Məşhur sufi elm aləminə meydan oxuyur:"Qəbul olunmuş qədim tarix tam cəfəngiyyatdır!"

9-07-2019, 07:48           
Məşhur sufi elm aləminə meydan oxuyur:"Qəbul olunmuş qədim tarix tam cəfəngiyyatdır!"
Keçən əsrin ortalarında dünyada, qədim tarixin araşdırılması ilə bağlı yeni istiqamət başladı. Əsrin axırına yaxın isə bu işə artıq riyazi təfəkkürlü elm adamları da qoşuldu və onlar tarixi mənbələri riyazi hesablamalarla araşdırmağa başladılar. Bu alimlərin başında, dünyanın riyaziyat üzrə ən güclü ilk onluğuna daxil olan akademik A. T. Fomenko dururdu. O özünün “İmperiya” kitabında qəbul olunmuş tarixin başdan-ayağa cəfəngiyyat olduğunu öz araşdırmaları və riyazi hesablamalarla sübut etdi. Fomenkonun gəldiyi nəticə o oldu ki, bütün qədim yazılar cəfəngiyyatdır və onlar xüsusi məntiqlə düzüb qoşulmuşdur. Lakin Fomenko bu yazıların məntiqini dərk edə bilmədi və o “məhv etdiyi” tarixi boşluqda rusları önə çıxarmaq istədi ki, bu da onun yazılarına kölgə saldı. Qəbul olunmuş tarixin tam yanlış olması qərarına sonralar Avropa alimləri də gəldi və bu haqda yeni yazılar yazılmağa başlandı.

Həqiqətən də istənilən qədim mənbələrdə bəzən elə faktlar qeyd olunur ki, onların izahını bu günkü məntiqlə vermək mümkün deyil. Mənbələrdə, insan bədəninin ərazi kimi göstərilməsi, insanın dəniz atını minməsi, Xəzər dənizinin okeanın yanında göstərilməsi, əcdadımız Şah İsmail Xətainin adamyeyən olması və s. yazılı məlumatların bu günkü məntiqlə izah yoxdur. Deməli, qədim yazılara bu günkü məntiqlə yox, bu yazıları yazmış qədim müdriklərin öz məntiqi, öz “dili” ilə yanaşmaq lazımdır. Bu məntiq isə ən qədim mənbə sayılan Tövratın “dili” ilə başlayır. Tövrat kitabı ona görə ən qədim mənbə sayılmalıdır ki, yəhudi müdriklərinə görə, Allah “Dünya”nı - Tövrat kitabına baxaraq yaratmışdır. Başqa sözlə, bu kitab “Dünya”nın yaradılışı ilə yaşıddır.

Bu gün artıq sirr deyil ki, Tövrat kitabı yalnız samitlərlə yazılmışdır və hər bir samit də burada xüsusi məna daşıyan rəmzdir. Mənbələrə görə, sonradan bu rəmzlər dili 70 dilə parçalandı. Bu parçalanma isə təbii ki, Babil qülləsi tikilib qurtardıqdan sonra, “Dünya”ya səpələnmiş insanlarla bağlıdır və dillərin 70 yerə bölünməsi də, Babil qülləsinin sirlərini insanlardan gizli saxlamaq məqsədini güdürdü. Babil – “Allahın qapısı” deməkdir və Allah da bildiyimiz kimi göylərləbağlıdır. Başqa sözlə, Babil qülləsi - göydəki Allahın Eli ilə fiziki aləmin birləşdiyi qaladır. Biz bu qalanı cənnətin qapısı da adlandıra bilərik. Sirlərin insanlardan gizli saxlanması isə, Babili tikmiş ali insanların adi insanlardan fərqli yaradılışı ilə bağlıdır. Tövratdan bilirik ki, Allah ilk olaraq Adəm nəslini və sonra isə adi insanları yaratmışdır. Mənbələrdə Adəm nəsli - göy insanı, adi insan nəsli isə yer insanı adlanır və bu haqda mən kitab və məqalələrimdə geniş yazmışam.

Mətnlərə görə, Babil qülləsini - Şərqdən (Albaniya) gələn və bir dildə danışan Assur amoreyləri, yəni Azəri marları olan midiyalılar Sennaarda (Sünik) tikmişlər. Bu o deməkdir ki, tarqum (türk) dilində, Aşuri (Azəri) yazısı ilə yazılmış Tövrat – Azəri türklərinin kitabıdır və göy insanı dedikdə də, Adəm və onun obrazı və bənzəri kimi yaradılmış bu müqəddəslər nəzərdə tutulur. Allah sonradan Azərilərin bu ilk rəmzlər dilini 70 yerə böldü ki, adi insanların sonrakı nəsli, Allahın yaradılış sirlərini bilməsinlər. Belə çıxır ki, Azəri türklərinin dili – bütün dillərin kökündə durur və məhz bu dil vasitəsi ilə İlahi sirlərə bələd olmaq mümkündür. Mənbələrdə İlahi sirlər dedikdə, Kamil İnsanın, cənnətin və s. yaradılması ilə bağlı sirlər nəzərdə tutulur.

“Türk” (TRK) sözü – tərikə (TRK) yolunu gedən, yəni sufizmin kamillik pillələrini qalxan deməkdir. Bu pillələrin sonunda isə sufizmin Bəqa səviyyəsi və İlahla vəhdət durur. Son nəticə insanın bəgə, yəni rus və iranlıların Boq/Baqa adlandırdığı Allaha çevrilməsidir. Məhz bu yolla Azəri türk seyid-bəglərinin (şad bəglər) əcdadı olan Bəkdüz Əmən – Ra-Amon (Rəhman) adlanan Allaha çevrilmişdir.

Dünyaya səpələndikdən sonra, 70 müxtəlif dildə danışan xalqlar bütün ədəbiyyatlarını, Allahın Sünik Azərbaycanında yaratdıqlarına həsr etməyə başladı. Lakin sufi-batinilərdə Allah dedikdə, yaradılışdan əvvəl gələn və axirətdə gələcək Allah nəzərdə tutulur. Başqa sözlə, bütün qədim ədəbiyyat - Allahın əvvəldə yaratdıqlarına və axirətdə yaradılışı tamamlayacağına həsr olunmuşdur.

Sufi məntiqinə görə, bu dünyada hər şeyi Rəhman Allah Tək yaratmışdır və onun heç bir şəriki yoxdur. Allah, bütün olacaqları da əvvəlcədən Lövhi-Məhfuzda yazmışdır ki, bütün insanların taleyi də məhz bu əzəl yazıda əvvəlcədən müəyyənləşdirilmişdir. Başqa sözlə, insan faktiki olaraq əzəl yazıya uyğun həyat sürür. Belə olan halda adi insanların yazılarda qeyd olunmasının təbii ki, heç bir mənası yoxdur. Qədim yazılarda yalnız Allah və onun seçilmişləri – İlahla vəhdətdə olan Azər oğulları qeyd olunmağa layiq görülürlər. Çünki, onların sözü və fikri, Allahın sözü və fikri kimi təbiətə aktiv təsir edib, onu dəyişməyə qadirdir. Adi insanları isə heyvani qüvvələr idarə etdiyi üçün, onların həyat tərzi digər canlıların həyat tərzindən heç nə ilə fərqlənmir. Buna görə də onlar yazılarda qeyd olunmağa layiq görülmürlər və qədim yazıların da adi insanlara heç bir aidiyyəti yoxdur. Bütün yazılarda söhbət, Allah və onun seçilmişləri olan Azəri türk seyid-bəglərinin, pirlərinin, şıxlarının bu dünyada gördüyü işlərdən gedir. Bu işlər isə sufilərə görə, Allahın əvvəldə və axirətdə gördüyü və görəcəyi işlərdir. Mənbələrdəki müharibələr, mübarizələr isə, Allahın - yaradılış zamanı göylərlə, yəni ilkin materiya ilə “mübarizəsi”nə və axirətdə, Allahdan dönmüş Öz seçilmişləri ilə mübarizəsinə həsr olunmuşdur. Kitabi Dədə Qorqudda Allahın axirətdə öz seçilmişləri ilə mübarizəsi – “İç Oğuza Taş Oğuzun asi olub, Beyrəyin öldüyü boy” kimi göstərilir. Burada söhbət iki türk boyunun bir-biri ilə “dava”sından gedir və s.

Yazdıqlarımızdan belə çıxır ki, bütün qədim ədəbiyyat yalnız bir xalqa - Allahın bu dünyada ilk yaratdığı Asar/Assur/Azər xalqına aiddir. Mənbələrdəki bütün adlar isə, yazıların mənasını istiqamətləndirən rəmzlərdir və onları dərk etmək üçün, bu rəmzlərin batini mənalarını anlamaq lazımdır. Qədim müdriklərin bu sufi-batini məntiqini, yəni Süleyman peyğəmbərin “Quş dili”ni bilməyən adi insanlar, axirət yaxınlaşdıqca, qədim yazıların zahiri mənalarına uyaraq, özlərini müxtəlif xalqlar adlandırıb, tarixi “özünküləşdirməyə” başladılar. Təbii ki, heç bir xalq - adi xalq olmaq istəmir və hamı Allahlar nəslinin tarixini mənimsəyib, onların olmasını sübut etməyə çalışırdı. Erməni “xalqı” və ”tarixi” buna tam sübut ola bilər.

Bu gün qəbul olunmuş Azərbaycan tarixi, qədim yazıların zahiri mənasına əsasən yazılıb ki, bu da tam cəfəngiyyatdır. Zahiri mənanın əsas götürülməsinin nəticəsidir ki, erməni adlı əsli-kökü olmayan toplum, qədim mənbələrdə Azəri türk bəglərinə aid olan Ərmən rəmzini mənimsəyib, orada yazılanların onlara aid olmasını iddia edirlər. Dünya xristianları da bu məntiqlə onlara arxa olurlar. Bizim alimlərin gətirdiyi mənasız sübutlar isə təbii ki, daxili auditoriyaya yönəlib və özümüzə, alimlərimizin elmi fəaliyyətlərinin qənaətbəxş olmasını sübut etmək üçündür. Ümumiyyətlə, Azərbaycanda tarix, din, fəlsəfə və s. sahələr artıq ayrı-ayrı qrupların biznesinə çevrilmişdir. Bunu hansısa millət vəkili açıq bildirmişdi. Alimlərimiz mənasız elmi müdafiələr edir, bir-birinə elmi adlar, mükafatlar və s. verir və insanlarımıza, guya böyük elmi işlərlə məşğul olmalarını sübut etməyə çalışırlar. Əslində isə onlar bir dənə də olsun yeni söz deyə bilməmişlər.

1996-cı ildə “Qor Əman” adlı ilk kitabım çıxana qədər, tarix sahəsində yazılan elmi işlərin səviyyəsi ümumiyyətlə çox aşağa idi. Kitab və məqalələrimdın sonra isə alimlərimiz, qədim dünyanın bütün sirlərinin əsaslarını dərk etməyə başladılar və artıq ümumən düzgün istiqamətdə çalışmağa başladılar. Lakin qədim məntiqin əsaslarını anlamadıqları üçün, yenə də mənasız yazıları “elmi əsər” adı ilə xalqımıza təqdim etməyə başladılar.

2000-ci ildə Kitabi Dədə Qorqud abidəsinin 1300 illiyi keçirildi və mən də bununla bağlı öz yazılarımı verdim. Baxmayaraq ki, bu abidənin ən dərin mənalarını və əsl mahiyyətini mən açmışam, adım heç yerdə çəkilmədi. Qorqudun kimliyini, adının belə mənasını bilməyənlər isə bu tədbirdə bir-birini tərifləyib, müxtəlif adlar, mükafatlar və s. aldılar. Bu il Prezident, İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi qərarını vermişdir. “Quş dili”ndə yazan Nəsiminin bu yubileyində də təbii ki, “Quş dili”nin ümumiyyətlə nə demək olduğunu anlamayan elm xadimlərimiz, mənasız, hamının bildiyi ümumi yazılar yazıb, hökumətimizdən adlar, müxtəlif mükafatlar və s. alıb, bir-birini tərifləyəcəklər. Dünya da Nəsiminin adi Azərbaycan şairi olduğu qənaətinə gələcək. Lakin onlara başa salan olmayacaq ki, Nəsimi fəlsəfəsi elə rəmzlərlə yazılmış Tövrat, qədim Misir, Əflatun və s . fəlsəfəsidir.

Millətimizin ən böyük faciəsi, onun əksər ziyalısının hər şeyə öz şəxsi mənafe prizmasından baxmasıdır. Şərait elə gətirib ki, ətrafımızdakı bəzi xalqlar, sahib olduğumuz coğrafi və mədəni sərvətlərimizə görə bizə düşmən kəsilmişdir. Sonradan azad olmuş qul, müflis olmuş və “amneziyaya uğramış” ağalarını heç vaxt qəbul etməz və onu özünə düşmən sayar. Buna görə də, bu gün dünya xalqlaırnın bəlkə də yarısı, türkləri özlərinə düşmən sayır və onun “yaddaşının qayıtmasını” istəmir. Onların çox qorxduğu - Azərbaycanın ən qədim adı olan Azər (Asar/Assur) adının özünə qaytarılmasıdır. Çünki Azərbaycanın xalqının - qədim Assurların varisi olması ortaya çıxsa və qədim sirlər açılsa, bütün dünya xalqları tarixsiz və əsilsiz qalacaq. Dünyanın bütün hökmdarlarının isə məhz Azər oğulları olduğu bilinəcək. Bu məqsədlə onlar, öz içimizdəki “ziyalılarımıza” Azər adının çəkilməməsini məsləhət vermişlər. Bu gün sosial şəbəkələrdə - “Biz Azəri deyilik, türkük” şüarını da, “beşinci kolonnamız” bu məqsədlə ortaya atmışdır. “Türk” rəmzinin batini mənasından xəbəri olmayan alimlərimiz də, onların dediklərini təkrar edir və Azər adını yaxın buraxmırlar.

Lakin düşmənlərimiz və onların ölkəmizdəki “dostları” bilmirlər ki, bütün gələcəkdə olacaqlar, əvvəlcədən cəddimiz tərəfindən Lövhi-Məhfuzda müəyyənləşmişdir və onu heç kim dəyişə bilməz. Lövhi-Məhfuz - əzəl yazıdır və Allahın, İlahın da axirətdə əsas işi – bu əzəl yazını həyata keçirməkdir. Əgər əzəl yazının həyata keçməsi üçün, dünyanın ən ədalətli və qüdrətli ölkəsinin başına ən cahil insan gəlməlidirsə, ilkin materiya elə bir şərait yaradacaq ki, ən qüdrətli ölkəni ən cahil insan idarə edəcəkdir. Əzəl yazı - Allahın əmridir və həyata keçməsi də mütləqdir. Başqa sözlə, əzəl yazı mütləq həyata keçəcəkdir və Allahın Özünə qulluq üçün seçdiyi Azəri xalqı da ölməyəcəkdir. Bu xalq Allahdan döndüyü üçün əzab çəkməlidir və sonda xilası da mütləqdir.

Bütün bu yazılarımdan çıxan nəticə odur ki, bu gün qəbul olunmuş tarix başdan-ayağa cəfəngiyyatdır. Bu cəfəngiyyatın bilərəkdən övladlarımıza “sırınması” isə artıq gələcəyimizə xəyanətdir. Riyaziyyat müəllimi, tədris etdiyi riyaziyyat məslələrini həll edib, şagirdlərə hesab öyrədir. Əgər müəllim, tədris etdiyi fənnin misal və məsələsini həll edə bilmirsə, onu müəllim adlandırmaq, əlifbanı bilən uşağa alim demək kimi bir şeydir. Bu gün tarix, fəlsəfə, din və s. sahələrindəki müəllim, alim heyəti, bu elmlərin qarşıya çıxan suallarına izah verə bilmirlərsə, hansı müəllimlikdən, alimlikdən söhbət gedə bilər. Heç bir din xadimi - Mühiddin ibn Ərəbi, Qəzali, Sühravərdi və s. İslam dahilərini dərk edə bilmir. Heç bir filosof - Əflatun, Filon, qədim Misir və s. fəlsəfələrinin əsl mahiyyətini anlamır və sadəcə onların ümumi fikirlərini təkrarlayır.

Bunları yazmaqda bir məqsədim də odur ki, heç olmasa bizdən sonrakı törəmələrimiz, öz həqiqi tariximizi, əslimizin, kökümüzün haradan gəldiyini bilsinlər. Onlar anlasınlar ki, bu gün qəbul olunmuş tarix yalandır və bu yalanı bizə sırımaqla, əslində bizi öz həqiqi tariximizdən, kökümüzdən uzaq salmaq istəyirlər. Mən, övladlarımıza məhz sufi-batin elmini öyrənməyi məsləhət görürəm ki, onlar, müasir alimlər kimi mənbələr içində kor kimi gəzməsinlər. Onlar bilsinlər ki, bütün qədim mənbələr sufi-batini məntiqi ilə yazılmışdır və qədim yazıların batini mənalarını dərk etdikdə, insan - hər şeyin nütvündə duran ilkin materiyanın qanunları, Allah və Onun yaratdıqları haqqında dəqiq məlumatlara malik olur. Öz kökündən, əslindən xəbəri olan insan heç vaxt başqaları qarşısında əskilməz, əyilməz və öz nəslinə layiq olmağa çalışar. Onlar sirlərdən hali olsalar, bizim - dünyanın ən qədim və ən qüdrətli xalq olduğumuzu, bütün insanları bizim cəddimiz Ra-Amon Allahın yaratdığını, onların insan kimi mövcudluğuna görə məhz bizə mənəvi borclu olduqlarını anlayacaqlar. Özünəinam və damarlarımızda axan qan isə sonda bizi, dünyanın ən qüdrətli xalqına çevirəcəkdir və buna heç kimin şübhəsi olmamalıdır.

Bütün bunlar haqda daha geniş məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum “Batini-Quran” kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.