Banklara inamı sarsıdacaq qərar: Pullar ilbəil azalacaq - TƏHLİL

4-07-2019, 10:28           
Banklara inamı sarsıdacaq qərar: Pullar ilbəil azalacaq - TƏHLİL
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu ildən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib. Əmanətlərin Sığortalanması Fondundan bildirilir ki, iyulun 1-dək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edir. Qeyd olunub ki, bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Göstərilən tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Qeyd edək ki, may ayında fiziki şəxslərin banklardakı əmanətləri 97,6 milyon manat azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına əsasən, 2019-cu ilin aprel ayının sonunda 8 milyard 625,2 milyon manat təşkil etmiş əmanətlər may ayının sonunda 8 milyard 527,6 milyon manata düşüb. May ayında müddətli əmanətlər 88,9 milyon manat azalaraq 5 milyard 380,8 milyon manata, tələbli əmanətlər isə 8,7 milyon manat azalaraq 3 milyard 146,8 milyon manata geriləyib. Mart ayı ilə müqayisədə apreldə fiziki şəxslərin əmanətləri 371 milyon manat və ya 4,5 faiz artıbdı. Apreldəki artım əsasən banklara müddətli əmanət yerləşdirilməsi ilə bağlı idi. Belə ki, apreldə müddətli əmanətlər cəmi 4 milyon manat, tələbli əmanətlər isə 367 milyon manat artıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 270 milyon manat, o cümlədən müddətli əmanətlər 5 milyard 479 milyon manat, tələbli əmanətlər 2 milyard 791 milyon manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə ilk 5 ayda müddətli depozitlər 98,2 milyon manat azalıb.

Maraqlıdır, illik faiz dərəcəsinin aşağı salınması hansı valyutada əmanətləri sərfəli edir?

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, 1 iyuldan etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10 faizdən, xarici valyutada isə 2,5 faizdən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu, əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığorta olunmayacaq və onlara görə kompensasiya ödənilməyəcək:

“Nəzərinizə çatdırım ki, 1 iyul 2019-cu ilədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edirdi. Məsələn, vətəndaş əgər banka 15 faizlə əmanət yerləşdirmişsə, müqavilə müddətinin sonunda ya əmanətini bu dəfə 10 faizlə yerləşdirməli, ya da onu geri götürməlidir. Çünki vətəndaş əmanətini təkrar 10 faizdən yuxarı həddə yerləşdirərək risk almaq istəməyəcək”.

Ekspert onu da qeyd edib ki, hazırda bankların təklif etdikləri depozit faizləri çox aşağıdır:

“Nəzərinizə çatdırım ki, xarici valyutada yerləşdirilmiş əmanət və depozit faizlərində devalvasiyadan sonra 2 dəfəyə yaxın azalma müşahidə olundu. Bu gün banklar tərəfindən manat əmanətləri 6-12 faiz diapazonunda qəbul olunur. Dollar əmanətləri isə 0,01-3 faiz diapazonunda cəlb olunur. Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi 1,25 faiz təşkil edir. Aylıq inflyasiya dərəcəsini nəzərə alsaq, nəinki dollar və avro ilə əmanət faizləri, heç manat üzrə əmanət faizləri də sərfəli deyil.

Onu da qeyd edim ki, son devalvasiyadan sonra zatən vətəndaşlarımızın çoxu əmanətlərini banklardan geri çəkdilər. Əhalinin milli valyutada əmanətlərinin həcmi 49,2 faiz azaldı. Həmin tarixdən sonra demək olar ki, hər il azalma dinamikası müşahidə olunur. Bu son qərar isə insanlarımızın banklara olmayan marağını daha da azaldacaq. Depozit həcminin azalması banklar üçün ilk öncə likvidlik probleminin əsasını qoyur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.