir daha deyirəm, qardaşım ağlı başında olan adam idi. O, soyuq havada gedib hamamda soyuq su ilə çimməzdi. ”Sudmedekspert" yazır ki, Tofiq Bədirov donvurmadan ölüb. Amma araşdırmırlar ki, qardaşım hamamdan niyə çıxıb mənzilə gedə bilməyib?"

Güloğlan Bədirov qardaşı Tofiq Bədirovun uzun illər DİN sistemində işlədiyini, əməliyyatçı olduğunu da xatırlatmışdı. Demişdi ki, qardaşı 30 il hüquq-mühafizə orqanlarında işləyib, 10 il əvvəl yaşla əlaqədar təqaüdə çıxıb. T.Bədirovun ailəsi ilə münasibətləri gərgin olub, ona görə də boşanıb. Boşanmadan sonra 2 evindən birini ailəsinə verib. Tofiq Bədirov əleyhinə olsa da, boşanmadan sonra onun yaşadığı və özəl mülkiyyəti olan Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 37 A ünvanına oğlu Rafiq Bədirov məhkəmə qaydasında yaşayış hüququnun tanınmasına nail olub.



“Rafiq qardaşımla yola getmirdi. Bir dəfə də 1 il müddətinə həbsdə yatmışdı. Həbsdən çıxandan sonra Tofiqlə münasibətləri daha da kəskinləşmişdi. Rafiq atasına qarşı zülmkarlıqlar edirdi. 40-cı polis bölməsinə dəfələrlə çağırışlar olmuş, saxta izahatlarla oğul yaxasını kənara çəkərək, öz çirkin əməllərini uzun müddət davam etdirirdi. 2018-ci ilin noyabrında Rafiq evdə atasına 3 bıçaq xəsarəti yetirib. Başından küt alətlə vurub. Tofiq bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat vermişdi. İstintaq şöbəsində qardaşıma yetirilən xəsarətlərlə əlaqədar Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlandı. Aylarla istintaq getdi. Həmin müddətdə də Rafiq atasını dəfələrlə döyüb, təhqir edirdi. Darvazanı üzünə bağlayıb gedirdi. 68 yaşlı kişi məcbur olub hündür hasarın üstündən atılmaqla küçəyə çıxırdı. Tofiq illər idi ki, bu cür durumda yaşayırdı. Onun başına oyun açırdılar. Oğlu heç yerdə işləmirdi, kommunal xərcləri də ödəmirdi. Atasının da basına oyun açırdı. Tofiq də qaza, işığa pul yükləmirdi ki, bəlkə oğlu çıxıb anasına verilən evə gedər, onu rahat buraxar. İllərlə həmin vəziyyətdə yaşamaq məcburiyyətində qalmışdı. Onunla tez-tez telefonla danışırdım. 2019-cu il fevralın 2-dən 5-nə qədər telefon zənglərimə cavab vermədi. Dəfələrlə zəng elədim. Gördüm ki, telefonu götürmür, qapısına getdim.

Qapı bağlı idi. Oradan birbaşa polisə yollandım. Polisdə 2-3 saat gözlədim, oğlunu tapıb gətirdilər. Evə getdik, oğlu əli əsə-əsə həyəcanla darvazanı açdı. Mənzilə getmək əvəzinə birbaşa hamamxanaya getdi, qapını açdı və Tofiqin meyitini polislərə göstərdi. Rafiq bu zaman qışqıra-qışqıra özünü siğortalamaq üçün hay-küy qaldıraraq, özünü xəbərsiz göstərməyə başladı. Dedi ki, ”üç-dörd gündür mən bu evdə yox idim" Sual olunur: 1 vedrə isti-soyuq su ilə yaxalanmaq üçün şəraitsiz hamamda necə olur ki, insan ölümlə üz-üzə qalır? Mənə elə gəlir ki, kiməsə bu sualı versəm, gülər. Qardaşım dəfələrlə bədənini yumaq, yaxalanmaq üçün bu üsuldan istifadə edib. Amma qapının çöldən bağlanmasını ağlına belə gətirməyib. Görünür ki, hiyləgər oğul bu vəziyyətdən ustalıqla istifadə edərək qapını çöldən bağlayıb. Qardaşım köməksiz vəziyyətdə qalaraq hamamda donaraq vəfat edib. Qardaşımın ölüm işinin araşdırılmasını tələb edirəm" deyə G.Bədirov bildirib.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.