Qarabağ savaşının taleyini dəyişən işğal

17-05-2019, 09:03           
Qarabağ savaşının taleyini dəyişən işğal
Laçının işğalı ilə separatçı Dağlıq Qarabağ erməniləri ilə Ermənistan arasında quru yol açıldı
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonuna ciddi təhlükə 1992-ci il mayın 8-də Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra yaranmışdı. Şuşanın işğalından sonrakı günlərdə Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını tamamilə işğal etdilər. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu.

Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

1835 kvadrat kilometr ərazisi, 121 kəndi, 70 mindən yuxarı əhalisi olan Laçın rayonunun əhalisi işğal nəticəsində etnik təmizləməyə məruz qalıb, rayonun işğalı zamanı 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib.

Laçının müdafiəsində iştirak etmiş hərbçilər müxtəlif vaxtlarda bildiriblər ki, Laçının işğalında Ermənistan ordusu ilə yanaşı rusların 100 tankı və iki batalyonu da iştirak edib.

Şuşanın işğalından sonra fəlakət təhlükəsi Laçının başı üzərində fırlanırdı. Laçın İrəvanla separatçı Dağlıq Qarabağ erməniləri arasında böyük əhəmiyyətə malik vacib bir “koridor” idi. Məhz bu strateji əhəmiyyətinə görə ermənilər laçını “həyat yolu” adlandırıb Gorus-Şuşa arasında olan bu geniş həm də tarixi cəhətdən çox əhəmiyyətli və maraqlı olan Laçın massivini işğal etməyi qarşılarına məqsəd qoymuşdular.

Ermənilər bu arzularını gerçəkləşdirmək üçün 70 ildən çox fasiləsiz mübarizə aparsalar da hər dəfə uğursuzluğa düçar olmuşdular. 90-cı illər erməni terrorizminin strateqləri olan Z.Balayan, R.Köçəryan və S.Sərkisyan Laçın üzərinə hücumu Şuşanın süqutundan sonraya planlaşdırmışdılar. Onlar düşünürdülər ki, Xocalının və Şuşanın faciəsindən sonra şoka düşən əliyalın Laçın xalqı erməni silahlıları qarşısında duruş gətirə bilməyəcəklər. Belə də etdilər. O dövrdə Laçının işğalı bir çox cavabsız və müəmmalı suallar doğurdu...

8 may 1992-ci il tarixdə Şuşa şəhəri ermənilər tərəfindən işğal edildi. Bundan cəmi 10 gün sonra Laçının işğalı başa çatdırıldı. Bu işğalla bağlı haqlı bir sual ortalığa çıxır, Şuşa uğrunda döyüşən erməni döyüşçülərinin başı Şuşada və onun işğal olunmuş digər kəndlərində qarətə və soyğunçuluğa qarışdığı halda, ordu rəhbərliyi belə tez hərbi qüvvələrini komplektləşdirərək qısa müddətdə Laçın kimi sərt coğrafi relyefə malik bir rayonu belə asanlıqla necə işğal edə bildi?

Hərbi baxımdan da 10 gün müddət ərzində Ermənistanın Qarabağa yeritdiyi hərbi bölmələri Şuşa üzərindəki bu cür ağır döyüşlərdən sonra Laçını işğal etmək gücündə ola bilməzdi. Bütün bunlar Laçının işğalının daha böyük-ikinci bir qüvvə tərəfindən həyata keçirildiyi barədə deyilənləri inandırıcı edir.

Laçının işğalı ilə Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby’s” auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə yönəlmiş anneksiya siyasəti yürüdür.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.