Şah İsmayıl və Əlvənd Mirzənin TARİXİ MƏKTUBLAŞMALARI - İmperiyanı yüksəlişə aparan yazışmalar

8-07-2019, 16:58           
Şah İsmayıl və Əlvənd Mirzənin TARİXİ MƏKTUBLAŞMALARI - İmperiyanı yüksəlişə aparan yazışmalar
Şah İsmayıl vətəni birləşdirmək və bütövləşdirmək uğrunda çıxdığı yolda önünə çıxan bütün maneələri dəf edərək irəliləyirdi.

Bütün bunlar hər kəsə bəlli olduğundan bu barədə geniş danışmağa gərək yoxdur. Bu yolda Şah Xətainin bir çox döyüşləri olmuşdur. Şahın belə qarşılaşmalarından biri də Əlvənd Mirzə ilə olub...

Əlvənd Mirzə Şah İsmayılın uğurları və qələbələrini eşidən kimi dövlətin başbilənlərini məşəvərətə toplayır və qərara gəlirlər ki, Şah İsmayıla nəsihatamiz bir məktub göndərsinlər. Bu istəklə Əlvənd Mirzə Şah İsmayıla məktub yazır, Şah da ona cavab məktubu göndərir. İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin araşdırmalarından əldə etdiyimiz hər iki məktuba heç bir şərh, izah vermədən təqdim edirik:

“Ucaməqamlı, dinin pənahı Şah İsmayıla məlum olsun; Allahın istəyi belə idi ki, sən döyüş meydanına qədəm qoyasan: əgər sən Həsən padşahın övladlarındansansa, nə üçün sənin təbəən olmağa çalışmayaq? Dostluğun və qohumluğun qaydası bu deyildirmi ki, biz dostluğun qarşısından biganəliyi kənar edək? Bizim səninlə müharibə etmək və səndən ayrılmaq fikrimiz yoxdur. Çünki sən bizim atamızın və öz babanın qanını almağa getdin, Fərrux padşahı qətlə yetirdin və Şirvanı tutdun. Biz də Həmədan ölkəsini sənə bağışladıq. Qayıt və Şirvana get, dövlətə başçılıq etməklə məşğul ol: hara istəyirsən get, xarici ölkələri tutu. Əgər sənə zərər dəysə, kömək istəsən göndərərəm. Sən yad olmadığın üçün sənin çıxıb getməyinə razı olduq. Bu sözlərimi mənim zəifliyim kimi yozmaqdan çəkin, çünki sülh müharibədən yaxşıdır. Ona görə bu qədər mübaliğə etdik, yoxsa sabah qoymarıq ki, irəli bir addım da atasan. Biz də 30 min nəfərlə sənin qarşında dayanmışıq və Allahın iradəsi ilə baş verə biləcək hər şeyə şükr edirik.”

Məktub Şah İsmayıla çatan kimi cavabının yazılmasını buyurdu:

“Sözümün canı budur: Əlvənd padşaha məlum olsun ki, Həsən padşahın övladlarından Şeyx Səfiəddinin övladlarına çox haqsızlıq və mürvətsizliklər edilmişdir; bu qədər əzaba baxmayaraq mən babamın, atamın və qardaşımın qanından keçdim. Bizə məsum imamların (c) haqq məzhəbinə rəvac vermək lazımdır. Və nə qədər canım var, dini-mübin yolunda haqq öz yerini tapıncayadək qılınc çalacağam. Gərəkdir ki, sədaqə və düzgün əqidə ilə o həzrətlərin ətəyindən tutaraq (onlara inanaraq), dilinə gözəl “Əliyün vəliyullah” (Əli Allahın vəlisidir) kəlməsini gətirəsən ki, müstəqil padşah olmaq sədaqətinə çatasan. Tutduğum hər ölkədə sənin adına sikkə zərb edərəm və xütbə oxutduraram və səni öz böyük qardaşım bilib sənin yolunda qılınc çalaram. Əgər bu səadəti tapmasam (yəni buna razı olmasan) səndən günahsız qardaşımın qanını almağım xoş (halal) olacaqdır.Özün bilərsən, sənin üçün hansı daha yaxşıdır, mənə bildir!”

Əlvənd Mirzə Şah İsmayılın cavab məktubunun məzmunundan xəbərdar olan kimi başa düşdü ki, o bu bihudə sözlərlə döyüş medyanından çəkilməyəcəkdir. Və nəticə etibarilə Şah İsmayılın ordusu ilə üz-üzə gələn Əlvənd Mirzə döyüşdə məğlub olaraq qaçır.
redaktor.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.