Bakı bazarları “od tutub yanır”: “Uşaqlar evdə meyvənin dadını bilmir, gücümüz çatmır almağa” -REPORTAJ

2-07-2019, 20:58           
Bakı bazarları “od tutub yanır”: “Uşaqlar evdə meyvənin dadını bilmir, gücümüz çatmır almağa” -REPORTAJ
Ötən illərlə müqayisədə bu il Azərbaycanda meyvə və tərəvəz qiymətlərində kəskin bahalaşma müşahidə olunur.

"Bakupost”un əməkdaşı həm bazarlarda meyvə-tərəvəzin qiymətlərini araşdırmaq, həm də bahalaşmanın səbəblərini elə satıcıların özündən öyrənmək məqsədi ilə Bakının ən böyük bazarlarından olan "Yaşıl bazar” və "Təzə bazar” olub.

Bazarda apardığımız müşahidələr və satıcıların söhbətləri onu deməyə əsas verir ki, həqiqətən də ötən illə müqayisədə bu il meyvə-tərəvəz qiymətləri od-tutub yanır. Bəzi meyvələrdə hətta 2-3 dəfə bahalaşma müşahidə edilir.


Satıcılar da deyir ki, qiymətlər hədsiz baha olduğu üçün hazırda əhalinin alacılıq qabiliyyəti də kəskin aşağı düşüb: "Düzdü, satdığımız məhsullar əlimizdə qalmır, amma insanlar da istədikləri şeyləri ala bilmir. Məsələn, bu kişi kartof satır, mən isə meyvə. O həftədə bir dəfə güclə meyvə alır, ya yox. Mən də elə. Bunun səbəbi isə insanların qazandıqları ilə məhsulların qiymətlərinin uyğun olmamasıdır. Hələ meyvə mövsümüdür, ancaq indidən bunların qiyməti belə bahadırsa, gör bir azdan necə olacaq?” – deyə bir neçə ildir "Yaşıl Bazar”da ticarətlə məşğul olan Rahim kişi bildirir.

Bazarda qiymətlərin niyə bu qədər baha olduğu barədə isə deyir ki, məhsulu onlar da topdan satış məntəqələrindən baha qiymətə alırlar: Biz də hər şeyi baha alırıq. Üzərinə çox cüzi bir məbləğ qoyub satmağa çalışırıq ki, əlimizdə qalmasın, yoxsa ziyan edərik. Bəzən elə olur ki, məhsullarımız əlimizdə qalmasın deyə ziyanına da satırıq. Nə edək axı?”.


Hər iki bazarda da fikirlərini öyrəndiyimiz alıcılar da təxminən eyni şeylərdən gileyləndilər; qiymətlər çox bahadır, hər şeyi almağa imkanları çatmır, bir çox məhsulları nübar belə etməyiblər: "Ayda 300-400 manat alırıq. Bütün pulumuzu meyvə və tərəvəzə verəsi deyilik ki? Gəlirik, ehtiyacımız olan şeyləri alırıq. Amma ürəyimiz istəyən şeyləri almağa pulumuz yetmir. Adicə gilas 5-6 manatadır. Bu il gilas almamışam evə. Gilas alana qədər, üstünü düzəldib ət alaram. Bu da bir günlük yeməyimizdir. Həmişə 30-40 qəpiyə olan soğan indi 1 manatdan aşağı tapılmır. Mən hələ zəruri şeyləri deyirəm. Hər kəsin evində uşağı var. Onlar qarpız, yemiş, albalı, gilas istəyir. Uşaq anlamır ki, imkan yoxdur. Heç olmasa, qiymətləri aşağı olsa, hərəsindən biraz alarıq, evdə uşaqlar meyvənin dadını bilər. Bir dəfə bazarlıq elədin, bir də getdi maaş alınan vaxta. Bazar qiymətləri varlıların cibinə uyğun qoyulub, bəs kasıblar? Mən satıcıları da anlayıram, onlar da baha aldığları üçün baha da satır”. Rəf-rəf gəzib bazardakı ən aşağı qiymətləri tapmağa çalışan Nübar xala sanki bazarlığa gəlmiş hamının ürəyindəki sözləri dilə gətirirdi.


Satıcı və alıcılarla ümumi söhbətimizdə isə məlum oldu ki, bu il ən çox bahalaşan meyvə-tərəvəz gilas və soğandır. Keçən il ən yüksək həddi 2-3 manat aralığında olan gilas bu il hələ ki, 5 manatdan aşağı düşməyib. Bəzi növləri isə ümumiyyətlə 7-8 manata satılır.
Soğan isə keçən 30-50 qəpik aralığında idisə, bu il 0,80-1,50 manata satılır.

İndi isə sizə Bakıdakı ortalama meyvə və tərəvəz qiymətlərini təqdim edirik.

Pomidor – 2-1.50 AZN
Xiyar - 1,-0.80
Yemiş - 1.20, 1.50
Qarpız - 0.50, 0.70
Göyərti - 0.15
Bibər - 2, 1.5
Armud - 5,6
Alma- 2-2.5
Badımcan – 1-1.20
Kök – 1
Banan – 2.50-2.20
Soğan – 0.80-1.50
Kartof – 0.80-1.20
Sarımsağ- 1.50-3
Gilas – 5-9
Şaftalı – 4-5
Ərik – 3-5
Paxla - 1.50-2
Alça – 6-8












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.