“Məişət zorakılığı və onun fəsadları” - Məqalə

18-05-2019, 08:20           
“Məişət zorakılığı və onun fəsadları” - Məqalə
Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılıb.

2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu , 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, 2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2016-cı ildə Strateji Yol Xəritələri qəbul edilmiş, ölkəmiz BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub.

Qanunvericiliyin təkminləşdirilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Lakin bütün bunlara baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Cəmiyyətdə qadınlara qarşı zorakılıq əsas insan hüquq və azadlıqlarının pozulması kimi qəbul edilir.

Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir.

Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qeyd etmək lazımdır ki, məişət zorakılığı ailədə böyüyən boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Zorakılığın şahidi olmuş körpələrin sağlamlığı ilə yanaşı, davranışında da problemlər ortaya çıxır, belə körpələr emosional travmadan əziyyət çəkir və tədris prosesində çətinliklərlə üzləşirlər. Evlərində zorakılığın müşahidə edilməsi nəticəsində uşaqlar arasında yuxu pozuntusu və qida qəbulu ilə bağlı çətinliklər, fikri cəmləşdirmək, ümumi narahatçılıq yaşamaq, əyləncəyə marağı itirmək, özünə qiymət verməmək, həmyaşıdlarından kənar gəzmək və ya uzaqlaşmaq, məktəb mühitində özünü dikbaş və ədəbsiz aparmaq, təhsildə geriləmək, təhsildən yayınmaq halları daha çox rast gəlinən ümumi problemlərdir. Uşaqlıq dövründə zorakılığa məruz qalan və ya zorakılıq şahidi olan uşaqların böyüdükdə zorakılıq törətməyə meylli olmaları ehtimalı çox yüksəkdir. Bu da onların gələcəkdə davranışlarında, psixologiyasında özünü biruzə verərək, sağlam düşüncəli insan kimi formalaşmasına mənfi təsir edir.

"Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu - yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), birgə yaşadığı digər qohumlara; nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada; qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə; qanuni nikahda olmadan birgə yaşayan kişi-qadın və onlarla birgə yaşayan yaxın qohumlarına şamil edilir.

Məişət zorakılığı müxtəlif formalarda təzahür edir – fiziki, cinsi, psixoloji və iqtisadi zorakılıq.
Fiziki zorakılıq “üzə vurulan sillə”dən tutmuş həyata qəsd etmə və öldürülməyə qədər olan hərəkətləri əhatə edir. Buraya itələmə, sürükləmə, şillələmə, yumruqlama, təpikləmə, boğma, silahla təhdid etmə, ev dustağı etmə, əl-qolun bağlanması və ya hərəkətin məhdudlaşdırılması, təhlükəli yerdə saxlanılma, xəstə və ya yaralı olduqda yardım göstərməkdən imtina halları daxildir.
Psixoloji zorakılıq təcrid etmək, xəsarət yetirməklə təhdid etmək, hədə-qorxu gəlmək, sataşmaq, təqib etmək, təhrik etmək, incitmək, ləkələmək, fiziki və sosial baxımdan təcrid etmək, hədsiz qısqanclıq və tələbkarlıq (sahiblik) hissi, məhrum etmək, ləyaqətdən salmaq, alçaltmaq, daimi tənqid etmək, uydurma səbəblərdən təqsirləndirmək, hər məsələyə görə qınamaq, saymamaq, ehtiyaclarını məsxərəyə qoymaq, yalan söyləmək, sözünə əməl etməmək, etimadı itirmək və s. Həmçinin qadına qohumları və ya dostları ilə əlaqə saxlamağa icazə verməmək, onu qapalı qapılar arxasında ev dustağına çevirmək, özbaşına evdən çıxmağı və telefondan istifadəni qadağan etməkdən və s. bu kimi hallardan ibarətdir.

Yaxın qohumu olan ailə üzvlərinin, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi məişət zəminində cinsi zorakılıq adlanır.

İqtisadi zorakılıq ailə sərvətlərindən istifadə və bu sərvətlərə nəzarət məsələlərində bərabərsizliyə istinad edir. İqtisadi zorakılıq pul verməmə və ya az məbləğdə verilən pulun əvəzində yüksək gözləntilərin olması, ailənin gəlir, ehtiyat və ya xərc məbləğləri ilə bağlı məlumatın verilməməsi, qadının aldığı əmək haqqı və ya digər gəlirini yararsız hesab etmək, qadına evdən kənar işə icazə verməmək və ya qadını işləməyə məcbur etmək və s. halları nəzərdə tutur.

Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığını törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.

Mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Məişət zorakılığından zəzərçəkmiş şəxsə - 30 gün müddətinədək qısamüddətli və 30 gündən 180 gün müddətinə isə uzunmüddətli mühafizə orderi verilə bilər. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılmışdır. Məlumat Bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır.

Həmçinin Komitə tərəfindən məişət zorakılığı halları ilə bağlı yerlərdə vəziyyətin qiymətləndirilməsi, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üçün bütün yerli icra hakimiyyətlərində icra başçısının sərəncamı ilə “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupları” yaradılmışdır.
Komitənin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında Cinsi və Gender əsaslı Zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 2018-ci ildə Ağdam, Bərdə, Goranboy, Füzuli, Bakı şəhəri Binəqədi və Sabunçu rayonlarında Monitorinq Qrupları nəzdində alt şəbəkələr yaradılmış, təlimlər keçirilmiş və üzvləri üçün şəbəkənin qaydaları, koordinasiya və səlahiyyətlərinə dair təlimat hazırlanmışdır. Həmçinin Bakı şəhəri Binəqədi rayonunda məskunlaşan qaçqın və məcburi köçkün icmalarında “Liderlik Məktəbi” mövzusunda, Cocuq Mərcanlı Qəsəbəsində orta məktəbdə şagirdlər üçün erkən nikah, məişət zorakılığı və onun fəsadları mövzusunda maarifləndirici görüşlər təşkil edilib.
“Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında Cinsi və Gender əsaslı Zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi 2019-cu ildə də davam etdirilir. Respublikanın Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və Ağdam, Bərdə, Füzuli, Goranboy, Bakı şəhəri Binəqədi və Sabunçu rayonlarında qaçqın və məcburi köçkünlərin ən çox məskunlaşdıqlarını nəzərə alaraq, gender əsaslı zorakılıq, məişət zorakılığı və erkən nikahların qarşısının alınması istiqamətində mübarizə tədbirlərinin gücləndirilməsi, qadın hüquqları və gender bərabərliyinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Əgər sizə və yaxınlarınıza qarşı hər hansı bir zorakılıq halı baş verərsə Hüquq mühafizə orqanlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Yerli İcra Hakimiyyəti orqanlarına və bu sahədə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarına müraciət edə bilərsiz.

Məqalə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında Cinsi və Gender əsaslı Zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində hazırlanıb.
Teleqraf.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.