"Oğluma 5 bıçaq vurmuşdular, həbs olunmasını istəmədim" - rüşvət alma, dələduzluq, vəzifədən sui-istifadə...

22-05-2019, 19:13           
"Oğluma 5 bıçaq vurmuşdular, həbs olunmasını istəmədim" - rüşvət alma, dələduzluq, vəzifədən sui-istifadə...
Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, rüşvət almada ittiham edilən 1983-cü il təvəllüdlü Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Bildirək ki, ifadə verən şəxslər zərərçəkən olduqlarını deyirlər. Lakin onlar Bəhruz Quliyevə rüşvət verdikləri üçün zərərçəkmiş yox, şahid qismində tanınıblar.

Məhkəmədə şahid qismində dindirilən Novruz Novruzov söyləyib ki, təqsirləndirilən Bəhruz Quliyev qardaşı oğlunun tələbə yoldaşı olub. Tanışlıqları da bununla yaranıb.

O, qardaşının oğlunu mühafizə polisinə işə düzəltmək istəyib. Buna görə də Quliyevə 6500 manat pul verib.

Novruz Novruzov deyib ki, iş alınmadıqdan sonra pulun bir hissəsi geri qaytarılıb.

Şahid Nəsib Hacıyev isə 2 min dollar verərək oğlunu işə düzəltmək istəyib.

"Oğlumu Binəqədidə polisə işə düzəldəcək. Sonra alınmadı. Dəfələrlə vaxt verdim. Deyirdi ki, pulu başqa vəzifəli şəxsə verib. Gətirib qayataracaq, amma qaytarmadı"- deyə şahid bildirib.

Məhkəmədə dindirilən Sənubər Rzayeva isə başqa vədlə aldadılıb.

Rzayeva bildirib ki, Bəhruz Quliyev müstəntiq olub: "Oğlum dava eləmişdi. Onun barəsində cinayət işi açılmışdı. Həmin iş də Bəhruzun icraatında idi. Xuliqanlığa görə həbs ediləcəkdi.10 min pul verdik ki, tutulmasın. Oğlum özü də yaralanmışdı, 5 bıçaq zərbəsi almışdı. İşə xitam verəcəkdi. Amma işə həll eləmədi".

Məhkəmədə şahid qismində Zeynal Zeynalov da dindirilib. O, isə qohumunu həbsdən çıxarmaq üçün Bəhruz Quliyevə 23 min manat verdiyini deyib. Zeynalov pulunu geri ala bilmədiyini söyləyib.

Bu epizodlar üzrə Bəhruz Quliyev danışmaq istəməyib. Söyləyib ki, hazırkı mərhələdə ifadə vermək istəmir. O, növbəti prosesdə məhkəməyə vəsatətlər təqdim edəcəyini söyləyib.

Məhkəmə iclası may ayının 29-da davam etdiriləcək.

Qeyd edək ki, Bəhruz Quliyev sabiq polis əməkdaşıdır. Onun barəsində Cinayət Məcəlləsinin rüşvət alma, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.