Ölkədəki pirlərin sirrini bilən Həmid Herisçi danışdı

12-06-2019, 08:26           
Ölkədəki pirlərin sirrini bilən Həmid Herisçi danışdı
“Beyləqandakı ”Zəncirli pir"də qızcığaz qəfildən çox qədim dildə danışmağa başlayıb, Moskva alimləri gəlib öyrəniblər, bizsə belə möcüzələrə ironiyalarımızla məşhuruq"
Vaxtilə ANS-də “Gizli Azərbaycan” proqramının müəllifi, konspiroloq-yazıçı Həmid Herisçi pirlərdən, ocaqlardan araşdırmalar təqdim edirdi.

Onunla söhbətimizi aktuallaşdıran bu günlərdə Goranboyda seyid Miribiş ağanın evinə toplaşanların onun papağını, qaloşunu başlarına sürtməsidir.

Həmin videokadrlar yayılıb, geniş müzakirə açıb, Qafqaz Müsəlmanları İdarəsi isə bu ritualı xürafat adlandırıb.

H.Herisçi “Yeni Müsavat”a müsahibəsində ilk pirlərin necə yaranması, mistikası, cazibə qüvvəsi, Azərbaycandakı pirlərin sirri haqda danışıb.

- Həmid bəy, siz uzun müddət “Sirli Azərbaycan” layihəsində pirləri araşdırmısınız. Haradan gəlir bu pirlər?

- Qədim Yunanıstanda adına asklapion deyilən ziyarətlər, şəfa ocaqları zənciri mövcuddur. Oradakı ayinlər aşağı-yuxarı bizim pir ocaqlarındakı mərasimlərlə eyniyyət təşkil edir - orada da qurban kəsdiyin heyvanın dərisinə bükülürdün, orada da pir yuxusuna dalırdın.

Yuxuda gördüklərini ordakı həkimlərə danışırdın. Bunun əsasında xəstəyə müalicə təyin edilirdi. Bu ocaqlarda zəhərli ilanlar da olurdu.

Bu zəhərdən də müalicə üçün istifadə edilirdi. Asklapionlarda adətən həmişə endemik-yəni nadir flora-fauna nümunələri də mövcuddur.

Bu sistem indiyədək qalmasa da, oxşar müalicə üsulları Azərbaycanda hələ də diridir. Niyə? Çünki Yunanıstandakı bu sistem görünür kənar təsirdən yaranmışdı. Azərbaycanda bu sistemin indiyədək varlığı göstərir ki, Yunanıstandan fərqli olaraq, bizdəki asklapionlar əsldi, həqiqidi, ilkindi. Belə olmazsa, həmin ocaqlar indiyədək qalmazdı. Yalançı pirlərin ömrü az olur.

- Məsələn, hansı yalançı pir xatırlayırsınız?

- İsmayıllıda yadıma gəlir, bir nəfər özü üçün yalançı pir qurmuşdu. Buna cavab olaraq ərazisində “yalanqoz” adlanan bitki yetişmişdi. Yalanqoz, zahirən qoza bənzəyir, ancaq qoz deyil. Yəni təbiət özü həmişə bu yalanlara cavab verir.

Bizim pirlərdə iki şəfaverici məlhəm olur, onlara tutiyə də deyirlər. Əl-kimya, mələk tükü deyilən kosmik mənşəli maddədən hazırlanır. Bu, səma içkisidir. Bir də var, tutiyələr. Sonuncular kosmik deyil, dünyəvidir, torpaq mənşəlidir. Avropa ölkələrində, Rusiyada bu cür “mələk tükləri” üstə alimlər indiyədək mübahisə aparırlar.

Yəni pirlərdəki arterfaktlar, içkilər, kəşfü-kəramətlər indi alimlər tərəfindən intensiv öyrənilir. Azərbaycanda bununla bağlı ciddi araşdırmalar sıfır səviyyəsindədir. Bizim əksər ocaqlarda gizli-açıq mumiyalar da mövcuddur. Belələrindən ən şəfalısı Mərəzədəki “Diri baba” ocağındaymış. Hər il bu mumiya saxlancdan çıxarılır, Novruz bayramı günü təzə ağ köynəyə bükülərmiş. Bu barədə Ada Olearusun səyahətnaməsində xeyli məlumatlar mövcuddur.

Ancaq 18-ci əsrin son rübündə Şıx Eyyub adlı bir başqa kəşfü-kəramət sahibi dedi ki, Diri baba mumiyası şeytandandır. İslama ziddi bu. Xalq da götürüb bu mumiyanı elə həmin ünvanda torpağa basdırdı.

Əksər Azərbaycan pirlərində bu cür mumiyalar var. Çoxusu gizlidir. Mücavirlər bu mumiyalarla təmasda olurlar. Qəribə mövzudur...

- Qəribəliyi nədədir?

- Məsələn, Cəlilabadın “Üç kimsənə” məzarlığında üç mükəmməl mumiya var. Gecələr öz-özünə gəzən Zərifə adlı bir xanım, onları yuxudaykən hələ 1959-cu ildə aşkarlayıb. İndi də bu mumiyalardan ayrılmayan həmin qadın o ünvanda yaşayır. Üzünü örtüb, hər adamla görüşmür...

Bir də bizim pirlərdə anabioz faktoru mövcuddur. Anabioz müvəqqəti ölüm deməkdir. Heyvanlarda, qurd-quşlarda rastlanan bu fenomen Naxçıvanın “Əshabü-Kəhv” ocağında mövcuddur. Bu şəxslərə, bu mumiyalara “Yedi kimsənə” də deyiblər.

Xristian ədəbiyyatında da bu 7 müqəddəs barədə xeyli əfsanələr rastlanılır. 28 iyul tarixində guya bu mumiyalar qəfil diriliblər. Quranın 18-ci Əl Kəhv surəsi də bu mövzu ilə əlaqədardı.

Alimlər bu anabioz faktorunu ciddi öyrənirlər. Oxşar diri mumiyalar Rusiyada, Çində, digər ölkələr də də mövcuddur.

- Bəs bizdə necədir?

- Bizdə müqəddəs labirintlər də var. Onlara el arasında keştəməz deyilir. Bu labirintləri keçib şəfa tapmaq mümkündür. Hacı İsmayıl Kürdəmirli misal üçün 19-cu əsrin ilk rübündə Həcc səfərinə gedir. Qayıdanbaş Bağdadda məşhur kəşfü-kəramət sahibi Şeyx Xaliddən dərs alır.

Onlar mükaşifələr edib, öncəgörmələrə çatırlar, zamanda səyahət edirlər -buna teyyül - ərz də deyilir. Öncəgörmələrində Şeyx Şamili, Cəmaləddini, Yaraqi kəndini görürlər. Sonra bu Hacı İsmayıl Kürdəmirli qayıdır Kürdəmirə. Dağıstanın bir də görür, həmin Yaraqi kəndindən bir elçi gəlib - adı da eşitdiyi kimi Cəmaləddindin, Xas Məmməddir və Şamildir.

Bu möcüzə Qafqaz qazavatının ilk epizodu sayılır. Şeyx Şamil özünün rus bioqrafına bu səhnəni danışıb. Etiraf edib ki, məhz bu möcüzə, qeybdən gəlmiş işarə kimi, onu mübarizəyə qaldırdı. Gördüyümüz kimi, pirlər, ocaqlar sadə yerlər deyillər. Razıyam ki, orada yalançılar da ola bilər. Pirlərdə “plasebo” effekti var. Bu, bomboş həbdir. Ancaq inanclı insanlar bu boş həbi içdikdə şəfa tapırlar. Siz deyən ünvanlarda bu affekt var yoxsa yoxdur, deyə bilmərəm. Burada səyyar araşdırmalar lazımdır.

- Siz o vaxt Beyləqanda Cərcis peyğəmbər məqbərəsinə getmişdiniz, “zəncirli pir”i çəkmişdiniz. Onun sirri nə idi?

- Zəncirli pirə gəldikdə, oradakı zəncir gümbəz tikintisi zamanı işlədilib. Dünyadakı əksər gümbəzləri, o cümlədən Aya Sofiyadakı gümbəz də oxşar zəncirlər vasitəsilə inşa edilib.

Əvvəl dörd divar hörülür, düz ortasına paya basdırılır. Payanın üstündəki zəncir sonra divarboyu yuxarı qaldırıldıqca əyri qövs təşkil edir.

Zəncirli pirdəki gümbəz oxşar texnologiya ilə tikilib. İnşaatdan sonra onun bir ucunu gümbəzin düz riyazi ortasına bərkidib, ayağını payadan ayırıblar. Bu zəncir, binanın-gümbəzin düz riyazi, həndəsi ortasındadır.

Bu səbəbdən ən incə tərpənişlərə belə reaksiya verir. Xalq bu mütənasibliyə möcüzə kimi baxır, ona niyyət edir.

Bu ocaqda bir dəfə “ksenoqlossiya” fenomeni qeydə alınıb. Yəni bir gün oradakı bir qızcığaz qəfildən çox qədim bir dildə danışmağa başlayıb. Moskva alimləri fenomeni gəlib öyrəniblər.

Əshabü-kəhv də Moskva alimləri tərəfindən öyrənilib. Bu tədqiqatlara bu gün Avropa ölkələri, Rusiya maraqlıdır. Bizsə belə möcüzələrə həmişə öz ironiyalarımızla məşhuruq.

- Bəs bu Goranboydakı Miribiş piri, oradakı ziyarətçilərin qaloşu, papağı başlarına sürtməsi xürafatlıq deyil?

- Yenə də deyirəm, bizdəki paranormal ünvanlar elm tərəfindən tədqiq edilməyib. Bizdə hətta ufalogiya, yəni yadplanetli izlərini öyrənən elm sahəsi də yoxdur. Bu səbəbdən mövzuya dəqiq təyinatımı verə bilmərəm.

Belə ünvanlar adətən xüsusi testlər vasitəsilə tədqiq edilir. BMT-də, Harvard Universitetində araşdırılır.

Habelə digər elm ocaqlarında dediyiniz oxşar mövzular araşdırılır. Azərbaycanda buna elmi yanaşmalar sərgilənməyib. Ortada böyük ağ ləkələr var. Parapsixologiya elmi üzrə mütəxəssislər bizdə yoxdur.

Bu cür ünvanların monitorinqi yoxdur, rəyimi ancaq bu tədqiqatlardan sonra verə bilərəm. Ancaq bilirəm ki, Azərbaycanda əsl möcüzəli insanlar, möcüzələr mövcuddur. Di gəl ki, adam bu haqda danışmaq istəmir. Mövzu çox mübahisəlidir. Vaxtilə bu ocaqları bittə-bittə gəzmişəm, nəticələri bölüşmək fikrində deyiləm.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.