Mərkəzi Bank 10 manatlıq əskinaslarla bağlı problemə aydınlıq gətirdi - AÇIQLAMA

11-07-2019, 15:45           
Mərkəzi Bank 10 manatlıq əskinaslarla bağlı problemə aydınlıq gətirdi - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, yeni onluq əskinasların istifadəsində problem yaranıb. Belə ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır. İctimai nəqliyyatda sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.
Mərkəzi Bankdan "Yeni Sabah"-ın problemlə bağlı sorğusuna cavab olaraq bildirilib ki, yeni onluq əskinas məhdudiyyətsiz istifadə olunmalıdır:

“Azərbaycan Mərkəzi Bankı tərəfindən cari ilin aprel ayında nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbulu, eləcə də tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyası barədə ictimaiyyət məlumatlandırılıb. Bir daha bildirmək istərdik ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı Haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36.3 bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.

Açıqlamada o da qeyd olunub ki, avadanlıqların yeni pul nişanına adaptasiyası müəyyən müddət tələb edə bilər:

“Yenilənmiş 10 manatlıq hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədədir. Nağd ödəniş avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanlarını qəbulu ilə əlaqədar bildirmək istərdik ki, hazırda ölkədə kredit təşkilatlarına və qeyri-bank ödəniş təşkilatlarına məxsus 8 minə yaxın ödəniş avadanlıqları mövcuddur və bu avadanlıqların adaptasiyası müəyyən müddət tələb edir. Kredit təşkilatları və qeyri-bank ödəniş təşkilatlarından verilən məlumata görə hazırda istismarda olan nağd ödəniş avadanlıqlarının böyük əksəriyyətinin adaptasiyası həyata keçirilmiş, bu avadanlıqlar tərəfindən yenilənmiş 10 manatlıq pul nişanları qəbul edilir və verilir. Eyni zamanda, verilən məlumata əsasən qalan avadanlıqların da adaptasiya prosesləri də yaxın vaxtlarda tam yekunlaşacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.