Xaricdə doğulan uşaqların vətəndaşlığı haqqında – ARAŞDIRMA

3-07-2019, 06:38           
Xaricdə doğulan uşaqların vətəndaşlığı haqqında – ARAŞDIRMA
Azərbaycan vətəndaşı olan və xaricdə yaşayan valideynlər xaricdə anadan olmuş və ya Azərbaycanda anadan olmuş lakin şəxsiyyət vəsiqəsi və pasport almadan valideynlərinin pasportuna şəkilləri yapışdırılmaqla xaricə aparılmış uşaqlarına konsulluqlarda Azərbaycan Respublikasının pasportunu almaq üçün qəsdən problem yaradıldıqlarını bildirirlər.
Azərbaycanda doğulan və şəxsiyyət vəsiqəsi almadan xaricə gedənlərdən konsulluqlar, şəxsiyyət vəsiqəsi tələb edir və bildirirlər ki, şəxsiyyət vəsiqəsi olmayan şəxsə pasport vermək olmaz. Xaricdə doğulan uşaqlara münasibətdə isə bildirirlər ki, əvvəl uşağın vətəndaşlıq mənsubiyyəti müəyyən olunmalıdır, sonra pasport məsələsinə baxılmalıdır. Hər iki halda verilən cavab qanunsuz və əsassızdır.

► Bəs əslində necə olmalıdır?


Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumvətəndaş pasportunun verilməsi üçün 18 yaşı tamam olmayan vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
• 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;
• vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
• dövlət rüsumunun ödənilməsi barədə sənəd;
• qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
• valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürənin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Qanunun məzmunundan görünür ki, pasport təkcə şəxsiyyət vəsiqəsi əsasında deyil, həm də fərdi identifikasiya kartı əsasında verilməlidir. Belə ki, hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşı tamam olmayan uşağa valideynlər pasport almaq üçün səfirliyə müraciət edən zaman şəxsiyyət vəsiqəsi olmadığı halda ona əvvəl fərdi identifikasiya kartı sonra isə ümumvətəndaş pasportu almalıdırlar.

Fərdi identifikasya kartının alınması qaydası
Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən və ya doğulduğu ölkənin müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsı olan uşaqlar üçün fərdi identifikasıya nömrəsinin rəsmiləşdirilməsı üçün konsulluğa müraciət olunmalıdır. Yeni doğulmuş uşaqlara isə fərdi identifikasıya nömrəsini konsulluq uşağa doğum haqqında şəhadətnamə verdiyi vaxtda rəsimləşdirilməlidir. Bu barədə vətəndaşı konsulluq əməkdaşı məlumatlandırmağa borcludur , çünki bu konsulluğun qanunla müəyyən olunmuş vəzifəsidir. Fərdi identifikasiya nömrəsinin açılmasına üçün valideynlər ərizə ilə səfirliyə müraciət etməlidirlər. Həmin ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
1. doğum haqqında şəhadətnamə;
2. valideynlərin şəxsiyyət vəsiqələrinin və ya pasportlarının surəti;
3. Uşağın xaricdə yaşamasını və ya olmasını təsdiq edən sənədin surəti.
Bu sənədləri təqdim edən şəxsin vətəndaşlıq mənsubiyyəti əslində heç bir halda araşdırıla bilməz. Konsulluqlardan birinin bu barədə vətəndaşa cavabını nümünə ücün diqqətinizə çatdırırıq.

► Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi


Konsulluqlar övladlarına pasport almaq üçün müraciət edən vətəndaşlara bəzən qanunsuz olaraq uşağın vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsinin zəruriliyini bildirirlər. Valideynlər də bu qanunsuz tələbə əsaslanaraq vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün tələb olunan sənədləri toplayıb səfirliyə verir. Səfirlik sənədləri Xarici İşlər Nazirliyi vasitəsi ilə Dövlət Miqrasiya Xidmətinə göndərir. Bu da aylarla vaxt və əlavə xərc deməkdir.
Qanunvericilik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün konkret əsaslar müəyyən edib. Həmin əsaslardan biri də valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan, doğumu isə Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmayan şəxslər haqqındadır. Konsulluqlar bu normaya əsasən hesab edirlər ki, valideynləri Azərbaycan vətəndaşı olan uşaq xaricdə doğulubsa, valideyn isə həmin uşağa doğulduğu ölkənin qeydiyyat orqanında doğum haqqında şəhadətnamə alıb və Azərbaycan Respublikasında qeydiyyat orqanlarında qeydiyyata aldırmayıbsa bu halda uşağın vətəndaşlıq mənsubiyyəti müəyyən olunmalıdır. Əslində bu tam yanlış yanaşmadır. Səfirliyə müraciət edən və Azərbaycan vətəndaşı olan valideynlər uşaqlarının Azərbaycan Respublikasının vətəndaşının pasportunu istəyirlərsə, sənədləri qəbul olunmalı və dərhal pasportla təmin olunmalıdırlar. Çünki, bu o deməkdir ki, valideynlər iradələrini ifadə edir və uşaqlarının ölkənin qeydiyyat orqanlarında qeydiyyata alınmasını xahiş edirlər. Belə halda dərhal sənədləşmə aparılmalı və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi proseduru həmin şəxslərərə tətbiq olunmalı deyil. Hər iki valideyni Azərbaycan vətəndaşı olan şəxs övladına pasport istəyirsə, bu sahədə araşdırma aparması yolverilməzdir və qanunsuzdur. Biz əslində qanunun bu maddəsini konstitusiyaya zidd hesab edirik və Dövlət Mirasiya Xidmətinə bu məsələyə aydınlıq gətirilməsi üçün müraciət etmişik və səbirsizliklə cavab gözləyirik. Eyni zamanda hesab edirik ki, hər iki valideyini Azərbazcan vətəndaşı olan uşağın vətəndaşlıq mənsubiyyətinin araşdırılmasına yalnız həmin uşaq barədə Azərbaycan vətəndaşı olmamağı haqqında arayış istənilən yaman aparıla bilər.

► Çıxış yolu


Gələcəkdə bu problemi yaşamamaq üçün hansı ölkədə olmanızdan asılı olmayaraq, həmin ölkədə doğulan uşağınıza dərhal Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsini və onunla bərabəq fərdi identifikasiya nömrəsini almanız ideal variantdır. Əgər uşağa başqa ölkənin döğum haqqında şəhadətnaməsini almısınızsa və ya uşağı xaricə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almadan aparmısınızsa bu zaman konsulluğa fərdi identifikasıya kodu almaq üçün müraciət edin. Konsulluq sizin müraciəti icra etməyə məcburdur. İcra etmədiyi halda rəsmi və əsaslandırılmış cavab tələb edin.

Araşdırma Almaniyada fəaliyyət göstrən “Leqat” inteqrasiya mərkəzi tərəfindən hazırlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.