Xanım rektor “müxalifətçilərin üzünə tüpürün” deyibmi - BSU-dan açıqlama

21-05-2019, 08:33           
Xanım rektor “müxalifətçilərin üzünə tüpürün” deyibmi - BSU-dan açıqlama
Bakı Slavyan Universiteti: “İqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq, bütün vətəndaşlara sayğı göstərmək borcumuzdur”
“Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tələbələr arasında keçirilən tədbirlərin birində deyib ki, harada müxalif düşüncəli adam gördünüz tüpürün üzünə”. Bu xəbəri jurnalist Gülzar Məmmədli feysbuk səhifəsində yazıb. Onun bu məlumatı sürətlə sosial şəbəkələrin Azərbaycan seqmentində yayılıb və bir çoxları da paylaşıb.

G.Məmmədli bildirib ki, BSU rektoru tələbələri davamlı olaraq xoşagəlməz ifadələrə məruz qoyub.

BSU rektoru bir neçə il qabaq isə universitetin giriş hissəsinin fasadında olan 46 illik mozaikanın sökülməsi barədə göstəriş verməsi ilə gündəmə gəlmişdi. Bu söküntü etirazla qarşılanmışdı.

Sonra həmin mozaika yerinə bərpa edildi. N.Əliyevanın müxalifətçilər haqda dediyinə gəlincə, BSU-nun prorektoru Əbülfəz Nağıyev “Yeni Müsavat”a açıqlamasında deyilənlərin cəfəngiyyat olduğunu söylədi: “Sizcə, Nurlana xanım belə şey söyləyərmi? Tamamilə yalandır”.

BSU-nun mətbuat xidmətindən isə “Yeni Müsavat”a yazılı açıqlamada bildirildi ki, sosial şəbəkələrdə gedən informasiya böhtandır: “Dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir. Səbəb kimi mayın 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.

İlk növbədə onu qeyd edək ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad-valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur.

Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım professorun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir".

Açıqlamada bildirilir ki, N.Əliyeva indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlara bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb:

“Əslində Nurlana Əliyevanın BSU-ya gəldiyi ilk gündən məqsədi gənclərin patriotizm, milli-vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan xalqının tarixi ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının, bütövlükdə mənəvi dəyərlərinin gənclərə ötürülməsi olub.

Qapısı hər zaman insanların üzünə açıq olan rektor hər bir insanla səmimi dialoqa girəndə, tələbələrə bir ağbirçək ana kimi öyüd-nəsihət verəndə ilk növbədə əxlaq və etik normalar, milli-mənəvi dəyərlər prizmasından çıxış edir.

Təbii ki, belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin siyasi baxışlarına, ideoloji düşüncəsinə görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər və böhtandan başqa bır şey ola bilməz.

Təkrar edirik, iqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.