"Korrupsiyanın tüğyan etdiyi ölkədə inkişaf olmur..." - Deputat

26-06-2019, 09:50           
"Korrupsiyanın tüğyan etdiyi ölkədə inkişaf olmur..." - Deputat
Dünən bəlli oldu ki, Ukraynanın yeni seçilmiş prezidentinin 12 727 qrivni, yəni 819 manat olan aylıq məvacibi inanılmaz dərəcədə aşağıdır. Belə çıxır ki, Azərbaycanda nəinki mərkəzi icra hakimiyyəti orqanında çalışan, hətta yerli icra hakimiyyətindəki bəzi məmurlarımız Zelenskidən çox maaş alırlar.

Əslində bu cür məbləğ Ukraynada korrupsiyanın mövcud durumunu əks etdirmirmi? Yüksək məvacib insanın tərbiyyə olunmasında, gözütox olmasında həlledici amildirmi? Görəsən, Zelenski bu maaşla ölkəni total korrupsiya bataqlığından xilas edə biləcəkmi?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyir ki, populizmlə uzağa getmək olmaz:

"Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün hakimiyyət təmsilçilərinə onların layiqli həyatını təmin edəcək qədər məvacib verilməlidir. Əks halda məmurlar nəzarətedici orqanların əməkdaşları ilə cinayət əlaqəsinə girib büdcə vəsaitlərini oğurlayaraq, biznes adamlarını soyacaqlar.

Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq. Elçibəy nümunəsi göz önündədir.

Korrupsiyanın tüğyan etdiyi ölkədə isə iqtisadi inkişafdan və qanunun aliliyindən söhbət gedə bilməz. Populizmlə uzağa getmək olmaz. Korrupsiyanın qarşısının alınması üçün Sinqapur təcrübəsi öyrənilməlidir.

Məmurun maaşından edilən qənaətdən milyon dəfələrlə artığı oğurlanacaq. Oğurlanan pullar isə camaatın cibindən çıxarılır, əlavə ağırlaşdırıcı təsiri isə mənəviyyat pozulur, iqtisadiyyat inkişafdan qalır. Məmurların maaşının qaldırılmasına qarşı çıxanlar bu sadə həqiqəti dərk edə bilsələr yaxşı olar". /Moderator.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.