Rusiyadakı azərbaycanlıların Almaniyaya böyük köçü – REPORTAJ

16-05-2019, 07:50           
Rusiyadakı azərbaycanlıların Almaniyaya böyük köçü – REPORTAJ
Son aylar Rusiyadan Almaniyaya gələn əməkçi miqrantların və qaçqınların sayında artım müşahidə edilir. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) aprel ayı üçün yaydığı statistik məlumata görə, fevral, mart və aprel aylarında ümumilikdə 1021 Rusiya vətəndaşı bu ölkəyə gələrək qaçqın statusu üçün müraciət edib.

Rusiyadan köçənlərin sonrakı yaşamlarını Almaniyada davam etdirmək istəmələri isə təəccüblü deyil. Ümumiyyətlə, II dünya müharibəsindən sonra ruslar Almaniyanın Şərqində kompakt, digər ərazilərində isə səpələnmiş formada yaşamağa başlayıblar. Başlıca səbəblər sırasında, təbii ki, Almaniyanın sosial dövlət kimi Avropanın ən güclü ölkəsi olması gəlir.
Son illər Almaniyanın əməkçi miqrantlarla bağlı xüsusi proqramlar həyata keçirməsi, eyni zamanda ölkədə müxtəlif sahələrə investisiya qoymaq istəyən bisnesmenlərə şərait yaratması bu ölkəni gəlmələrin gözündə digərlərindən nisbətən cəlbedici edir.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) aprel ayı üçün yaydığı statistik məlumat

Villalar, ticarət obyektləri və boş torpaq sahələri…

Rusiyadan Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinə köç edənlər də az deyil. Bu əyalətdə söhbət etdiyimiz maklerlərin dediyinə görə, daşınmaz əmlak sahibi olan Rusiya vətəndaşlarının sayında əvvəlki illərə nisbətən artım müşahidə edilir.
Biznesini Rusiyadan Almaniyaya daşıyan biznesmenlər Almaniyada əmlak şirkətləri tərəfindən tikilən villalar, ticarət obyektləri və boş torpaq sahələrini sürətlə aldığından əmlak bazarında canlanma müşahidə edilir.

Almaniyada “Şəmkirlilər məhəlləsi”

Rusiyadan Almaniyaya birəfəlik köçənlər sırasında azərbaycanlılar da var. Azərbaycanın Şəmkir rayonundan olan Rusiya vətəndaşları bu əyalətdə boş torpaq sahələri alaraq evlər tikirlər. Artıq Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində bir qəsəbədəki məhəllələrdən birində 8 şəmkirli ailə ev tikərək köçüb. Qonşuları təkcə almanlar yox, onlar kimi Rusiyanın Dağıstan, Çeçenistan federal subyektlərindən, Tacikistan kimi respublikalardan gələnlərdir.

Yerli bələdiyyə yeni salınan məhəllələrin bütün infrastrukturunu öz üzərinə götürüb. Düzdür, bəzi ruslar tikinti normalarına əməl etmədikləri üçün bələdiyyə tərəfindən cərimələnsə də, yeni sakinlərlə bu dövlət idarəsi arasında başqa hansısa bir problem yoxdur.

Əlövsət Əliyev: ”Azərbaycan bu vəziyyətdən istifadə etməlidir”

Almaniyada fəlaiyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev mövzu ilə bağlı Musavat.com-a danışaraq bildirib ki, Rusiya iqtisadiyyatının böyük risk altında olması bu ölkədən köçlərə səbəb olur : “Rusiya ilk olaraq iqtisadi baxımdan zəifləyib. Ümum daxili məhsul (ÜDM) artımı da digər illərlə müqayisədə azalmağa davam edir. Neftin qiyməti risklidir. Rus rublunun məzənnəsi də daim risk altındadır. Eyni zamanda beynəlxalq iqtisadi təşkilatlar və ekspertlər də 2019-cu ilin Rusiya üçün daha acınacaqlı olacağı ilə bağlı proqnozlar veriblər. Amerika və Qərb ölkələri sanksiyaları daha altı ay müddətinə artırdılar”.

Rusiya vətəndaşı olan azərbaycanlıların Almaniyaya köçünə münasibət bildirən hüquqşünas bildirib ki, sözügedən ölkə iş adamlarının fəaliyyəti üçün təhlükəli ölkələr sırasındadır: “İnsanların təkcə daşınmaz əmlakı deyil, həyatları da təhlükə altındadır. Azərbaycanlı iş adamları Rusiya və Ukrayna kimi ölkələrdə müxtəlif sahələrə investisiya qoyublar. Buna görə də, azərbaycanlı iş adamlarının Avropaya axını başlayıb. Həm də Rusiyada stabillik gözlənilmir. Dünya balacalaşır, baş verən proseslər daha aydın görünür. İndi insanlara daha çox qazanacaqları yox, stabil gəlir əldə edə biləcəkləri, əmlaklarına təhlükə olmayan ölkələr lazımdır. Azərbaycan isə bu vəziyyətdən istifadə edə bilmir. Uzun illərdir Azərbaycanla qonşu olan İran İslam Respublikasına qarşı geniş miqyaslı sanksiyalar mövcuddur. İranlı iş adamları xaricə çıxa bilmir. Ən azından Azərbaycan bu ərəfədə İranla vizasız rejim tətbiq edə bilərdi. İran vətəndaşlarının ən çox səyahət etdiyi bir ölkə ola bilərdi. Azərbaycan miqrantların hesabına maliyyə imkanlarını yaxşılaşdıra bilərdi. Biz bununla bağlı dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişik. Miqrasiya iqtisadiyyatın inkişafında çox böyük rol oynayır. Hətta Ermənistan və Gürcüstan kimi ölkələr İranla bağlı məsələdə daha çox faydalanırlar. Baxmayaraq ki, 30 milyon soydaşımız İranda yaşayır”.

“Bu gün Azərbaycanda bəzi siyasətçilər və dövlət başçısı bir sıra sahədə islahatlaırn aparıldığını qeyd edirlər. Çevik islahatlar aparılarsa azərbaycanlı iş adamları qərbə yox, Azərbaycana üz tutarlar. Təəssüf ki, Rusiya üçün sadaladığım problemlər Azərbaycanda da mövcuddur. Ona görə, bizim həmvətənlərimiz Avropaya, Amerikaya üz tuturlar. Azərbaycan bu vəziyyətdən istifadə etməlidir. Qonşuluqdakı Rusiya və İran kimi dövlətlərin arasında demokratik mühit yaradıb ölkə iqtisadiyyatı inkişaf etdirmək çox asanlıqla mümkündür. Azərbaycan da miqrasiya proseslərində xüsusilə, Rusiyada yaşayan azərbaycanlılara sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsindən tutmuş, onların Azərbaycanda qalma müddətinə qədər olan məsələlərə yenidən baxmalıdır. Vətəndaşların mülkiyyətinin toxunulmazlığı təmin edilməlidir. Mülkiyyətin müqəddəs olması prinsipi Azərbaycanda olmalıdır ki, insanlar öz əmlaklarına sahib çıxıb sərmayəni başqa ölkələrə yox, Azərbaycana qoysunlar”- deyə Ə.Əliyev söyləyib.

Fərahim İLQAROĞLU
xüsusi olaraq Musavat.com üçün,
Almaniya

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.