Azərbaycanda spesifik rüsum hansı ixrac mallarına tətbiq edilir? - TƏHLİL

21-05-2019, 10:55           
Azərbaycanda spesifik rüsum hansı ixrac mallarına tətbiq edilir? - TƏHLİL
Bu gün bəzi hallarda sahibkarlar Dövlət Gömrük Komitəsindən narazılıq edirlər. Narazılıqlarının əsas səbəbi isə onlar tərəfindən istehsal edilən bir sıra məhsulların ölkədən çıxarılmasına qadağaların olması və ya ixraca məhdudiyyətlərin mövcudluğu ilə bağlıdır.

Sahibkarlar iddia edirlər ki, ixrac etmək istədikləri bir çox istehsal məhsullarına xarici bazarlara çıxarılmasına qurum tərəfindən qadağalar qoyulur və ya yüksək rüsumlar tətbiq edilir ki, bu da onların istehsal etdikləri məhsulun dəyərinin daha baha başa gəlməsinə səbəb olur. Nəticədə isə Azərbaycan istehsalı olan bəzi məhsullar xarici bazarlarda qiymətinə görə digər məhsullara uduzur.

Ölkədən bəzi malların ixracına qadağa var

“Report” bu məsələni araşdırmağa çalışıb. Görəsən, ümumiyyətlə, bu gün hər hansı məhsulun ölkədən çıxarılmasına qadağa və məhdudiyyətlər mövcuddurmu? Maraqlıdır, məhdudiyyətlər qoyulan məhsulların siyahısına hansı mallar daxildir və onların ixracının məhdudlaşdırılmasına və qadağanın qoyulmasına səbəblər nədir?

Ancaq məsələni araşdırdıqda məlum oldu ki, bu gün Azərbaycandan ixrac olunan hər hansı məhsula məhdudiyyət yoxdur və gömrük rüsumu da tətbiq olunmur. Ancaq bəzi ixrac olunan mallara daxili bazarı qorumaq səbəbindən gömrük rüsumları müəyyən olunub. Bu da bir çox hallarda sahibkarların qanunvericiliyi bilməmələri və əksər hallarda məsələlərdən xəbərsiz olmaları ilə bağlıdır.

Dövlət Gömrük Komitəsi

Komitədən də bildirdilər ki, bu gün Azərbaycandan ixrac olunan hər hansı məhsula məhdudiyyət yoxdur: “Hər hansı məhdudiyyət ola da bilməz. Ancaq bəzi ixrac olunan mallara yüksək rüsumlar tətbiq edilib. Ölkə ərazisinə malların gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi, məhdudlaşdırılması müvafiq olaraq Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələri ilə tənzimlənir”.

Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, hazırda milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin qorunması baxımından malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır. Bu qadağalar heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından da tətbiq edilə bilər. Yaxud da Azərbaycanın başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq saxta kağız və metal pullar, gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, pornoqrafik materiallar və ya əşyalar da daxildir”.

Bu mallara spesifik rüsum tətbiq olunur

N. Axundov bildirib ki, Azərbaycanda son zamanlarda yerli istehsalın qorunması, respublikada istehsal olunan məhsulların xarici bazarlara əlverişli çıxışını təmin etmək və yerli istehsala lazım olan xam malların xaricə çıxarılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabinetinin bəzi qərarları ilə respublikadan çixarılan istehsal təyinatlı xammallara spesifik gömrük rüsumları tətbiq edilib: “Ölkədə yeni yaradılmış istehsal sahələrinin xammal tələbatının ödənilməsi və məhsul istehsalının, eyni zamanda rəqabətədavamlılığının artırılmısını təmin etmək məqsədilə respublikadan aşağı qiymətlə ixrac edilən qiymətli ağac məhsullarına (xammal) Nazirlər Kabineti tərəfindən ixrac rüsumlarının tətbiqi nəzərdə tutulub”.

İdarə rəsisi bildirib ki, hazırda ölkəmizdə istehsal müəssisələrinin dəri xammalına olan tələbatını ödəmək məqsədilə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən xam dərilərə ölkə ərazisindən ixrac edilərkən ixrac gömrük rüsumlarının tətbiq edilməsi nəzərdə tutulub: “Bu gün iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) bütöv gönlərindən hazırlanan dərinin 1 000 kiloqramı üçün idxal rüsümu 150-500 ABŞ dollar arasında dəyişir. Saflaşdırılmamış mis, elektrolitik saflaşdırma üçün mis və digər mis məhsullarının hər 1 000 kq üçün gömrük rüsumu 15 ABŞ dolları təşkil edir. Qərara əsasən, 05.09.2021-ci il tarixinədək isə mis məhsulların ixracına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla tətbiq edilə bilər.

Qeyd edək ki, rüsumlar aşağıdakı kimi müəyyən edilir:


Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda istehlak bazarında soğan, kartof və kələmin mövsümü qiymət artımının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib və soğan, kartof və kələmə ixrac gömrük rüsumlarının tətbiqi nəzərdə tutulub. Bu ayın sonuna qədər baş soğan və şalot soğanın hər bir kiloqramının ixracı üçün tətbiq ediləcək gömrük rüsumu 2 dollar təşkil edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.